"Ölkəmizdə olan xalq-iqtidar birliyi bu çətin dönəmdə də bir daha öz gücünü göstərdi" - Ceyhun Osmanov

"Ölkəmizdə olan xalq-iqtidar birliyi bu çətin dönəmdə də bir daha öz gücünü göstərdi" - Ceyhun Osmanov

Ötən ilin sonlarından dünyanın bir sıra ölkələrində indiyə qədər tibb elminə məlum olmayan yeni növ koronavirus adlı yoluxucu xəstəlik qeydə alınmağa başladı. Qısa zamanda virus dünya ölkələrinə yayılaraq pandemiyaya çevrildi. Təəssüflər olsun ki, fevral ayının son günlərində yoluxma halına ölkəmizdə də rast gəlindi. Heç bir peyvəndi, vaksini olmayan bu xəstəliyə qarşı yeganə mübarizə tədbiri isə sosial təcrid qaydalarının tətbiq edilməsidir. Bir çox inkişaf etmiş Avropa ölkələrinin ilk günlərdə ciddiyə almadıqları və bu gün çox acı nəticəsini yaşadıqları virusa qarşı ölkəmizdə zamanında ciddi preventiv tədbirlər görülməyə başlandı.

Belə ki, ölkəmizdə ilk yoluxma halı fevral ayının 28-də qeydə alındıqdan cəmi 3 gün sonra bütün təlim-tədris müəssisələrində dərslər dayandırıldı. Təxirəsalınmaz formada qabaqlayıcı tədbirlər çərçivəsində qonşu ölkələrlə, xüsusilə də virusun geniş yayıldığı İranla sərhədlər bağlandı. İri ticarət mərkəzləri, restoranların, iaşə obyektlərinin fəaliyyəti ilkin mərhələdə məhdudlaşdırılsa da təhlükənin yayıla biləcəyi nəzərə alınaraq supermarketlər, ərzaq dükanları və apteklərin fəaliyyəti adi qaydada saxlanılmaqla bütün bu qəbildən olan obyektlərin fəaliyyəti dayandırıldı. Prezident İlham Əliyev və birinci xanım Mehriban Əliyeva xalqa müraciət edərək sağlamlığımız naminə evdə qalmağa və bu məsələdə həmrəylik nümayiş etdirməyə çağırış etdilər. Ölkəmizdə olan möhkəm əsaslı xalq-iqtidar birliyi bu çətin dönəmdə də bir daha öz gücünü göstərdi.

SİA xəbər verir ki, bu sözləri AZƏRTAC-a açıqlamasında Milli Məclisin deputatı Cavid Osmanov deyib.

O qeyd edib ki, Prezidentin tapşırığına əsasən Nazirlər Kabineti yanında yaradılmış Operativ Qərargah çox ciddi iş qrafiki əsasında ilk gündən fəaliyyətə başladı və zamanında ölkə ictimaiyyətini lazimi formada maarifləndirmək və dəqiq informasiyalarla məlumatlandırmaq işini həyata keçirdi. Bu istiqamətdə işlər hər gün davam etdilməkdədir. Koronavirus səbəbindən karantin rejimi tətbiq edilən ölkələrdə iqtisadi inkişaf ləngimələrlə, artım tempinin zəifləməsi ilə müşahidə olunmaqdadır. Azərbaycan dövləti Prezident İlham Əliyevin uzaqgörən siyasəti nəticəsində mövcud vəziyyətdə bu sahədən də minimum itkilərlə çıxa biləcək. Məhz bunun üçün Prezidentin tapşırığı və rəhbərliyi ilə ölkədə koronavirus pandemiyasına qarşı genişmiqyaslı tədbirlər görülür, məşğulluğa və sosial rifaha dəstək məqsədilə fəal siyasət aparılır.

Cavid Osmanov deyib: “Dövlət başçısının 2020-ci il 19 mart tarixli Sərəncamının icrası ilə bağlı təsdiqlənmiş Tədbirlər Planında məşğulluğa və sosial rifaha dəstək məqsədilə 4 istiqamət üzrə 10 tədbir əksini tapıb. Aprelin 17-də Prezident tərəfindən elan edilən yeni dəstək tədbirləri ilə 2,5 milyon vətəndaşı əhatə edən məşğulluq və sosial rifah istiqamətinə 600 milyon manat vəsait ayrılıb. Dövlət və qeyri-dövlət sektoru üzrə iş yerlərinin və işçilərin əməkhaqqı gəlirlərinin qorunması üçün məqsədyönlü işlər aparılıb. Karantin rejimi tətbiq edilən ilk günlərdən ölkədə 65 yaşdan yuxarı tənha və kimsəsiz şəxslərə evlərində sosial xidmətlərin göstərilməsi, xüsusi qayğıya ehtiyacı olan şəxslərə isə sosial xidmət müəssisələrində xidmət göstərilməsi işləri aparılır. Ümumilikdə 15 mindən çox tənha yaşlıya sosial xidmətlər göstərilir. Heydər Əliyev Fondunun təşəbbüsü və iştirakı ilə digər sosial tərəfdaşlar vasitəsilə 17 minədək ərzaq payı tənha, əlilliyi olan şəxslərə və aztəminatlı ailələrə verilib. Bu proses hazırda da davam edir. Eyni zamanda, işsiz kimi qeydiyyata alınmış şəxslərə birdəfəlik ödəmələrin verilməsi və bu prosesin tamamilə elektron qaydada həyata keçirilməsi pandemiya dövründə insanların sosial rifah halını yaxşılaşdırılması ilə yanaşı onların sağlamlığının da qorunmasını təmin etmiş olur. Prezident İlham Əliyevin qərarı ilə birdəfəlik ödəmə aprel-may aylarını əhatə etməklə 600 min şəxsə ödəniləcək. Növbəti mərhələdə bu şəxslərin rəsmi məşğulluğunu təmin etmək üçün zəruri məlumatlar toplanacaq və uçot yaradılacaq. Bundan əlavə, 300 min muzdlu işçinin əmək haqlarının bir hissəsi maliyyələşdirilir və təqribən 300 min fərdi sahibkara dəstək veriləcək. DOST İş mərkəzləri vasitəsi ilə aprel-may ayları üzrə 50 min ödənişli ictimai iş yerinin yaradılmasına başlanılıb, bunun üçün 30 milyon manat vəsait ayrılıb”.

İşsizlikdən sığorta ödənişlərinin əhatə dairəsinin genişləndirilməsi də bu sahədə görülən əsas tədbirlərdən olacaq. Bu barədə danışan deputat bildirib ki, əmək müqaviləsinin müddəti bitmiş şəxslərə də işsizlikdən sığorta ödənişi şamil ediləcək və 2020-ci il üçün bu növ ödənişin 20 min nəfəri əhatə etməsi nəzərdə tutulur. Pandemiya dövründə işsizlikdən sığorta ödənişinin müddəti bitmiş işsiz şəxslərə sığorta ödənişinin, peşə hazırlığı prosesində fasilə yaranmış kursların müdavimlərinə təqaüdün verilməsi müddəti də uzadılıb. Ümumilikdə, 2 min nəfəri əhatə edən bu sosial tədbirə 600 min manat ayrılıb. Post-pandemiya dövründə özünüməşğulluq proqramının genişləndirilməsi və icrasının sürətləndirilməsi də dövlətimizin əsas prioritetlərindəndir. Bu məqsədlə 2020-ci ildə 12 min ailənin özünüməşğulluq proqramına cəlb edilməsi üçün işlər aparılır. Sırf bunun üçün İşsizlikdən Sığorta Fondundan 70 milyon manat ayrılıb.

Özünüməşğulluq Proqramın genişləndirilməsi ilə bağlı Heydər Əliyev Fondunun Regional İnkişaf İctimai Birliyi ilə əməkdaşlıq edilir. Proqramın həyata keçirilməsi üçün banklarla da əməkdaşlıq edilir və artıq aprelin 8-dən etibarən banklar tərəfindən proqram iştirakçılarına aktivlərin verilməsinə başlanılıb. Dünya Bankı ilə birgə həyata keçiriləcək layihə nəticəsində isə hər il 5 min ailənin özünüməşğulluğunun təmin edilməsi nəzərdə tutulur. BMT-nin İnkişaf Proqramı ilə birgə 500 əlilliyi olan şəxsin biznesə çıxışına dəstəyin verilməsini də qeyd etmək yerinə düşər.

Deputat qeyd edib ki, pandemiya dövründə dünya iqtisadiyyatında dalğalanmaların yaşandığı bir zamanda ölkəmizdə insanların evdə qalaraq işdən uzaq olmalarına rəğmən bütün işləyən şəxslərin maaşları hər ay olduğu kimi, karantin müddətində də tam ödəniləcək. Təkcə işləyən şəxslərin maaşları deyil, bütün növ ödənişlər, pensiya, təqaüd və müavinətlərin ödənilməsi həyata keçiriləcək.

Artıq aprelin 8-15-də respublika üzrə aprel ayı üçün pensiyalar tam ödənilib, ayın 20-21-də müavinət, təqaüd və kompensasiya, ayın 28-də isə ünvanlı dövlət sosial yardımlarının ödənişi aparılacaq. Ümumilikdə, bu ödənişlərdən 2,3 milyon nəfər yararlanır və Dövlət Sosial Müdafiə Fondunun 2019-cu il üzrə yaranmış 200 milyon manat ehtiyatı əhaliyə məhz sosial ödənişlərin davamlılığının təmin edilməsinə yönəldilib.

“Prezident İlham Əliyevin xüsusi tapşırığına əsasən ünvanlı dövlət sosial yardımının verilməsinin müddəti uzadılıb və təyinatı sadələşdirilib. Belə ki, xüsusi karantin rejimi müddətində ünvanlı dövlət sosial yardımının təyin olunma müddəti bitən aztəminatlı ailələrə də bu yardımın verilməsi karantin rejimi başa çatdığı tarixdən sonrakı ayın 1-dək uzadılıb. Bunun üçün əlavə 3 milyon manat vəsait ayrılıb. Həmçinin aprelin 1-dən ünvanlı sosial yardım alanların sayı 10 min ailə artırılıb, ümumilikdə, 80 min ailənin 330 min üzvü ünvanlı sosial yardım proqramı ilə əhatə olunub. Ünvanlı dövlət sosial yardımı alan hər ailəyə düşən yardımın məbləği 222 manat təşkil edir. Prezidentin rəhbərliyi ilə dövlətimizin əhalinin sosial rifah halının yaxşılaşdırılması üçün gördüyü işlər hər bir təbəqəni əhatə edir. Əhalinin dəstəyə davamlı ehtiyacı olan təbəqələrindən biri də sağlamlıq imkanları məhdud şəxslər, xüsusilə də bu qəbildən olan uşaqlardır. Dövlətimiz bu təbəqədən olan şəxsləri düşünərək, 2020-ci il martın 1-dən etibarən əlillik müddəti başa çatan əlilliyi olan şəxslərin, o cümlədən sağlamlıq imkanları məhdud uşaqların əlillik müddəti xüsusi karantin rejiminin bitdiyi tarixdən sonrakı ayın 1-dək uzadılıb. Bu tədbir 14 min nəfəri əhatə edir və bunun üçün 2,6 milyon manat vəsait ayrılıb. Dövlət tərəfindən həyata keçirilən tədbirlərin siyahısına nəzər saldıqda görürük ki, sosial baxımdan həssas əhali qrupuna aid edilən ailələrin üzvü olan tələbələrin təhsil haqqı xərcləri ödəniləcək. Bu proqram 17 mindən çox tələbəni əhatə edəcək və bu məqsədlə 40 milyon manat vəsait ayrılıb. Əhalinin yaranan məsrəflərinin azaldılması istiqamətində atılmış digər bir addım isə əhali qrupundan olan istehlakçılar üçün güzəştli işıq limitinin aprel-may aylarında 100 kvts. həcmində artırılmasıdır”, - deyə o bildirib.

Cavid Osmanov, həmçinin qeyd edib ki, Azərbaycan dövlətinin pandemiya dövründə həyata keçirdiyi qabaqlayıcı tədbirlər və eləcə də postpandemiya dövrü üçün nəzərdə tutulmuş proqramlar dünya mətbuatında təqdir olunur, bütün bu tədbirlər, xüsusilə pandemiya ilə mübarizə tədbirləri Ümumdünya Səhiyyə Təşkilatı tərəfindən yüksək qiymətləndirilir: “Prezident İlham Əliyevin rəhbərliyi ilə dövlətimizin həyata keçirdiyi tədbirlər bir daha sübut edir ki, Azərbaycan dövləti hər zaman vətəndaşının yanındadır, dövlətimizin başçısının yürütdüyü siyasətin mərkəzində isə məhz ölkə vətəndaşları dayanır. Biz vətəndaşlar da dövlətimizin, dövlət başçımızın ətrafında hər zaman olduğu kimi, bu çətin günlərdə də sıx birləşməli, həmrəylik nümayiş etdirərək xalqımızın sağlamlığını, dövlətimizin təhlükəsizliyini təmin etməliyik. Çünki, biz birlikdə güclüyük!”

Bütün xəbərlər Facebook səhifəmizdə