Azəriqaz abonentləri "qaz" yerinə qoyur? - ARAŞDIRMA

Əhalinin təbii qazla təminatında dövlətin əldə etdiyi uğurlarla yanaşı, Azəriqaz-ın yaratdığı ciddi problemlər də var

Son 15 ildə Azərbaycanda əhalinin təbii qazla təminatında böyük işlər görülüb. Nəticədə, ölkə üzrə əhali sektorunun qazlaşma səviyyəsi 96%-ə çatıb. Hazırda əhaliyə verilən qazın həcmi sutkada 26 milyon kubmetr təşkil edir, ondan 15,3 milyon kubmetr Bakının payına düşür.

Prezdent: "Ölkənin 96%i qazlaşdırılıb, 100%-ə çatacaq"

Prezident İlham Əliyev təbii qazla təminatda yüksək nəticələrin əldə olunmasında ardıcıl həyata keçirilən regionların sosial-iqtisadi inkişafı dövlət proqramlarının böyük rolu olduğunu qeyd edir: "Hazırda IV regional inkişaf proqramı icra edilməkdədir və bu proqramlar məhz yerlərdən gələn müraciətlər əsasında tərtib edilib. Əgər 2004-cü ildə birinci proqram və ondan sonrakı illərdə digər proqramlar qəbul olunmasaydı, bu gün Azərbaycan regionları bu qədər inkişaf edə bilməzdi. Biz bütün bölgələrdə əsas infrastruktur layihələrini ya başa çatdırdıq, ya da ki, buna çox yaxınıq. Növbəti illərdə qazlaşdırma 100 faiz səviyyəsinə çatmalıdır".
Göründüyü kimi, əhalinin təbii qazla tam təminatı üçün dövlət rəhbəri səylə çalışır və artıq hədəfə çatmaq üzrəyik. Lakin icraedici orqanın- Azəriqaz-ın səhlənkar və qeyri-effektiv fəaliyyəti bu işlərə kölgə salır, əhalinin bəzi hissələrində narazılıq yaradır.
Burada bir neçə problem var ki, bu yazıda onları ardıcıllıqla qeyd edəcəyik.

"Azəriqaz mənə dəyən zərəri ödəməlidir"

Əsas problemlərdən qaz təminatının tez-tez xəbərdarlıq edilmədən kəsilməsi və bir müddət sonra xəbərdarlıq edilmədən bərpa edilməsidir ki, bu da öz növbəsində qəzalardan, partlayış və yanğınlardan tutmuş, vətəndaşların boğulub ölməsinə kimi ağır faciələrə səbəb olur.
Daha bir problem isə, evlərə keyfiyyətsiz qazın, bir çox hallarda isə qaz yerinə havanın verilməsidir. Belə ki, qazın verilişi bərpa ediləndən sonra bir müddət qaz yerinə hava gəlir ki, bu da həm abonetlərin aldadılması, həm də sayğacların koda düşməsi ilə nəticələnir. Sayğacı çoxları özü aça bilmir və qaz işçilərini çağırır, bir çox hallarda isə ustalar onlardan bunun üçün qeyri-rəsmi 10 manat pul alır.
20-ci sahədə yaşayan abonet Leyla Paşayevanın fikrincə, keyfiyyətsiz qaz verilməsi ilə bağlı kombi sistemlərinin tez-tez sıradan çıxması kimi problemlər vətəndaşlara ciddi zərər vurur: "Xəbərdarlıq edilmədən qazın tez-tez kəsilməsi, qaz yerinə hava verilməsi isə konkret ciddi qanun pozuntusudur. Keyfiyyətsiz mədən qazı verilir bu əraziyə, qaz sarı rəngdə yanır. Şəxsən mənim kombi aparatım sıradan çıxdı, gedib kreditlə yenisini aldım, bu aparatların da qiyməti 1000 manatdan ucuz deyil. Mən niyə zərərə düşməliyəm ki, Azəriqaz-a görə? Mənə dəyən zərəri kim ödəməlidir? Əlbəttə, Azəriqaz".

"Ağıllı sayğaclar adamları axmaq yerinə qoyur"

Problemlərdən biri də smart sayğaclardır. Abonetlər bundan da narazıdır. Nərimanov rayonundan abonet Kamran Musayev bunu normal saymır: "Əvvəla, istehlakçıdan hələ istifadə etmədiyi qazın pulunu niyə qabaqdacan almalıdırlar? Elektrik və su pulunda ənənəvi qayda tətbiq olunur ki, burada da heç bir problem yaranmır. Ay ərzində nə qədər işlətmişik, ayın sonunda da o qədər ödəyirik. Hətta üzrlü səbəbdən ödəniş bir neçə gün gecikəndə də təminat kəsilmir.
İkincisi, bu smart sayğaclar tez-tez koda düşür və hər dəfə açmağa gələn işçilər istehlakçıdan 5-10 manat rüşvət alırlar. Bu, nə sistemdir? Sən hər dəfə qazı kəsib-buraxanda sayğac niyə koda düşməlidir ki?
Üçüncüsü, biri hamamda çimdiyi yerdə balansda pul qurtarır və adam qalır pis vəziyyətdə. Düşürsən küçələrə ödəmə terminalı axtarmağa, o da yaxında tapa bilsən. Ağıllı sayğacmış. Bu ağıllı sayğaclar bizi axmaq yerinə qoyur. Bundansa analoq sayğaclar qoyulmalıdır".

"Sayğacı özləri sındırır, pulunu bizdən istəyirlər"

Sayğaclarla bağlı başqa problem də var. Belə ki, həyət evləri olan ərazilərdə bir çox hallarda sayğaclar küçədə quraşdırılır və kimsə vurub o sayğacı sındıranda "Azəriqaz" onun real qiymətinin 10 qatını bundan heç bir xəbəri olmayan abonentdən alır. Abonentlər bu problemlərdən təngə gəliblər.
Zabrat sakini deyir ki, Azəriqaz öz yaratdığı problemi abonentlərin boynuna yükləyir: "Sayğacları gətirib küçədə quraşdıranda dedik ki, belə etməyin, sonra kimsə sındıracaq, bizə problem yaranacaq, evin bayır divarına vurun, ya da heç olmasa həyətdə darvazanın içəri tərəfinə qoyun. Qulaq asmadılar. İndi gecə bir başdanxarab gəlib sayğacı sındırıb gedir, mən də yaşlı xəstə adamam, evimdə yatıram, səhər açılan kimi Azəriqazdan gəlib deyirlər ki, bəs sayğacı sındırmısınız, 1500 manat ödəməlisiniz. Mən başa düşmürəm, mən bunların sayğaclarına mühafizəçi işinə düzəlmişəm? Gecə yatmaq əvəzinə küçələrdə gəzib sayğacları qorumalıyam? Eşitdiyimə görə, sayğacı elə bunların öz işçiləri sındırır qəsdən ki, səhər də gəlib abonenti qorxudub filan qədər pulunu alsınlar".

Mütəxəssis: "Qaz normadan xeyli aşağı təzyiqdə verilir"

Qeyd edək ki, istehlakçı ilə istehsalçı arasında bağlanan müqavilədə dəqiq göstərilir ki, sayğaclara Azəriqaz cavabdehdir. Xüsusən də, sayğac evdən kənarda, küçədə quraşdırılıbsa, Azəriqaz-ın heç bir haqqı yoxdur abonentdən nəsə tələb etməyə.
Adının açıqlanmasını istəməyən qaz istismar idarəsi işçisi deyir ki, qaz tənzimləyici qurğulara (şkaflar) baxmaq kifayətdir ki, Azəriqaz-ın normativlərə uyğun xidmət göstərmədiyi aydın olsun. Həmin qurğunun texniki kitabında qeyd olunub ki, normativə görə, əhaliyə verilən qazın təzyiqi 30 millibardan aşağı olmamalıdır. Lakin yoxlamalar zamanı görürük ki, təzyiq 20-25 millbardan yuxarı qoyulmur, yəni rəhbərlik işçini buna məcbur edir".
İdarə əməkdaşı qazın təzyqi ilə bağlı problemin olduğunu da əlavə edib: "İyun ayının əvvəlində Azəriqazın mətbuat katibi qeyd etdi ki, evlərdə qazın təzyiqi 18-25 millibardır. İndi gəlin gedib yoxlayaq, evlərdə belə təzyiq varmı? Əlbəttə yoxdur".
Mütəxəssis deyir ki, bu qurğuların çoxunun qapısı ya yoxdur, ya da bağlanmır: "Bu isə o deməkdir ki, strateji əhəmiyyətinə baxmayaraq, küçədən keçən hər bir şəxs bu qurğuya müdaxilə edib, qazın təziyi ilə oynaya bilər. Bu isə partlayışa və insan tələfatına səbəb ola bilər".

Azəriqaz-ın telefonları var, yoxsa yoxdur?

"Azəriqaz"ın əlaqə vasitələrinin "olmamasının" da ciddi narahatlıq doğurduğunu qeyd etməliyik. Hər hansı bir problem, qəza baş verəndə "Azəriqaz"la əlaqə saxlamaq heç cür mümkün deyil. Abonentlər məcbur olur qaz işçilərinin mobil telefonlarını yığırlar. Amma onlar da növbədə olmayanda və ya uzaqda olanda reaksiya vermirlər. Rabitə və Yüksək Texnologiyalar Nazirliyi deyir ki, "Azəriqaz" telefonlaşdırılıb. Amma şikayətçilər demişkən, necə var ki, həftələrlə zəng edirsən, bu telefonları götürən olmur. Deməli, yoxdur. Bu cəhətdən "Azəriqaz" dünyada analoqu olmayan dövlət təşkilatıdır.
Fikrimizcə, bu sahədə ciddi qayda-qanun yaradılmalı, vətəndaşlara normal xidmət göstərilməli və narazılıqlar aradan qaldırılmalıdır. Ölkəmizdə əhalinin təbii qazla təminatı sahəsində görülən bu qədər böyük işə Azəriqaz-ın bir neçə məsul şəxsinin məsuliyyətsizliyinin kölgə salmasına imkan verilməməlidir.

Elçin Bayramlı

Bütün xəbərlər Facebook səhifəmizdə