Ermənilərin kütləvi surətdə Azərbaycan torpaqlarına köçürülməsi həyata keçirildi. Çar Rusiyasının Azərbaycana və azərbaycanlılara qarşı həyata keçirdiyi işğalçılıq və soyqırımı siyasətinin carçılarından olan Rusiyanın İranda fövqəladə və səlahiyyətli səfiri Aleksandr Qriboyedov Peterburqa öz hesabatında yazmışdır: «... bu millət birdir və hamısı özünü türk sayır. Azərbaycanı ya biz bütövlükdə işğal etməliyik, ya da parçalayıb Arazdan şimalda yaşayanlara «Oğuz» və ya «Tatar» adı qoymaqla onlara bir-biri ilə ayrı-seçkiliyi təbliğ etməliyik».
İrəvan, Naxçıvan və Qarabağ xanlıqlarının ərazilərində məskunlaşdırılan ermənilər orada yaşayan azərbaycanlılarla müqayisədə azlıq təşkil etmələrinə baxmayaraq öz havadarlarının himayəsi altında «Erməni vilayəti» adlandırılan inzibati bölgünün yaradılmasına nail oldular. Belə süni ərazi bölgüsü ilə, əslində Azərbaycan türklərinin öz torpaqlarından qovulması və məhv edilməsi siyasətinin bünövrəsi qoyuldu; bu zamandan mənfur «Böyük Ermənistan» ideyaları təbliğ olunmağa başlandı.Bu uydurma xəyali dövlətin Azərbaycan torpaqlarında yaradılmasına «bəraət qazandırmaq» məqsədilə erməni xalqının tarixinin saxtalaşdırılmasına yönəlmiş genişmiqyaslı proqramlar reallaşdırıldı.Azərbaycanın və ümumən Qafqazın tarixinin təhrif olunması həmin proqramların mühüm tərkib hissəsini təşkil edir.
I Dünya müharibəsi nəticəsində Rusiyada baş vermiş 1917-ci il fevral və oktyabr çevrilişlərindən məharətlə istifadə edən ermənilər öz başabəla iddialarını bolşevik bayrağı altında reallaşdırmağa nail oldular. 1918-ci ilin mart ayından etibarən «əksinqilabçı ünsürlərlə mübarizə» şüarı altında qatı daşnaq olan Stepan Şaumyanın rəhbərliyi ilə Bakı Kommunası tərəfindən ümumən Bakı quberniyasını azərbaycanlılardan təmizləmək məqsədi güdən mənfur plan həyata keçirilməyə başladı. Bu plan bütün Qafqaz ölkələrində həyata keçirilməli idi.Daşnaq liderləri və hərb xadimləri (Şaumyan, Andronik, Dro, Nazaryan və s.) bir-birləri ilə əlaqə saxlayaraq türklərin və onların yaşayış məntəqələrinin məhvi haqqında məlumatlar verirdilər. Hətta S.Şaumyan 1918-ci il iyulun əvvəllərində Andronikin Zəngəzur və Naxçıvanda yerli əhaliyə qarşı törətdiyi vəhşiliklərə bəraət qazandırıb onu bir milli qəhrəman kimi təbrik etmişdir.
Bu dövrdə 10 minlərlə Azərbaycanlı əhali yalnız milli mənsubiyyətinə görə məhv edilmişdir. Yeri gelmişkən qeyd etmək lazımdır ki, məşhur alman tədqiqatçısı Erix Fayql «Terror haqqında həqiqət.Erməni terrorizmi – mənbə və səbəbləri» kitabında qeyd edir ki, «Şaumyan 1918-ci ildə Bakıda erməni kommunistlərinin rəhbəri olmuş, orada bolşevik dövləti qurmuş, onun hökm ölçüsü azərbaycanlıları öldürmək və qovmaq olmuşdur. Onun məqsədi Bakını nəyin bahasına olursa olsun erməniləşdirmək idi».
Azərbaycan türklərinin məruz qaldığı bu soyqırımı dünya ictimaiyyətinə çatdırılmamış və öz vaxtında siyasi qiymətini almamışdır. Əksinə, saxta xülya olan beynəlmiləlçilik və xalqlar dostluğunun möhkəmləndirilməsi naminə ört-basdır edilmiş, beləliklə Azərbaycan xalqının yaddaşından silinərək unutdurulmuşdur. Odur ki, bu gün artıq dünyanın bir çox ölkələrində «erməni soyqırımı» tarixi hadisə kimi qəbul olunmuşdur. Azərbaycan türklərinə qarşı soyqırımının silsilə ssenarisi sovet dövründə daha məqsədyönlü şəkildə həyata keçirildi. Mərkəzi bolşevik hökumətinin nümayəndəsi N.Y.Solovyovun may-iyun ayları üçün Leninə hesabatında yazılmışdır: «Ermənistan Respublikası yarananda onun hüdudlarında 250 müsəlman kəndi olmuĢ, onların hamısı məhv edilmiş, artıq bir müsəlman belə yoxdur».
Ermənistanla sərhəd olan müsəlman kəndlərində azərbaycanlıların silahlarının əlindən alınmasını, ermənilərin Qırmızı Ordu və dəmiryol mühafizəsi tərkibinə qəbul olunmasını Solovyov, təbii olaraq müsəlmanların ermənilər tərəfindən qırğın edilə bilinəcəyi kimi nəticələndirirdi. Çiçerin Ermənistanın xarici işlər naziri Ohancanyana 19 iyul 1918-ci il teleqramında erməni xalqına sədaqətini, qüvvəsi daxilində köməyini vəd edəndə, həmin gün Kominternin II Konqresində müsəlman kəndlərinin erməni hökuməti tərəfindən qılıncdan keçirildiyi bəyan edilirdi. RSFSR-in Ermənistandakı nümayəndəsi Zeqranın «kombinasiyasına» razılıq verən Çiçerin, həmçinin Nərimanovun təkidinə uyğun göstərişlər verdiyini vurğulayırdı. Tərəflər arasında Çiçerinin diplomatik «məharətindən» Orcenikidze də yararlanmışdı. «Ermənistan məlum siyasi şəraitdə bizə lazım ola bilər» -demişdi.
Keçən XX əsrin 30-cu illərindən Qafqaz ölkələrindən on minlərlə azərbaycanlı ailələri soyuq Sibirə və Orta Asiyanın susuz çöllərinə sürgün edilmiş, minlərlə ailə başçıları «Xalq düşməni» damğası adı altında həbs edilib, ya güllələnmiş, ya da sürgün edilmiş, yüz minlərlə uşaqlar yetim qalmışdır. Azərbaycan Respublikasının sabiq prezidenti Heydər Əliyev Azərbaycanın müstəqilliyi - Respublika günü münasibəti ilə söylədiyi nitqində tariximizin bu dövrünə qiymət verərək demişdir: «20-30-cu illərdə kommunist, bolşevik hakimiyyətinin qurulması, möhkəmlənməsi ilə əlaqədar yüzlərlə, minlərlə, on minlərlə insan ədalətsiz olaraq repressiyalara uğramış, yerindən-yurdundan uzaq ellərə - Orta Asiyaya, Qazaxıstana sürgün edilmiş, öz mülklərindən, varlarından məhrum olmuş, çox əzab-əziyyətlərə məruz qalmışdır». Həmçinin 2002-ci ilin martında o, 31 mart - soyqırım günü münasibətilə xalqa müraciətində demişdir: «Onilliklər boyu «soyqırımı siyasəti» total ideoloji təcavüz, Türk və Azərbaycan xalqına, onların görkəmli nümayəndələrinə qarşı terrorla müşayiət olunmuşdur. Çar Rusiyası və SSRİ dövründə türk-müsəlman xalqlarına qarşı ayrıseçkilik şəraitində bu siyasət daha incə və təhlükəli metodlarla davam etdirilmiş, azərbaycanlıların deportasiyası və soyqırımı kütləvi hal almışdır».
«1937-1938-ci illər repressiyaları Azərbaycan xalqına, onun mədəniyyətinə, mənəviyyatına böyük zərbə vurmuşdur».
Qeyd edilən dəhşət Azərbaycan SSR-də daha müsibətli olmuşdur. Mənbələrin birində deyilir: «Stalinin hakimiyyəti dövründə onun və Beriyanın hökmü ilə 29 min Azərbaycan ziyalısı məhv edilmişdir.
Böyük Vətən müharibəsi deyilən II Dünya müharibəsindən sonra da soydaşlarımızın soyqırımı davam etdirildi: SSRİ Nazirlər Sovetinin 1947-ci il 23 dekabr tarixli 4083 saylı və 1948-ci il 10 mart tarixli 754 saylı qərarları vasitəsilə Azərbaycan xalqına qarşı növbəti tarixi cinayət aktı həyata keçirildi. Müasir Ermənistan respublikasının əsil yerli əhalisi olan Azərbaycan türklərindən ötrü sürgün yeri Sibir seçilsə də, sonradan M.C.Bağırovun səyi və cəsarəti nəticəsində məcburi köçkünlər Muğan düzündə yerləşdirildi. Bu qorxunc tədbirin tarixi dərindi: Zaqafqaziyanın sovetləşməsindən öz çirkin məqsədləri üçün istifadə edən ermənilər 1920-ci ildə Zəngəzur və Azərbaycanın bir sıra torpaqlarını Ermənistan SSR-nin ərazisi elan etdilər. Sonrakı dövrdə bu ərazilərdəki Azərbaycan türklərinin zorla köçürülməsi siyasətini daha da genişləndirmək məqsədilə yeni vasitələrə əl atdılar. Bunun üçün «Ermənistan SSR-dən kolxozçuların və başqa azərbaycanlı əhalinin Azərbaycan SSR-nin Kür-Araz ovalığına köçürülməsi haqqında» yuxarıdakı qərara əsasən 1948-1953-cü illərdə azərbaycanlıların öz tarixi torpaqlarından kütləvi surətdə (150 min) deportasiyası baş verdi. 1948-1953-cü illərdə azərbaycanlıların Ermənistan SSR ərazisindən deportasiya edilməsi şəxsiyyətə pərəstişin ifşa edilməsindən sonrakı dövrlərdə də siyasi qiymətini almamışdır.1948-1953-cü illərdə 150 minlik əhalinin şəxsi və ümumi mülkiyyəti Ermənistan SSR tərəfindən mənimsənildi. Bu işdə erməni şovinist dairələrinin və SSRİ rəhbərlərinin cinayətkar siyasəti ilə yanaşı, o dövrkü Azərbaycan rəhbərliyinin öz xalqının taleyinə biganə mövqeyi, soydaşlarımıza qarşı törədilən cinayətlərin təşkilində və həyata keçirilməsində iştirakı da az rol oynamamışdır. «Təəssüf ki, 1948-1953-cü illərdə azərbaycanlıların Ermənistan SSR ərazisindən deportasiya olunması faktı ötən 50 il ərzində lazımınca araşdırılmamış, bu hadisələrə hüquqi-siyasi qiymət verilməmişdir» (Heydər Əliyev). Bu barədə ilk dəfə olaraq dövlət səviyyəsində cənab Heydər Əliyev fərmanla siyasi qiymət verdi (Bakı şəhəri, 18 dekabr 1997-ci il). Fərman xalqımıza qarşı törədilmiş haqsızlıqların və cinayətlərin üstünü açmasında, bunları həm bugünkü, həm də gələcək nəsillərə çatdırmaq zərurətini vurğulamasında ifadə olunan tarixi əhəmiyyəti bu işə bütün cəmiyyətin qoşulmasını şərtləndirir. Hər bir azərbaycanlı tam məsuliyyətlə dərk etməlidir ki, torpaqlarımızın parçalanması, və zəbt olunması, xalqımızın soyqırımına məruz qalması vətəndaşlıq duyğularını gücləndirən, milli məfkurəni ötəri hisslərdən və məqsədlərdən təmizləyən tarixi yaddaşa çevrilməlidir. Bu baxımdan hər kəs yuxarıdakı fərmanın tarixi əhəmiyyətini dərk etməli və orada irəli sürülən vəzifələrin həyata keçirilməsi işinə öz töhfəsini verməyə mühüm vətəndaşlıq borcu kimi yanaşmalıdır. Azərbaycanlıların soyqırımının bütün dəqiqliyi ilə dünya birliyinə çatdırılması onilliklər ərzində uydurulmuş «qondarma məzlum erməni milləti» obrazını pozub dağıtmaq üçün də ən tutarlı vasitədir. Kremlin diqtəsi və N.Nərimanovun bəyanatı-«Respublika», 10.04.1999 6 «Azərbaycan»-31.VII. 1999, -«Vətən sağ olsun».
«Azərbaycan»-28.05.1997 12 Azərbaycan türklərinin Qərbi Azərbaycandan qovulmasının sonrakı mərhələləri məxfi keçirilsə də, 1988-ci ildə son həlledici mərhələsinə çatdı.Deportasiya Stalinin ölümündən sonra dayandırılsa da, 1988-ci ildə ortaya atılan qondarma Dağlıq Qarabağ konfliktinin ilkin mərhələsində yüz minlərlə Azərbaycan türklərinin öz tarixi torpaqlarından qovulması başlandı.1988-1989-cu illər ərzində 250 mindən çox azərbaycanlı Ermənistan SSR-dən deportasiya edildi, onlardan 500 nəfərindən çoxu həmin əsnada qətlə yetirildi.Qaçqınlar fiziki, mənəvi və maddi təqiblərə məruz qaldılar. Tarixi ardıcıllıqla Qərbi Azərbaycan (indiki «Ermənistan») üzrə statistik rəqəmlərə müraciət etsək: indiki Ermənistan ərazisində 1850-ci ildə 76 faiz Azərbaycanlı (Qriboyedov köçürmələrindən sonra), 24 faiz erməni və qeyri-millət, XX əsrin əvvəlində 45 faiz türk, 55 faiz erməni olduğu halda, 1988-ci ildə 92 faiz erməni, 8 faiz Azərbaycan türkü, 1990-ı ildə 99 faiz erməni, 1 faiz qeyri-millət vardı. Ermənilərin sözü ilə deyilsə, «Türksüz Ermənistan» yaradılmışdır.
Artıq 20 ildir ki, Azərbaycan erməni separatçı qüvvələri tərəfindən öz müstəqilliyi və ərazi bütövlüyünün bərpası uğrunda mübarizəyə qoşulmuşdur. Məcburən münaqişəyə cəlb edilən Azərbaycan Respublikasının ərazisinin 20 faizi bu müddət ərzində işğal edilmiş və 1 milyon əhalisi məcburi köçkün və qaçqın vəziyyətinə düşmüş, 20 mindən çox gənc insan həlak olmuşdur. Ermənilər isə öncə bütün dünyaya haray salmışlar ki, Azərbaycan ermənilərə «öz torpaqlarında» - Dağlıq Qarabağda əzab verirlər, onların milli suverenliklərini və müstəqilliklərini qəbul etməyib rədd edirlər. Göründüyü kimi onlar qədim Azərbaycan torpağı olan Dağlıq Qarabağı Ermənistanın bir hissəsi kimi qələmə verirlər. Məqsəd odur ki, dünyada baş vermiş ictimai-siyasi hadisələrdən istifadə edərək dənizdən-dənizə uydurma Böyük Ermənistan düzəltmək, bunun üçün Rus imperiyasının köməyi sayəsində Azərbaycan torpaqlarının - Dağlıq Qarabağın işğalından və Ermənistandan azərbaycanlıların deportasiyasından başladılar. Bu işə keçmiş zamanlarda, o cümlədən I və II Dünya müharibələrinin gedişində və sonrakı illərdə ciddi-cəhdlər göstərmişlər və türk soyqırımları həyata keçirmişlər və nəhayət məqsədlərinə qismən nail olmuşlar.
Nəticədə tarixi Azərbaycan torpağı olan İrəvan xanlığının ərazisində Ermənistan Respublikası yaratmışlar. SSRİ-nin dağılması ərəfəsində və onun yaxın vaxtda dağılmasını qabaqcadan bilən ermənilər yeni tarixi məqamdan istifadə etdilər: Moskvanın razılığı ilə Sumqayıt və Bakıda özləri öz ermənilərinə «erməni talanı və soyqırımı» adı altında sui-qəsdlər təşkil etdilər. Əllərində «fakt» tutan ermənilər əvvəlcə 250 min azərbaycanlını Qərbi Azərbaycandan («Ermənistan»dan) öz dədə-baba torpaqlarından qovdular və əmlaklarını müsadirə etdilər.Yeri gəlmişkən qeyd etmək lazımdır ki, «Ermənistandan» 1988-ci ildə qovulan əhalinin şəxsi əmlakı 3 milyard ABŞ dolları dəyərində, kolxoz və sovxoz əmlakları isə 17 milyard ABŞ dolları deyərindədir. Həmçinin son 1988-1989-cu illər deportasiyasında 179 sırf azərbaycanlı kəndlərinin ərazisi 10352 kvadratkilometr olmuşdur. Təcavüzkarın kim olduğu erməni təbliğatı nəticəsində uzun müddət dünya ictimaiyyətini çaşdırmışdır. Dağlıq Qarabağın 180 minlik əhalisinin dörddə üçünü təşkil edən ermənilər 1988-ci ilin əvvəllərində Azərbaycandan ayrılmaq tələbi irəli sürərək bəyan etdilər ki, hökumət azlıqda qalan ermənilərin ziyanına siyasət yeridir.Əslində isə belə deyildir. O zaman Azərbaycan nə müstəqil siyasətə malik idi, nə də ermənilərə qarşı pis mövqedə deyildi. Dağlıq Qarabağdakı ermənilərin mədəni, məişət və iqtisadi vəziyyəti ətrafındakı azərbaycanlı əhalinin vəziyyətindən qat-qat artıq olmuşdur.
Nəhayət, 1991-ci ildə Sovet ittifaqının süqutundan sonra Dağlıq Qarabağ konflikti Ermənistan-Azərbaycan müharibəsinə çevrildi.Ermənistan ordusu Azərbaycandakı daxili hakimiyyət mübarizəsindən istifadə edərək Azərbaycanın yüzlərlə kənd və qəsəbələrini zəbt etdilər, azərbaycanlı əhalini qırdılar və evlərindən qovdular. Dağlıq Qarabağ ətrafında geniş bufer zonası yaratdılar.
Ermənilərin məkrli siyasətinin aşkarlanması uğrunda mübarizəyə ən əvvəl Heydər Əliyev başladı.Heydər Əliyev Azərbaycanda təkrar hakimiyyətə qayıtdıqdan sonra milli ideologiyanın formalaşması və azərbaycançılıq düşüncəsinin inkişafı üçün bir sıra mühüm fərmanlar imzaladı. Onların içərisində 18 dekabr 1997-ci il tarixli «1948-1953-cü illərdə Azərbaycanlıların Ermənistan SSR ərazisindəki tarixi-etnik torpaqlarından kütləvi deportasiyası haqqında» və 26 mart 1998-ci il tarixli «Azərbaycanlıların soyqırımı haqqında» fərmanları xüsusi əhəmiyyət kəsb edir. Çünki uzun illər Azərbaycan xalqına qarşı həyata keçirilən tarixi ədalətsizliklərə ilk dəfə həqiqi qiymət verilirdi, tarixçilərimizə isə bu sahədə tədqiqatlar aparmağa şərait yaradıldı. Arxivlər onların ixtiyarına verildi, əsl həqiqətlər üzə çıxmağa başladı. Lissabon sammitinə qədər erməni təbliğatı bütün dünyaya bəyan etmişdir ki, guya Azərbaycan onun içərisinə doğru uzanan Ermənistanın Arsak bölgəsini işğal etmişdir. Bu baxımdan «erməni hipnozu»na qarşı Prezidenti Heydər Əliyev əlində sadə bir coğrafi xəritə dünyanın məşhur dövlət xadimlərinə sadə şəkildə izah etdi ki, keçmiş Dağlıq Qarabağ vilayətinin nə hərbi potensialı, nə iqtisadi potensialı, nə də əhali potensialı imkan vermir ki, bütöv bir dövlətlə müharibə aparsın və onun ərazisinin 20 faizini işğal etsin.
Vahid Ömərov
Fəlsəfə üzrə fəlsəfə doktoru,dosent
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB