Ermənistanı tərk edən azərbaycanlıların gizlətdiyi - Xəzinə

“Bu materialda oxuduğunuz hər şey lətifə kimi görünə bilər, ancaq bunlar Ermənistandakı həqiqi bir kənddə baş verən gerçək hekayələrdir”. SİA xəbər verir ki, “Sputnik Ermənistan” nəşri belə girişli bir məqalə dərc edib.

Məqalədə vaxtilə Tavuş rayonunda yaşamış azərbaycanlıların rəvayətindən bəhs edilir.

Bildirilir ki, bu rayonun Ovk adlı kəndi var və bu yaşayış məntəqəsi ölkədə azərbaycanlıların rəvayəti ilə məşhurdur. Kənddə 2 süni, 1 təbii olmaqla, 3 göl yerləşir. 1990-cı illərə qədər – yəni Qarabağda münaqişə başlamazdan əvvəl bu kənddə yalnız azərbaycanlılar məskunlaşıb və bura “Ahulu” adlandırılıb.

İki ölkə arasında münaqişə alovlanarkən Azərbaycan və Gürcüstana köçməyə məcbur olan kəndlilər ermənilərə heç bir fayda qoymamaq üçün maraqlı üsula əl atıblar. Onlar sahib olduqları bütün kənd təsərrüfatı texnikalarını təbii gölə atıblar. Azərbaycanlılar bu planı nə zamansa doğma yurdlarına geri qayıtmaq ümidi ilə həyata keçiriblər.

Ovkdakı 2 süni gölə sahib “Kari Liç” kompleksinin qurucusu Mer Meliksetyan məsələ ilə bağlı açıqlamasında rəvayətdə, güman ki, traktor və yük maşınlarından bəhs edildiyini deyib. Onun sözlərinə görə rəvayət kəndə köçən ermənilərə azərbaycanlılar tərəfindən nağıl edilib. Ona görə də heç bir erməni hadisənin real olub-olmadığını bilmir.

Erməni kəndlilər bunu araşdırmaq üçün dəfələrlə gölün dibindən azərbaycanlı "xəzinələrini" çıxarmağa çalışıb. 90-cı illərdə Hakob Davtyan adlı bir kəndli və yoldaşları orada traktor və yük maşını tapmaq üçün gölü qurutmaq istəyiblər. Gölün su səviyyəsi bir neçə metrə endirilib, lakin orada heç bir avadanlıq görülməyib. Kəndin digər sakinləri də balıq ovu torları ilə kənd təsərrüfatı maşınlarını "tutmağa" çalışıblar. Bu cəhdlərin də uğursuz olduğunu deməyə ehtiyac belə yoxdur.

Mer Meliksetyan bir neçə il əvvəl bir adamın göldə boğulduğunu, xilasedici – dalğıcların gölə cəlb edildiyini bildirib. Onun sözlərinə görə, bütün kənd boğulan şəxsin deyil, dalğıcların gölün dibində nələr görəcəyinin marağında olub. Ancaq onlar da bir şey görməyiblər. Çünki gölün dibi yosun ilə örtülüdür və dibi görmək, demək olar ki, mümkün deyil.

Müəllif: Aysel Məmmədova

Bütün xəbərlər Facebook səhifəmizdə