Unutmayaq: “Biz birlikdə güclüyük!”

Artıq neçə aydır ki, bütün dünyada olduğu kimi, ölkəmizdə də COVİD-19 pandemiyasına qarşı güclü mübarizə tədbirləri aparılır. Xüsusilə Azərbaycanda bu epidemiya bəlasına qarşı qarşı görülən səmərəli və qabaqlayıcı tədbirlər, dünyanın ən inkişaf etmiş ölkələrində böyük heyranlıq və maraqla izlənilir, təqdir edilir. Prezident İlham Əliyevin rəhbərliyi ilə hələ bu epidemiya bəlasının ilk günlərindən başlayaraq Azərbaycanın həyata keçirdiyi qabaqlayıcı və təsirli tədbirlər nəticəsində ölkəmizdə koronavirusun sürətlə yayılmasının, kəskin yoluxma və çoxlu insan ölümünün qarşısı vaxtında alındı. Bu, olduqca bacarıqla və yüksək çevikliklə həyata keçirilmiş uğurlu işin bəhrəsi idi. Dünyanən ən inkişaf etmiş ölkələrində ölüm və yoluxmaların pik nöqtəyə qalxdığı bir vaxtda, Azərbaycan rəhbərliyi ağıılı və məntiqli tədbirlər görərək, xalqımızı bu fəlakətli bəladan qurtara bildi. Prezident İlham Əliyevin avqustun 6-da koronavirusla mübarizə sahəsində görülən tədbirlər və sosial-iqtisadi vəziyyətlə bağlı keçirilən müşavirədə qeyd etdiyi kimi, iyulun 16-dan bu günə qədər bu müsbət dinamika deməyə əsas verir ki, görülmüş bütün tədbirlər vaxtında görülmüş tədbirlərdir: "Bu tədbirlər nəticəsində vəziyyət bu günə qədər nəzarət altındadır. İyulun 16-dan bu günə qədər yoluxanların sayı sağalanların sayından xeyli aşağıdır. Bu müsbət dinamika deməyə əsas verir ki, biz koronavirus xəstəliyini bundan sonra da nəzarət altında saxlayacağıq. Artıq üç həftədir ki, bu müsbət dinamika, əlbəttə, bizi çox sevindirir. Prinsip etibarilə ilk günlərdən, bu xəstəlik meydana çıxandan dərhal sonra bütün lazımi qabaqlayıcı tədbirlər görüldü. Bunun nəticəsində biz bu vəziyyətdən az itkilərlə çıxırıq".

Dövlətimizin başçısı İlham Əliyevin, Azərbaycanın Birinci vitse-prezidenti Mehriban xanım Əliyevanın koronavirus infeksiyası ilə bağlı xalqa müraciətlərində də daim bu inam ifadə edilir ki, COVID-19 adlı qorxulu hekayənin geridə qalacağı gün uzaqda deyil. Cənab İlham Əliyevin qeyd etdiyi kimi, karantin rejimi hamını yorub. Çünki bu, elə bir bəla, elə bir xəstəlikdir ki, hələ çarəsi yoxdur. Ona görə yeganə yol insanları qorumaq, yoluxmaların sayını azaltmaq, xəstəliyin geniş vüsət almasına yol verməmək və beləliklə, vətəndaşları, dövlətimizi bu vəziyyətdən xilas etməkdir. Mübarizə tədbirlərinin öz müsbət nəticəsini verməsi üçün hər bir vətəndaşdan öz borcunu layiqincə yerinə yetirmək tələb olunmaqla yanaşı, məsuliyyəti daha çox çiyinlərində hiss edən peşə sahiblərinə dəstək olmaq da əsas çağırışlardandır: Bu günlər həkimlərdən insanların sağlamlığının keşiyində daha ayıq-sayıq dayanmaq, ictimai asayişin keşikçiləri olan polislərimizdən karantin qaydalarına vətəndaşların daha yüksək səviyyədə və ciddi şəkildə riayət etmələrinə nəzarəti gücləndirmək, cəmiyyətimizin güzgüsü olan mətbuatdan obyektivlik, qərəzsizlik, vətənpərvərlik kimi prinsipləri qorumaq əsasında maarifləndirmə işinə böyük töhfələr vermək tələb edilirsə, hər bir vətəndaşa da məsuliyyətini artırmağa, nizam-intizam qaydalarına riayət etməyə çağırışlar edilməlidir. Kompleks tədbirlərin həyata keçirilməsi fonunda həm sağlamlığımızı təmin edər, həm də koronavirsun iqtisadiyyata vurduğu ziyanları aradan qaldırmaq üçün yeni inkişaf modelini tətbiq etməklə uğurlu nəticələrə nail ola bilərik.

Diqqət edin: May ayının ilk ongünlüyündən sonrakı mərhələdə tətbiq olunmuş yumşalma tədbirlərindən sonra bəzi insanların gigiyenik və epidimioloji qaydalara riayət etməməsi nəticəsində yayılma və yoluxma pik həddə çatmışdı. Təşviş və narahatlıq üçün kifayət qədər əsas da var idi. Lakin sonra yenidən tətbiq olunan sərt karantin rejimi çərçivəsində yenidən xəstəlik nəzarət altına alındı. Elə bunun nəticəsidir ki, iyulun 16-dan bu günə qədər müsbət dinamika müşahidə edilməkdədir. Avqust ayından tətbiq olunmağa başlanan yumşalmalar isə pandemiyanın sona çatması anlamına gəlməməli, insanlarda arxayınlıq yaratmamalıdır. Pandemiyaya qarşı mübarizədə vətəndaş həmrəyliyi daha vacibdir. Pandemiyaya qarşı mübarizə üçün tibbi maskalardan istifadə, ara məsafənin saxlanılması, gigiyenik qaydalara əməl olunması tövsiyələri birbaşa vətəndaşların üzərinə düşən məsuliyyətdir. Ona görə də, ölkə vətəndaşları maska və sosial izolyasiya rejiminə, sanitar-epidemioloji qaydalara hələ uzun müddət riayət etməli, o cümlədən həkimlərin və sanitar-epidemioloji qurumların tövsiyəsinə əsasən açılan obyektlərdə qayda-qanunlara, tələblərə riayət olunmalıdır. Həm istehlakçılar, həm də sahibkarlar bilməlidirlər ki, mövcud qaydalara ciddi şəkildə riayət olunmasa koronavirusa yoluxma sayı yenidən arta, xəstəliyin miqyası genişlənə bilər.

Artıq dövlətimiz bu bəlalı pandemiyaya qarşı mübarizə üçün xarici ölkələrdəki təcrübəli tibb personalını ölkəmizə gətirib. Xüsusilə Türkiyədən, Rusiyadan, Kubadan, İtaliyadan və Çindən gətirilən həkim briqadaları artıq koronavirusla mübarizədə öz təcrübə və peşəkarlıqlarını nümayiş etdirirlər. Bu önəmli faktdır ki, modul tipli xəstəxanaların tikintisi ilə bağlı qərar hələ ölkəmizdə pandemiyanın zəif olduğu dövrlərdə verilmişdi. Bu isə Prezident İlham Əliyevin daha bir müdrik addımının nəticəsidir. Çünki bu pandemiya elə bir bəladır ki, onun tam qarşısının alınması hələ də məchul olaraq qalır. Hətta bəzi ölkələrdə pandemiyanın başa çatdığı düşünülsə də ikinci dalğa başlayıb.

Hər kəs mənimlə razılaşar ki, bu amansız virusla mübarizədə həkimlərimizin çox böyük əməyi vardır. Məhz həkimlərin yorulmaz fəaliyyəti nəticəsində Azərbaycanda bu xəstəlikdən ölənlərin sayı aşağı səviyyədədir. Bu gün 46 xəstəxana ancaq koronavirus xəstələrinə xidmət göstərir. Həmin xəstəxanaların 41-i son 17 il ərzində tikilib və ya əsaslı şəkildə təmir edilib, müasir avadanlıqlarla təchiz olunub. Eyni zamanda nəzərə alsaq ki, xəstələrin sayı artmaqda idi və baxmayaraq, mövcud xəstəxanalar kifayət qədər imkanlarımızı genişləndirib, amma yeni xəstəxanaların tikilməsinə ehtiyac var idi. Bu məqsədlə modul tipli xəstəxanaların tikintisi təşkil edildi. Bu günə qədər modul tipli 9 xəstəxana istismara verildi, həmçinin Fövqəladə Hallar Nazirliyinin xətti ilə 800 çarpayılıq bir xəstəxana istifadəyə verildi, 1300 çarpayılıq xəstəxana isə bu ayın sonuna qədər istifadəyə veriləcək. Bu da əlavə 2100 çarpayı deməkdir. İki Olimpiya İdman Kompleksinin xəstəxanaya çevrilməsiməsələləri həll edildi, qısa müddət ərzində hazır vəziyyətə gətirildi. Görülən işlər isə bir daha ölkə vətəndaşlarının sağlamlıqlarının və təhlükəsizliklərinin daima prioritet məsələ olaraq qalmasının bariz nümunəsidir"

Təbii ki, modul tipli xəstəxanaların tikilməsi zəruri ehtiyacdan doğmuşdur. Orada minlərlə xəstənin müalicəsi təmin edilir, əks halda bu xəstəxanalar olmasaydı, onlar məcbur olub ev şəraitində müalicə almalı olacaqdılar. Modul tipli xəstəxanalar müasir tibbi avadanlıqlarla tam təmin olunub. Onun iqtisadi səmərəliliyi həm də ondar ki, tikilməsi qısa müddətə başa gəldiyi kimi, lazım gəldiyi təqdirdə bir yerdən başqa bir yerə daşına bilir. Pandemiya bitdikdən sonra bu xəstəxanalar hərbi səhra hospitalı kimi də istifadə oluna bilər. Yəni, bu xəstəxanalar üçün çəkilən xərc heç də hədər getmir. Eyni zamanda, modul tipli xəstəxanaların tikintisi bilavasitə səhiyyə sistemindəki infrastrukturu da ağır yüklənmədən xilas edir. Koronavirus pandemiyası ilə mübarizədə səhiyyə infrastrukturunun qurulması ilə bərabər, vətənpərvər, peşəkar və dəyanətli həkimlərimizin də əməyi yüksək qiymətləndirilir. Xüsüsilə bu dövrdə Azərbaycanın səhiyyə sisteminin dayanıqlılığı və həkimlərimizin qabiliyyəti, bacarığı və fədakarlığı bir daha isbatlandı. Həkimlər öz həyatlarını təhlükə qarşısında qoyaraq koronavirus infeksiyasının qarşısını almaq, bu xəstəliyə yoluxan insanların sağlamlığını yenidən qaytarmaq üçün bütün imkanlardan istifadə edirlər.

Bu gün isə bir vətəndaş olaraq bizlərin üzərinə düşən əsas məsuliyyət ondan ibarətdir ki, qarşıya qoyulan qaydalara əməl edək, sosial məsafəni gözləyək və gigiyenik qaydalara düzgün riayət edək. Bu sadə qaydalara əməl edək ki, həm öz həyatımızı təhlükəyə atmayaq, həm də əzizərimizi, cəmiyyətdəki hər bir vətəndaşımızı bu amansız virus epidemiyasından xilas edək. Unutmayın ki, “Biz birlikdə güclüyük!”.

Aytəkin Ədalətqızı,

YAP Səbail Rayon Təşkilatının fəal üzvü

Bütün xəbərlər Facebook səhifəmizdə