Məşhur Məmmədov: “Sənayenin inkişafı güclü iqtisadiyyatın davamıdır”

“Sumqayıt bu gün nəinki Azərbaycanın, hətta Cənubi Qafqazın ikinci böyük sənaye mərkəzidir. Sumqayıt şəhərinin sənaye potensialı imkan verir ki, ölkəmiz daxili tələbatını ödəsin, eyni zamanda ixrac imkanlarını da reallaşdırsın”. Bunu Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin üzvü Məşhur Məmmədov deyib.

M.Məmmədovun sözlərinə görə, bunu 2020-ci ilin birinci yarısındakı iqtisadi göstəricilər deməyə əsas verir: “Cənab Prezidentin vaxtında sənaye məhələllərinin və parklarının yaradılması ilə bağlı atdığı addımlar nəticəsində ölkənin qeyri-neft sektorunun inkişafına öz töhfəsini verməkdədir. Dövlət başçısı çıxışı zamanı həmçinin bildirib ki, ölkənin neft yataqları nə vaxtsa tükənəcək. Düzdür, respublikada yaxın müddətdə həm yeni neft, həm də qaz yataqlarının istismarına başlanılacaq. Bu zaman hasilat səviyyəsinin sabit qalmasına çalışılacaq. Ancaq əsas gəlir mənbəyi olan “Azəri”, “Çıraq”, “Günəşli” yataqlarında təbii tənəzzül də qaçılmazdır. Bu boşluq, məhz qeyri-neft sektoru hesabına təmin edilməlidir. Tədiyə balansını müsbət səviyyədə saxlamaq üçün, əlbəttə ki, ölkəyə keyfiyyətli ixracyönümlü məhsul istehsal edən, valyuta gətirən müəssisələr lazımdır. Çünki bu gün Azərbaycanın tədiyə balansının müsbət səviyyədə saxlanmasının əsas səbəbi neft-qaz amilidir. Amma bu amili kənara qoymaqla ixrac-idxal əməliyyatlarında həmişə müsbət saldo əldə etməyə çalışmaq vacibdir. Ona görə də ixracyönümlü və idxalı əvəzləyə biləcək istehsalat sahələrinin yaradılması diqqət mərkəzində saxlanılmalıdır”.

Millət vəkili onu da vurğulayıb ki, dövlət başçımızın 2014-cü ili “Sənaye ili” elan edərkən başlıca məqsədi ölkəmizin iqtisadi təhlükəsizliyini təmin etmək, xarici dövlətlərdən asılılığını minimuma endirmək, habelə idxalı azaltmaq, istehsal etdiyimiz məhsulların rəqabətə davamlılığını artırmaq və ixracatı çoxaltmaqdan ibarət idi. Ölkə Prezidentimiz həmin ildə qarşıda duran vacib vəzifələrdən danışarkən demişdir: “Bu il ölkəmizin gələcək inkişaf dinamikasını müəyyən edən sənaye sahəsinə daha da böyük diqqət yetiriləcəkdir. Texnoparklar, yeni sənaye müəssisələri, ixrac yönümlü sənaye məhsullarının istehsalı, emal müəssisələrinin, böyük sənaye komplekslərinin yaranması - bütün bu işlər ölkəmizin gələcək inkişafını təmin edəcək, neft-qaz amilindən asılılığı daha da azaldacaq və ölkə iqtisadiyyatının dayanıqlı şəkildə inkişafını müəyyən edəcəkdir”. Göründüyü kimi, artıq əldə olunan uğurları əvvəlcədən görən dövlət başçımızın müəyyənləşdirdiyi kursa uyğun olaraq reallaşdırılan sənayeləşmə siyasəti bu gün uğurla davam edir. Məhz Prezident İlham Əliyev tərəfindən həyata keçirilən uzaqgörən siyasətin nəticəsi olaraq son 10 ildə ölkə sənayesinin inkişafı yeni mərhələyə qədəm qoymuşdur. Bu dövrdə sənaye sahəsinə 40 milyard manatdan çox investisiya yatırılmış, modern və müasir tələblərə uyğun rəqabət qabiliyyətli sənayenin yaradılmasına yönəlmiş tədbirlər real nəticələr vermişdir. Məhz bu gün Sumqayıtın Cənubi Qafqazın sənaye mərkəzinə çevrilməsi Azərbaycan Prezidenti İlham Əliyevin rəhbərliyi altında respublikada yüksək dinamizmə əsaslanan tərəqqi və yüksəlişin əsas ünvanlarından birinə çevrilib. Azərbaycanın mühüm sənaye mərkəzi olan Sumqayıtın qısa zaman kəsiyində həm də geniş quruculuq məkanına çevrilməsinin ən ümdə səbəblərindən biri ölkəmizin bütün bölgləri kimi bu şəhərə Prezident İlham Əliyev tərəfindən xüsusi diqqət və qayğının göstərilməsidir. Digər tərəfdən, müxtəlif sferalar, o cümlədən regionların inkişafına dair dövlət başçısı tərəfindən təsdiq edilən müvafiq proqramlar da Sumqayıtın tərəqqisinin kompleks xarakter daşımasına, o cümlədən infrastruktur sahələrinin bərpası və genişləndirilməsinə, yeni istehsal və emal müəssisələrinin, sosial-mədəni obyektlərin yaradılmasına, bununla da əhalinin həyat tərzinin təmin olunmasına müstəsna töhfələr verib və verməkdədir. Qeyd edilənlər öz növbəsində növbəti dəfə belə bir mühüm məqamın təsdiqi kimi çıxış edir ki, ölkəmizdə həyata keçirilən iqtisadi siyasətin mahiyyətində duran əsas məqam, ilk növbədə xalqın sosial rifahının daha da yaxşılaşdırılması fonunda Azərbaycanın qüdrətli bir ölkəyə çevrilməsinə nail olmaqdır. Və Sumqayıtın inkişaf prosesi sürətli proqram əsasında aparılır. Ölkə başçısının təşəbbüsü ilə indi burada bəlkə də bütün postsovet məkanında yeganə struktur göstəricilərinə əsaslanan sənaye parkı yaradılmışdır. Bakının müəssisələrinin bir hissəsi Sumqayıta köçürülür. Bu proses kortəbii qaydada deyil, müasir standartlara uyğun aparılır”.

“Sumqayıt Kimya Sənaye Parkında məhsul istehsalı və ixracı istiqamətində müsbət dinamika mövcuddur” deyən M.Məmmədov onu da bildirib ki, bu günkü reallıqlar bunu bir daha təsdiqləyir: “Məsələn, 2019-cu ildə 823 milyon manatlıq məhsul istehsal edilib. Bunun da 276 milyon manatı ixrac olunub. Bu ilin ilk 6 ayı ərzində isə 534 milyon manatlıq məhsul istehsalı olub ki, bunun da 182 milyon manatı ixrac olunub. Əgər bu ilin əvvəlindən koronavirus pandemiyasının başlanmasını nəzərə alsaq, bu, müsbət göstərici hesab edilə bilər. Prezident İlham Əliyev Sumqayıt Kimya Sənaye Parkının nəzdində Peşə Təhsil Mərkəzində yaradılan şəraitlə tanış olarkən qeyd edib ki, Sumqayıt bu gün nəinki Azərbaycanın, eləcə də Cənubi Qafqazın ikinci böyük sənaye mərkəzidir. Şəhərin potensialı getdikcə güclənir. Bu il burada şüşə istehsalı zavodu da fəaliyyətə başlayacaq. Bu müəssisəyə də böyük investisiya qoyulub və bu, respublikanın şüşə ilə təminatına əminlik yaradır: «Baxmayaraq ki, indi tikinti sektoru pandemiyaya görə bir qədər tənəzzülə uğrayıb, amma o, bərpa edilir və ediləcək. Biz özümüzü yerli şüşələrlə təmin edəcəyik. Bu da böyük nailiyyətdir”.

Millət vəkilinin sözlərinə görə, Azərbaycan Prezidenti İlham Əliyevin Sumqayıt Kimya Sənaye Parkının nəzdində Peşə Təhsil Mərkəzinin açılışındakı çıxışı həm yeni dərs ilinin başlanması, həm builki dərs ilinin qeyri-adi ortamda başlaması etibarı ilə, həm də çıxışda ehtiva olunan ismarıclar, çağırışlar baxımından da diqqət tələb edir: “Sumqayıt bu gün nəinki respublikamızın, ümumən Cənubi Qafqazın ikinci böyük sənaye mərkəzidir. Sumqayıtın potensialı daha da güclənməkdədir. Cari il burada, böyük yatırımlarla araya-ərsəyə gəlmiş və daxili tələbatı təmin edəcək şüşə istehsalı zavodu da fəaliyyətə başlayacaq. Cənab Prezidentin vurğuladığı kimi, hazırda tikinti sektorunun qlobal pandemiyaya görə bir qədər inkişafdan qaldığını bilirik, lakin artıq bu sektor dövlət dəstəyi ilə dirçəlir və respublikamız özünü yerli şüşələrlə təmin edə biləcək. Bu, özü bir uğur sayılmalıdır. Ümumiyyətlə, qlobal pandemiyadan irəli gələn özünütəcrid gerçəklikləri fonunda, daxili tələbatı mümkün olduğu qədər yerli məhsullarla təmin etmək daha vacib və dərin məzmun daşıyır”.

Millət vəkili ölkə Prezidentinin əvvəllər xaricdə yaşayan azərbaycanlı iş adamlarına da Azərbaycana gəlib iqtisadi sahələrə vəsait qoymaları ilə bağlı müraciət etdiyini, bununla onların da vətəni olan Azərbaycanın daha da inkişaf edəcəyini, güclənəcəyini vurğulamaqla bir çağırış etdiyini söyləyib: “Ona görə azərbaycanlılar müxtəlif ölkələrdə iqtisadiyyat, kommersiya, biznes sahələrində böyük uğurlar əldə ediblər. Onlar da öz vətəninə vəsait qoymalıdırlar, öz vətəni ilə daim əlaqə saxlamalıdırlar, öz uşaqlarını Azərbaycan dəyərləri əsasında, milli ruhda tərbiyə etməlidirlər ki, övladları həm Azərbaycan dilini bilsinlər, həm də bizim milli dəyərlərimizi yaşatsınlar. Əgər biz bütün bu amilləri düzgün istiqamətə səfərbər edə bilsək, onda Azərbaycana investisiya axını dayanmayacaq. Bizim də əsas məqsədimiz budur”.

M.Məmmədov sonda onu da bildirdi ki, bütün bunlar Prezident İlham Əliyevin iqtisadiyyatın şaxələndirilməsi siyasətinin real nəticələridir: “Göründüyü kimi, Azərbaycanda neft-kimya sənayesinin perspektiv inkişafına xüsusi diqqət yetirən Prezident İlham Əliyevin Sumqayıtda bir çox müəssisəni özündə birləşdirəcək Kimya Sənaye Parkının yaradılması ilə bağlı təşəbbüsü bu sahənin ölkə iqtisadiyyatının inkişafında mühüm əhəmiyyət kəsb etməsini bir daha təsdiq edir. Bir sözlə, Prezident İlham Əliyevin müəyyən etdiyi mühüm vəzifələrin uğurlu icrasını, müasir, innovativ, rəqabətqabiliyyətli və ixracyönümlü sənayenin formalaşmasını təmin edəcəkdir”.

RƏFİQƏ KAMALQIZI

Bütün xəbərlər Facebook səhifəmizdə