"Əminəm ki, parlament seçkiləri Azərbaycanda demokratiyanın təntənəsi kimi tarixə düşəcək"

Fevralın 9-da Azərbaycan parlamentinə seçkilərin keçirilməsi cəmiyyətin sifarişidir. Ölkədə aparılan islahatların tərkib hissəsi olan bu proses uzaq hədəflərə hesablanmış strategiyadır. Bu fikirləri AZƏRTAC-a açıqlamasında Türkiyənin ölkəmizdəki sabiq səfiri Hulusi Kılıç bildirib.

Hulusi Kılıç deyib ki, demokratik cəmiyyətlərdə islahatlar davamlı və təxirəsalınmaz prosesdir. Prezident İlham Əliyevin dövlət və hökumət strukturlarında apardığı əsaslı islahatlar rəğbətlə qarşılanır. Siyasi plüralizm, söz və mətbuat azadlığı mövcud olan ölkələrdə cəmiyyət hər zaman yeniliklərin tətbiq olunmasını istəyir. Azərbaycan Milli Məclisi böyük bir inkişaf yolu keçmiş qanunverici orqandır. Ötən il yüz yaşını qeyd edən parlament bir əslik fəaliyyətində tarixi missiya həyata keçirib. Ümummilli lider Heydər Əliyevin sədrliyi dövründə Milli Məclis müstəqilliyini bərpa edən Azərbaycan dövlətini təlatümlərdən qurtarmaq yolunda qətiyyətli addımlar atıb. Azərbaycanda Milli Məclisin buraxılması və yeni seçkilərin keçirilməsi bir tərəfdən ölkədəki demokratiyanın göstəricisidirsə, digər tərəfdən islahatların zəruriliyinin cəmiyyətin bütün təbəqələri tərəfindən dəstəklənməsinin sübutudur. Sevindiricidir ki, parlament seçkilərində namizədlər arasında yüksək intellektli, bacarıqlı gənclər üstünlük təşkil edir. Bu da onu deməyə əsas verir ki, yeni tərkibli parlament cəmiyyətin gözləntilərinə uğurla cavab verəcək.

Hulusi Kılıç əminliklə bildirib ki, 9 fevral seçkiləri Azərbaycanda demokratiyanın təntənəsi kimi tarixə düşəcək.

Bütün xəbərlər Facebook səhifəmizdə

loading...