Əflatun Amaşov jurnalistlərin fəaliyyəti haqda danışdı ÖZƏL - AÇIQLAMA

"Koronavirusla mübarizə fonunda hadisələrin işıqlandırılması baxımından KİV nümayəndələri önəmli bir missiyanı həyata keçirirlər. İnsanların maarifləndirilməsində kifayət qədər önəmli rol oynayırlar". Bu sözləri SİA-ya açıqlamasında Mətbuat Şurasının sədri Əflatun Amaşov Azərbaycanda hərəkətin məhdudlaşdırılması ilə bağlı danışarkən deyib.

Kütləvi İnformasiya Vasitələri nümayəndələrinin bu dövr ərzində öz fəaliyyətini necə davam etdirəcəyi ilə bağlı danışan Şura sədri bildirib ki, jurnalistlər xidməti vəsiqələri vasitəsilə öz işlərinə davam edə bilərlər:

"Bu dövr ərzində hadisələrin işıqlandırılması baxımından KİV nümayəndələri önəmli bir missiyanı həyata keçirirlər. Jurnalistlər də digər həyat əhəmiyyətli peşələrdə çalışan şəxslər kimi bu dövr ərzində öz fəaliyyətlərinə davam edəcəklər. Hazırda cəmiyyətimiz üçün jurnalislərin fəaliyyəti böyük önəm daşıyır".

Əflatun Amaşov vurğulayıb ki, koronavirusla mübarizədə Operativ Qərargahın fəaliyyətinin işıqlandırılması və ictimaiyyətə çatdırılması baxımından da jurnalistlər fəal iştirak edirlər:

"İctimaiyyətin bu istiqamətdə maarifləndirilməsində jurnalistlərin rolu danılmazdır. Buna görə də onların fəliyyətinə şans yaradılır ki, onlar hadisələri dolğun və operativ şəkildə işıqlandırsınlar və əsasən də indiki dövrdə rəsmi qurumların yaydığı məlumatları işıqlandırmaqda fəal iştirak etsinlər. Digər bir məsələ isə ondan ibarətdir ki, əgər ehtiyac yoxdursa jurnalistlər öz fəaliyyətlərini evdən də davam etdirə bilərlər. Zəruri məlumatları onlayn şəkildə də cəmiyyətə çatdıra bilərlər".

Jurnalistlərin fəaliyyətlərini hansı qaydada davam etdirəcəkləri ilə bağlı danışan Ə.Amaşov qeyd edib ki, onlar indiki vəziyyətdə fəaliyyət göstərərkən mütləq şəkildə yanlarında şəxsiyyət vəsiqələri, eyni zamanda redaksiyanın təqdim etdiyi vəsiqələr, yəni "press-kart"lar olmalıdır:

"Bakı qeydiyyatında olanlar, Bakıda fəaliyyət göstərən jurnalistlər şəhərdən kənara çıxmamalıdırlar. Onlara vəsiqələr verilərkən vəsiqənin keçərlilik müddətinə diqqət etmək lazımdır. Redaksiyalar KİV nümyəndələrinə tapşırıqları sənəd şəklində verməlidir ki, onların hansı işləri həyata keçirəcəkləri və hara yollanacaqları məlum olsun. Çox təəssüf ki, bəzi məqamlarda vəsiqələrin vaxtı keçmiş olur. Vəsiqələr verilərkən bu və digər məsələlərə diqqət ayrılmalıdır. Jurnalistlər də digər vətəndaşlar kimi maska və əlcəklərdən təbii ki, istifadə etməlidirlər. Bu gərgin iş rejimində özlərini mütləq şəkildə qorumalıdırlar".

Müəllif: Nigar Məmmədova

Bütün xəbərlər Facebook səhifəmizdə

loading...