Qazaxda bir top mərmisi və iki mina tapılıb

Qazaxda bir top mərmisi və iki mina tapılıb

Yanvarın 7-də saat 12:25-də Dövlət Sərhəd Xidmətindən (DSX) Azərbaycan Respublikası Ərazilərinin Minalardan Təmizlənməsi üzrə Milli Agentliyə (ANAMA) Qazax rayonunun Quşçu Ayrım kəndində mərminin və minanın tapılması barədə məlumat daxil olub. ANAMA-dan bildiriblər ki, məlumata əsasən agentliyin xüsusi mobil çevik əməliyyat qrupunun və DSX-nin əməkdaşları dərhal həmin əraziyə göndərilib.

Qeyd olunmuş ərazidə otlaq sahəsinə baxış keçirilib. Təhlükəsizliyi təmin etmək məqsədilə ərazi sərhədçilər tərəfindən əhatəyə alınıb. Agentliyin mütəxəssisləri tərəfindən aparılan təxirəsalınmaz əməliyyat-axtarış tədbirləri nəticəsində bir ədəd 100 millimetrlik top mərmisi (OF-412) və iki ədəd piyada əleyhinə OZM-72 minası aşkarlanıb. Həmin hərbi sursatlar zərərsizləşdirilməsi üçün götürülərək agentliyin mərkəzi məhvetmə ərazisinə daşınıblar.

Agentlik tərəfindən yanvarın 1-dən 7-dək üç siqnal (əməliyyat çağırışı) əsasında üç operativ və təxirəsalınmaz əməliyyat çıxışı olub. Nəticədə Qazax, Tovuz rayonlarında və Bakı şəhərində bir ev və həyətyanı sahəyə, təmas xəttinə baxış keçirilib, beş ədəd partlamamış hərbi sursat və iki ədəd piyada əleyhinə mina zərərsizləşdirilib. Ümumilikdə 150 kvadratmetr ərazi yerüstü və 6 kvadratmetr ərazi yeraltı yoxlanılıb.

Bütün xəbərlər Facebook səhifəmizdə