"Yeni həyat" qəzetinin növbəti nömrəsi oxuculara çatdırılıb

Masallı Rayon İcra Hakimiyyətinin təsisçiliyi ilə həftədə bir dəfə, səkkiz səhifədə nəşr olunan «Yeni həyat» qəzetinin növbəti nömrəsi qısa fasilədən sonra, 10 aprel 2020-ci il tarixdə (№21 — 22 (6903)) təzədən oxucularının görüşünə gəlib. Qəzetin təzə nömrəsinin birinci səhifəsində Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin dediyi “Bizim əsas vəzifəmiz xalqımızı, dövlətimizi qorumaqdır” başlığı altında ölkə rəhbərinin dediyi "Operativ tədbirlər nəticəsində imkan vermədik ki, bu bəla ölkədə geniş vüsət alsın. Ancaq bizim gələcək uğurumuz bundan sonra böyük dərəcədə insanların hərəkətlərindən asılı olacaq. Dövlət nə mümkünsə onu edib. Bu gün sərtləşdirilmiş, məhdudlaşdırıcı tədbirlər qüvvədədir. İnsanlar məsuliyyətli olmalıdırlar, özlərini, yaxınlarını, ailə üzvlərini qorumalıdırlar. Necə ki, biz birlik, həmrəylik göstəririk, eyni tərzdə məsuliyyət və nizam-intizam göstərməliyik" sözləri yer alıb. Həmin səhifədəki 3 şəkil cənab Prezidentin təzə açılan xəstəxanaya səfərindən bəhs edir.

İkinci səhifədən başlamış yeddinci səhifəyə boyu, bütün səhifələrdə Prezidentin dediyi "BİZ BİRLİKDƏ GÜCLÜYÜK. İLHAM ƏLİYEV. AZƏRBAYCAN RESPUBLİKASININ PREZİDENTİ" cümləsi ilə müşayiət olunur.

İki və üçüncü səhifələrdə Azərbaycanın Birinci vitse-prezidenti Mehriban xanım Əliyevanın əhaliyə müraciətləri yer alıb. Dördüncü və beşinci səhifələrdə Masallı rayonunda, rayon icra hakimiyyətinin başçısı cənab Şahin Məmmədovun rəhbərliyi ilə koronavirusla mübarizə məqsədilə əhalinin maarifləndirilməsinə diqqət artırılması barədə geniş fotoreportajda öz əksini tapıb.

Digər yazılar "Koronavirus (COVİD-19) infeksiyasına qarşı təmizlik və dezinfeksiya işlərinin aparılması barədə Masallı Rayon İcra Hakimiyyəti başçısının Əmri", "Vətəndaşların nəzərinə!", "Masallıda 1400 ailəyə ərzaq paylanıb" və masallı xeyriyyəçiləri, dezinfeksiya, karantin nəzarəti, yaşlı və tənha insanlara əzaq paylanması, mədəniyyət işçilərinin keçmiş həmkarlarının ziyarəti haqqındakı məqalələr də oxucuların diqqətini çəkir.
Səkkizinci səhifədəki "Deyilən söz yadigardır" başlığı altında verilmiş ədəbiyyat inciləri, "Aprel etüdləri" və s. bu nömrədə işıq üzü tapıb.

Əminik ki, çətin, yuxusuz, məsuliyyətli jurnalist əməyi ilə əmələ gələn, mətbəə qoxulu "Yeni həyat"ın bu nömrəsi də oxucuların rəğbətini qazanacaq…

Əlihüseyn Şükürov

Bütün xəbərlər Facebook səhifəmizdə