Bu, media idarəçiliyi sahəsini xaosa apara bilər - ŞƏRH ÖZƏL

"KİVDF-nin bazasında yeni Medianın İnkişaf Agentliyinin yaradılması mövzusu ətrafında müzakirələr gedərək dünya informasiya qurumlarının da diqqət dairəsinə çıxır və bu belə də gözlənilirdi. Media-jurnalist mövzusu uzun illərdi ki, beynəlxalq dairələr üçün Azərbaycanla münasibətlərdə həssas mövzu olaraq qalır. Sadəcə, beynəlxalq dairələrin reaksiyaları əvvəlki kimi ajiotaj doğurmur, cəmiyyətimizin diqqətini demək olar ki, çəkmir. Çünki cəmiyyətimiz transmilli media korporasiyalarının əsl mahiyyətini və öz dövlətlərinin əlində "nizam pozucu" alətə çevrildiyini artıq başa düşüb. Twitter və Facebook hətta Trampın hesablarını heç bir izah vermədən bağlayandan sonra bilməyənlər də bildi ki, media azadlığı, media müstəqilliyi və media dəyərləri deyilən şeylər nisbi anlayışlar imiş, hər ölkənin öz milli və dövlət mənafelərinə uyğun media siyasəti və media həqiqətləri var, bu belə də olmalıdır və Azərbaycanda da media siyasətinin ilk olaraq bu cəmiyyətin və dövlətin prinsiplərinə , milli mənəvi dəyərlərinə uyğun olması kimi ümumi qaydaya niyə də uyğun olmasın?! Ancaq hər halda beynəlxalq media müstəvisində Azərbaycan media proseslərinə baxışların yanlış və qərəzli tərəflərini təhlil etməyə ehtiyac var. "Amerikanın səsi", BBC və sair kimi dünya media orqanları Agentlyin yaradılmasına bu və digər bucaqlardan baxış nümayiş etdirir, ölkəmizdəki bəzi ekspertlərin bəzi yanlış fikirlərini tirajlayırlar". Bunu SİA-ya açıqlamasında "Bakı Xəbər" qəzetinin Baş redaktoru Aydın Quliyev deyib.

Onun sözlərinə görə, münasibət təmayüllərindən biri budur ki, Medianın İnkişafı Agentliyi 2008-ci ildə Prezidentin təsdiqlədiyi və bu gün də qüvvədə saxlanan Konsepsiya əsasında yaradılıb: "Zahirən cəlbedici arqument kimi görünsə də, ciddi tənqidə dözümsüzdür. Hər hansı sənədin bir neçə il əvvəl qəbul edilməsi hələ onun köhnəliyinə dəlalət etmir. Bu mövqedə olan tənqidçilər özləri də "axı köhnələn nədir və Konsepsiyanın harasıdır" sualına konkret heç bir cavab verə bilmir, sadəcə şüar deyirlər. Həqiqətən də 2008-ci ildə Prezidentin təsdiqlədiyi Konsepsiyada nəyinsə köhnəldiyini, ya bu gün ziyanlı olduğunu iddia etmək mümkünsüzdür. İcra edilməyən müəyyən maddə və istiqamətlər var ki, bu da "köhnəldi" deyib də bütün Konsepsiyanı inkar etməyə əsas vermir. Demək, yeni Agentlik çoxillik, lakin hələ tam aktual qalan Konsepsiya əsasında fəaliyyət göstərə bilər. Media islahatına qarşı mövqelərdən biri budur ki, Agentliyin ancaq Prezident qarşısında hesabatlılığı nəzərdə tutulub və Agentliyin ancaq xalqa hesabat verməli olduğu barədə normativ olmadığı üçün onun müstəqilliyi sual altına düşəcək. Yenə də tutarsız inkarçılığın əlamətlərini görürük. Əsasnamədə medianın vəziyyəti barədə rəy sorğuları keçirmək, təhlillər aparmaq və sair kimi maddələr onun cəmiyyət qarşısında hesabatlılıqdan yayınacağı kimi proqnoz və qənaətlərə gəlməyə imkan vermir. Elə indidən Agentliyin rəhbərinin media və bütün cəmiyyət nümayəndələri ilə açıq fikir mübadiləsinə hazır olduğu barədə fikirləri deməyə əsas verir ki, ictimai hesabatlılıqla əlaqədar olmayan bütün iş üslubları praktik olaraq kənara qoyulub. Həm də Agentliyin cəmiyyətlə və media ilə bərabər Prezidentin də qarşısında hesabatlı olmasında pis və ziyanlı bir şey yoxdur, başqa cür münkün də deyil. Prezidentin təsis etdiyi bir qurumun onun öz qarşısında hesabatlı olmasını inkar etmək heç bir halda normal yanaşma deyil".

Ekspertin sözlərinə görə, başqa bir təftişçi mövqe isə əsasən müəyyən azərbaycanlı ekspertlərin dünya mediasında təqdimatlarına görə, guya Agentlik media orqanlarını təqib etmək, cəzalandırmaq səlahiyyətinə malik olduğu üçün medianın müstəqilliyini məhdudlaşdırmaq imkanlarına daha çox sahiblənəcək: "Bu mövqe Agentliyin əsasnaməsindəki bəzi maddələrin tam yanlış təsəvvür olunmasının nəticəsidir. Belə ki, əsasnaməyə görə Agentlik onlayn mediada qanun tələblərinə cavab verməyən məlumatlarla bağlı müvafiq dövlət orqanları qarşısında məsələ qaldırır, media qurumları sahəsində inzibati xəta halları olanda İXM-ə uyğun tədbir görür, cinayət halları ilə rastlaşanda isə bunu müvafiq dövlət orqanlarına təqdim edir. Çox aydın yazılmış maddələr sadəcə dürüst və obyektiv yanaşma tələb edir. Qanunlara zidd informasiyaların verildiyi halda bunu müvafiq orqanlara təqdim etməyin harası təqibdir? İndiyə qədər praktikada hansısa qanuna zidd məlumata görə Baş prokurorluğun və ya başqa bir orqanın hansısa media qurumunun rəhbərinə xəbərdarlıq etdiyini ya tədbir gördüyünü artıq görmüşük. Burada qəbahət, ya qanunsuzluq yoxdur. Qanunçuluq məsələsi var. Bundan sonra həmin addımlar Agentliyin təqdimatları əsasında həyata keçiriləcək ki, burada təqib əlamətlərindən danışmaq yersizdir. İnzibati xətalara və cinayət əməllərinə gəldikdə, burada Əsasnamənin müvafiq maddəsinin incə mətləblərinə dəqiq fikir verilməlidir. Söhbət informasiya yayımından yox (çünki bu istiqamətdə pozuntular ayrı maddədə təsbit olunub), media sahəsində özünü göstərən inzibati xəta və cinayət hallarından gedir. Media sahəsi deyəndə tək informsiyanın hazırlanması və yayımı nəzərdə tutulmur. Daha geniş ümumi media sferası var. Media qurumlarında kollektivlərdə əmək və intizam münasibətləri, kargüzarlıq və hesabdarlıq işləri, jurnalistlərə əmək haqlarının ödənməsi, vergi və pensiya ödənişləri kimi sahələrdə aşkar pozuntularla rastlaşdığı halda Agentlik susmalı, ya göz yummalıdırmı? Xeyr! Bu, media idarəçiliyi sahəsini xaosa apara bilər".

A.Quliyev vurğulayıb ki, peşə etikası qaydaları və dilimizin üslub-qramatik əsaslarının qorunması sahəsində layihə təşəbbüskarlığına gəldikdə isə bu funksiyanı indiyə qədər Mətbuat Şurası da, Dilçilik institutunun komisiyası da icra edib: "Nədən digər orqanların həyata keçirdiyi funksiya medianın müstəqilliyinin məhdudlaşması anlamına gəlməyə əsas vermir, ancaq Agentliyin bu sahədə heç də inhisarçı olmayan funksiyaları medianın təqibi kimi yozulur?! Məntiq yoxdur... Bütün bunlardan sonra arxada kökləri çox illər əvvələ gedib çıxan bir anti-platformanın əlamətləri görünür. Dövlətin mediaya iqtisadi, metodiki dəstəyinin guya medianın müstəqilliyini pozması kimi təsəvvürləri möhkəmləndirmək, mediaya dövlət dəstəyini kəsmək, beləliklə bizim medianı bəzi beynəlxalq maliyyə və ideoloji mərkəzlər üçün "asan yemək" halına gətirmək. Yaxşı olar ki, bu mövqedə olanlar dünya ölkələrinin formaca super müstəqil görünən tanınmış media qurumlarının həqiqətdə hansı gizli və qeyri-şəffaf mexanizmlə maliyyələşdirildiyini təhlil etsinlər. Mən bu istiqamətdə bacardığım səviyyədə təhlillər aparacağam".

Müəllif: Aysel Məmmədova

Bütün xəbərlər Facebook səhifəmizdə