Çayoba kəndində əhali ilə görüş

Rayon icra hakimiyyətinin başçısı Qəzənfər Ağayev Pensər kənd inzibati ərazi dairəsi üzrə nümayəndəliyinin Çayoba kəndində əhali ilə səyyar qəbul-görüş keçirib. Görüşdə rayonun inzibati orqanlarının, idarə və müəssisələrin rəhbərləri iştirak ediblər.

Səyyar qəbul-görüşdə sakinlərin qaldırdıqları problemlər öyrənilib, təklifləri dinlənilib, məsələlərin həlli ilə əlaqədar aidiyyəti üzrə tapşırıqlar verilib.

Çıxış edənlər ümumilikdə Respublikada, rayonda və yaşadıqları Çayoba kəndində vətəndaşların rifah halının yaxşılaşdırılmasına xidmət edən çoxsaylı layihələrin həyata keçirilməsinin əhəmiyyətindən danışaraq inkişafa, tərəqqiyə və insanların həyat səviyyəsinin yüksəldilməsinə istiqamətlənən dövlət tədbirlərindən razılıqla danışıblar. Təməli ulu öndər Heydər Əliyev tərəfindən qoyulan müstəqil Azərbaycanın çiçəklənməsi, insanların rahat yaşayışının təmin edilməsi üçün həyata keçirdiyi çoxsaylı tədbirlərə görə cənab Prezidentə hədsiz minnətdarlıqlarını bildiriblər. Sakinlər icra başçısının vətəndaşlarla vaxtaşırı olaraq yaşadıqları ərazidə görüş keçirməsini, qaldırılan məsələlərin operativ həlli üçün tapşırıqlar verməsini yüksək dəyərləndirərək minnətdarlıq ediblər.

İcra başçısı səmimi görüşə görə sakinlərə təşəkkür edib, söylənilən təkliflər, qaldırılan məsələlərin bir qisminin həlli barədə verilən tapşırıqların icrasını nəzarətdə saxlayacağını, digərlərinin isə həllinə mümkün zamanda birgə nail olunacağını diqqətə çatdırıb. Ölkə Prezidenti İlham Əliyevin məqsədyönlü siyasəti ilə yüksək inkişaf yolunda olan müstəqil dövlətimizin bütün sahələrdə uğurlar qazandığını bildirərək, bu inkişafın gündən-günə yaxşılaşan sosial həyatımızda hiss olunduğunu vurğulayıb. Əhalinin yaşayış səviyyəsinin yaxşılaşdırılması üçün ölkə Prezidenti möhtərəm cənab İlham Əliyevin imzaladığı Sərəncamlarla əhalinin bütün təbəqəsini əhatə edən sosial paketin icrasının insanların yaşayışına əhəmiyyətli təsirindən danışıb.

Son illər rayonumuzda çoxlu tikinti-quruculuq işlərinin həyata keçirildiyini qeyd edərək, aran yaşayış məntəqələri ilə yanaşı, avtomobil yolu və işığı olmayan ən ucqar kəndlərə çəkilən yollar, elektrik xətləri və digər sosial obyektlərin inşası ilə rahatlığının təmin edildiyini bildirib, bu cür sosial layihələrin icrasının davamlı olacağını diqqətə çatdırıb.

Bütün bunların ulu öndər Heydər Əliyev siyasətinin təntənəsi və bu siyasəti uğurla davam etdirən cənab Prezidentimizin xalqla birliyinin vəhdəti olduğunu qeyd edən icra başçısı, görüş iştirakçılarını ölkə rəhbəri ətrafında sıx birləşməyə, ölkəmizdə bərqərar olan əmin-amanlığı, sabitliyi qorumağa, Azərbaycanımızın daha da qüdrətlənməsi naminə cənab Prezidentin həyata keçirdiyi işlərə hər zaman dəstək olmağa çağırıb.

Bütün xəbərlər Facebook səhifəmizdə

loading...