Baş Prokurorluq Xaçmazda baş verən ölüm hadisəsi ilə bağlı məlumat yayıb

Yanvarın 20-də Xaçmaz şəhər sakini, 1967-ci il təvəllüdlü Rəşid Məmmədovun Xaçmaz şəhərində yerləşən “Aygün” şadlıq sarayında hündürlükdən yıxılaraq ölməsi barədə daxil olmuş məlumat əsasında polis və prokurorluq əməkdaşlarının iştirakı ilə dərhal hadisə yerinə baxış keçirilib.

Baş Prokurorluğun mətbuat xidmətindənSİA-ya bildiriblər ki, faktla bağlı Xaçmaz Rayon Prokurorluğunda cinayət işi başlanıb. İş üzrə məhkəmə-tibb, məhkəmə-təhlükəsizlik texnikası ekspertizaları təyin olunub, şahidlər dindirilib və digər zəruri prosessual hərəkətlər yerinə yetirilib.

Aparılmış istintaqla fərdi sahibkarlıq fəaliyyəti məşğul olan 1960-cı il təvəllüdlü Bəxtiyar Əmrahovun müqavilə əsasında icarəyə götürdüyü həmin şadlıq sarayının təhlükəsizlik qaydalarına riayət etməsi cavabdehliyini öz öhdəsinə götürməklə texniki təhlükəsizlik və əmək mühafizəsinin başqa qaydalarına riayət olunması vəzifəsi həvalə edilmiş şəxs olaraq əmək müqaviləsi ilə fəhlə kimi işə götürülmüş Rəşid Məmmədovun həmin qaydaları pozaraq elektrik lampalarını yenisi ilə əvəz etdiyi çilçıraqları sarayın asma tavanına taxta nərdivanla qalxmasına qadağa qoymamasına və sonuncunun ehtiyatsızlıqdan hündürlükdən yıxılaraq ölməsinə səbəb olmasına əsaslı şübhələr müəyyən edilib.

Bəxtiyar Əmrahova Cinayət Məcəlləsinin 162.2-ci (əmək mühafizəsi qaydalarını pozma ehtiyatsızlıqdan insan ölümünə səbəb olduqda) maddəsi ilə ittiham elan olunaraq barəsində məhkəmənin qərarı ilə həbs qətimkan tədbiri seçilib.

Hazırda cinayət işi üzrə zəruri istintaq tədbirləri davam etdirilir.

Bütün xəbərlər Facebook səhifəmizdə