Prezidentin təşəbbüsünün hər bir ölkə üçün böyük faydası var

Prezident İlham Əliyevin BMT Baş Assambleyasının xüsusi sessiyasının keçirilməsi haqqında təşəbbüsü koronavirus pandemiyası ilə mübarzədə beynəlxalq əməkdaşlığa verilən töhfə kimi çox böyük əhəmiyyət kəsb edir. BMT-yə üzv olan 193 ölkədən 130-nun Azərbaycanın, onun Prezidentinin təşəbbüsünü dəstəkləməsi tarixi hadisədir. Bu təşəbbüsün dəstəklənməsi dünya miqyaslı hadisə kimi qiymətləndirilməlidir. Çünki cənab Prezidentin təşəbbüsünün hər bir ölkə üçün böyük faydası var.

Bu təşəbbüsü başqa ölkələr də edə bilməzdimi? Axı böyük dövlətlər, BMT Təhlükəsizlik Şurasının üzvləri, daha inkişaf etmiş ölkələr var... Bütün bunları təhlil edərək təəssüflə qeyd etməliyik ki, beynəlxalq təşkilatlarda böhran, ölkələrdə özünə qapanma var. Dünyanın faciəsi ondadır ki, xüsusilə böyük dövlətlər öz maraqlarını düşünməyə çalışır. Bəzi ölkələrin də eqoizmi imkan vermir. Yəni onlar hansısa ölkənin təşəbbüslərlə çıxış etmələrindən qıcıqlanırlar. Belə bir zamanda Azərbaycan Prezidentinin təşəbbüsü çox faydalıdır. Çünki Azərbaycanın siyasəti və bu təşəbbüsü nəticəsində bir sıra ölkələr öz aralarında rəqabəti kənara qoyub əməkdaşlıq edirlər.

Prezident İlham Əliyevin təşəbbüsü ilə ilk olaraq Türk Şurasının onlayn formatda Zirvə görüşü keçirildi. Pandemiyaya qarşı mübarizədə bu görüş türkdilli ölkələr çox faydalı bir platforma oldu. İkincisi isə, Prezident İlham Əliyevin təşəbbüsü ilə Qoşulmama Hərəkatının Təmas Qrupunun onlayn formada Zirvə görüşünün keçirilməsi də pandemiyaya qarşı birgə əməkdaşlığa böyük töhfə oldu. Qoşulmama Hərəkatının üzvü olan elə ölkələr var ki, öz aralarında münasibətləri elə də yaxşı deyil. Amma Zirvə görüşündə bir yerdə oldular və birgə müzakirə apardılar. Yəni onları COVID-19 pandemiyasına qarşı mübarizə birləşdirir. Bu, o deməkdir ki, Azərbaycan Prezidenti İlham Əliyev pandemiya ilə mübarizəni regional səviyyədən beynəlxalq səviyyəyə, sonra da ümumbəşəri səviyyəyə qaldırıb.

Belə bir şəraitdə cənab Prezidentin təşəbbüsü ölkələrin öz aralarında rəqabəti kənara qoyaraq əməkdaşlıq etməyə sövq edib. Yəni, bir-birilə rəqabətdə, ziddiyyətdə olan ölkələr Azərbaycan Prezidentinin təşəbbüsü ilə pandemiyaya qarşı mübarizədə birləşib. Bu təşəbbüsün beynəlxalq birlik tərəfindən qəbul olunması Azərbaycan Prezidenti İlham Əliyevin dünyada böyük nüfuza sahib olduğunu bir daha təsdiqləyir.

Beləliklə, Azərbaycan birləşdirici siyasət həyata keçirir və cənab Prezidentin təşəbbüsü dünya miqyasında yüksək dəyərləndirilir.

Respublikamızın xarici siyasətinin əsas prioriteti Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsinin həlli, ölkəmizin ərazi bütövlüyünün bərpa olunmasıdır. Bu istiqamətdə dövlətimiz diplomatik müstəvidə uğurlu siyasət aparır.

Pandemiyaya qarşı mübarizə və Azərbaycan Prezidentinin Möhtərəm İlham Əliyevin təşəbbüsü humanitar məsələdir. Azərbaycan dünyanı narahat edən humanitar məsələ ilə bağlı mühüm təşəbbüs irəli sürüb. Yəni, Azərbaycan həmişə xoşməramlıdır, heç vaxt nahaq addımlar ata bilməz. Bunun əksini iddia edənlər isə ölkəmizə qarşə qərəzli münasibətdə olanlardır.

Ona görə də, bu hadisənin Azərbaycan üçün çox böyük əhəmiyyəti var. Cənab Prezidentin məlum təşəbbüsü dünyada imicimizi daha da artırır, ölkəmizin nüfuzunu yüksəldir, dünya dövlətləri içərisində hörmətimizi çox gücləndirir. Bu təşəbbüs həmçinin, Azərbaycanın dünya ölkələri ilə əlaqələrini genişləndirir.

Bütün bunlar Qarabağ məsələsinin ədalətli həllində üstünlüyümüzü artırır. Bu təşəbbüs həm də Azərbaycanı daha yaxşı tanımaq üçün gözəl fürsətdir. Bütövlükdə isə, cənab Prezidentin təşəbbüsünün dünya səviyyəsində qəbul olunması, BMT-nin özünün məsələsi kimi gündəmə gəlməsi böyük hadisədir.

Prezident İlham Əliyevin həyata keçirdiyi diplomatiya çoxşaxəlidir. Ona görə də, biz sabah yeni təşəbbüslərin də şahidi ola bilərik. Hazırki təşəbbüs Azərbaycanın olsa da, onun həyata keçirilməsi dünyanın işidir. Bütün hallarda tarix yazacaq ki, pandemiyaya qarşı mübarizədə BMT Baş Assambleyasının keçirilməsi təşəbbüsü Azərbaycana və onun Prezidenti cənab İlham Əliyevə məxsusdur.

Mənfur işğalçı Ermənistan çalışdı ki, Azərbaycanın xoşməramlı təşəbbüsünün reallaşmasına əngəl törətsin. Amma bacara bilmədi. Bununla da, özü özünü ifşa etdi. Eyni zamanda, xoşməramlı, mühüm bir humanitar təşəbbüsə etiraz etməklə Ermənistan özü özünü inkar etdi. Bunun da məntiqi əsası var. Çünki Ermənistan heç vaxt dövlət olmayıb, onun dövlətçilik ənənəsi yoxdur. Ermənistan monoetnik ölkədir. O, beynəlxalq münasibətlər səviyyəsində özünü pandemiya ilə beynəlxalq mübarizədən təcrid etdi.

Hazırda koronavirus pandemiyasının davam etməsi BMT Baş Assambleyasının xüsusi sesiyası çərçivəsində dövlət və hökümət başçılarının təxirə salınmadan bir araya gəlməsinə, planetimizi bürüyən bu bəladan çıxış yollarını birgə müzakirə edilməsinə və həll yollarının tapılmasına, həqiqətən də, böyük ehtiyac var.

Ümid edirəm ki, xüsusi sessiya pandemiya ilə nmübarizədə beynəlxalq ictimayyətin tam səfərbər edilməsinə şərait yaradacaq, dünya ölkələrinin ümumi təhdidlər qarşısında birləşməsinə və qlobal həmrəyliyin gücləndirilməsinə müsbət töhfə verəcək. Bu məsələdə dünya ölkələrinin sıx əməkdaşlıq etməsi qaçılmaz reallıqdır.

Arif Fərzəliyev,

YAP Cəbrayıl rayon təşkilatının sədri

Bütün xəbərlər Facebook səhifəmizdə