Uğurlu islahatların ağrılı məqamları! KÖŞƏ

Azərbaycanda iki ildir ki, inqilabi xarakterli islahatlara start verilib. İslahatlar ölkənin bütün sahələrini- kadr, idarəetmə, ideologiya, korrupsiyanın aradan qaldırılması, insanların sosial həyatı, dövlət strukturlarının yenidən qurulması və sair sahələri əhatə edir. O cümlədən ən ağrılı və böyük risk tələb edən xarici siyasətdə və iqtidar-müxalifət münasibətlərində də yeni formaya keçidi müşahidə etməkdəyik.

Yəni iqtidar, indiki hakimiyyət cəmiyyətin saflaşması və demokratiyanın dərinləşməsi yönündə ciddi addımlar atır. Ölkənin bu gününü və gələcəyini düşünən hər kəs, xüsusilə siyasi müxalifət, media və cəmiyyətin ziyalı təbəqəsi bu islahatlara daha çevik adekvat reaksiya verməlidir. Çünki islahatlar sadəcə indiki hakimiyyət komandasına hansısa divident gətirmək üçün deyil, xalqın və dövlətin gələcəyi naminə həyata keçirilir. Belə də xalqını, dövlətini sevən hər kəs bu islahatlara münasibətdə şəxsi narazılıqlarını, eləcə də siyasi iddialarını bir kənara qoymalı, onun daha effektiv nəticələri olması naminə dəstəyini əsirgəməməlidir.
Tarixən islahat həyata keçirən iqtidarlar əks qüvvələrin ciddi təzyiqinə tuş gəliblər. Stolıpinin islahatları onun tarixi məğlubiyyəti ilə sonuclandı. Lap son dövrün məlum faktı – Mixail Qorbaçovun da “yenidənqurma” konsepsiyası SSRİ-nin dağılmasına səbəb oldu. Ona görə ki, onların islahatları gerçək inkişafa, xalqın rifahına, dövlətin qüdrətlənməsinə hesablanmamış, əksinə xalqın və dövlətin istəklərinin əksinə yönəlmişdi. Buna bənzər misallar dünya tarixindən çox gətirmək olar. Ancaq uğursuz islahat təşəbbüslərindən uzun-uzadı daışıb vaxtınızı məşğul etmək istəmirəm.
Bir də qardaş Türkiyədə Rəcəb Tayyib Ərdoğanın başladığı və uğurla davam edən islahatını xatırlatmaq istəyirəm. Dünyanı gözlənilməz gedişləri və səksən milyonluq xalqın iyirmi ilə yaxındır ki, birmənalı dəstəyini almağa nail olması ilə heyran qoyan Ərdoğan və onun komandası, islahatların ən uğurlu modelini ortaya qoydu və istəyinə də nail olmaqdadır. Çünki bu istəklər xalqın, cəmiyyətin istəklərini əks etdirir. Eyni fikirləri bu gün Azərbaycanda başlayan və uğurla davam edən İlham Əliyev islahatları haqqında da söyləmək mümkündür. Yenə də xalqın və dövlətin gələcəyinə hesablanmış inqilabi xarakterli islahatlar əks təsirlərlə üzləşsə də, maneələr çox məharətlə dəf edilməkdə və islahatlar dərinləşməkdə davam edir. Bunlar hamısı gözəldi, qürurvericidir. Lakin gözəl olmayan, bizi içimizdən narahat edən tərəfləri də var. O da ibarətdir ondan ki, əksər müxalif partiyalar siyasi opponentliklərini saxlamaqla yanaşı, islahatların uğurla davam etməsinə dəstək verir. Ancaq AXCP və Müsavat adlarını mənimsəmiş, bu adların Azərbaycan xalqının tarixindəki müstəsna xidmətlərinə kölgə salan siyasi təşkilatlar hələ də filin qulağındakı yuxulamaq xəstəliyindən qurtula bilmirlər. Çox qəribədir, dünənə kimi Azərbaycanın Rusiya ilə əlaqələrini kəsib qərbə inteqrasiya etməsini siyasi iddia kimi ortaya qoyan həmin siyasət dəllalları, bu gün Rusiyaya münasibətdə hakimiyyətin siyasətindəki ciddi dəyişikliklərə də əks mövqe nümayiş etdirməkdən çəkunmirlər. Ölkə Prezidenti ümumtəhsil məktəblərində xarici dildə təhsillə bağlı söylədiyi, hər birimizin qəlbindən keçən fikirlərə onların münasibəti göz qabağındadı. Utanmadan Rusiyanı Azərbaycanın dünyaya çıxış üçün “nəfəs borusu”(?) adlandıran Hikmət Hacızadə (AXC hakimiyyəti dövründə Rusiyada Azərbaycanın səfiri olmuş indiki müsavat yetkilisi) özü rus dilində oxuduğuna görə dərhal ruspərəstlik mövqeyini qoydu ortaya. Bu adam hələ anlamaq istəmir ki, Azərbaycan türkləri dünyaya Nizamini, Xaqanini, Nəimini, Nəsimini, Füzulini, Xətaini bəxş edəndə hələ rus dilində bir bənd şeir də yazılmamışdı. Bu xalqın Memar Əcəmisi, Nəsrəddin Tusisi dünya memarlığına və elminə töhfələr verəndə, ruslar daxmalarda “samaqon” içib, küçələrə yıxılırdılar. Hələ böyük imperiyalar quran sərkərdələrimizdən söhbət açmıram. Bəzi ziyalılarımızın da, siyasi məqsədlərlə Hikmət kimilərin söylədiklərinə züy tutmaları isə adamın içini göynədir. Rus dilində yazdığı romanlarla dünyaya çıxan Çingiz Abdullayev anlamalıdır ki, bu xalq məhz Ana dilində yaratdıqları ilə dünyaya çıxan yeni nəsil yetişdirməlidir və buna görə də Ana dilinə münasibət kökündən dəyişməlidir.
Xülasə, belə sərsəmliklərə son veriləcəyinə əminəm. Rusiyaya meyilli qüvvələrin indiki məqamda sərgilədikləri anti-Azərbaycan mövqe ilə bağlı isə indilikdə heç nə demirəm. Çünki bu, çox ağrılı və mənfur bir niyyətdir ki, təəssüf, belələrinə də rast gəlirik. Bu haqda gələn yazımızda...

Təhmasib Novruzov

Bütün xəbərlər Facebook səhifəmizdə