Azad İsazadə: “Önəmli silah ixracatçısı olmaq üçün ilk növbədə ağır silahları istehsal etməliyik“ - MÖVQE

Azad İsazadə: “Önəmli silah ixracatçısı olmaq üçün ilk növbədə ağır silahları istehsal etməliyik“ - MÖVQE

Xəbər verildiyi kimi, fevral ayının 20-dən başlayaraq Birləşmiş Ərəb Əmirliklərinin Əbu-Dabi şəhərində "İDEX-2011" Beynəlxalq Müdafiə Sənayesi Sərgisi açıq elan edilib. Azərbaycan da həmin beynəlxalq sərgidə müafiə naziri Səfər Əbiyev və müdafiə sənayesi naziri Yavər Camalov və Dövlət Sərhəd Xidmətinin rəisi Elçin Quliyevlə təmsil olunur. Bu sərgiyə dünyanın ən məşhur silah istehsalçıları toplaşıb. Azərbaycan silah bazarına indiyə qədər heç vaxt olmayan sayda, rekord həddə müdafiə təyinatlı məhsullarla qatılıb. Belə ki, Azərbaycan sərgidə NATO standartlarına cavab verən 71 adda müdafiə təyinatlı məhsulla təmsil olunur. Bura əsasən yüngül atıcı silahlar, müxtəlif çeşidli hərbi sursatlar, optik nişangahlar, minaatanlar və snayper tüfəngləri aiddir. Yaxın Şərq və Şimali Afrika bölgəsinin ən böyük hərbi sərgisinə 52 ölkədən 150-dən artıq nümayəndə heyəti qatılıb. Sərgi fevralın 24-nə qədər davam edəcək.

 

Sərgi çərçivəsində Azərbaycanla Türkiyə arasında reaktiv raketlərin birgə istehsalına dair müqavilə imzalanıb. Müqaviləyə əsasən, Azərbaycanın Müdafiə Sənayesi Nazirliyi və Türkiyənin "ROKETSAN" şirkəti birgə 107 və 120 mm-lik reaktiv raketlər istehsal edəcək. Daha bir xəbərə görə isə, Pakistan Azərbaycanla müştərək şəkildə aviabombaların istehsalını həyata keçirəcək. Bu barədə "Global Industrial & Defence Solitions" (GIDS) şirkətlər qrupunun marketinq direktoru Məhəmməd Salman məlumat verib. Azərbaycan tərəfi ilə bu layihə üzərində müzakirələr aparıldığını deyən şirkət rəsmisi istehsal olunan aviabombaların beynəlxalq standartlara cavab verdiyini vurğulayıb. Hazırda şirkətin istehsalı olan RPB tipli aviabombalar dünyanın müxtəlif ölkələrinə ixrac olunur.

 

Hərbi ekspert Azad İsazadə hesab edir ki, "İDEX-2011" silah sərgisi olmaqla yanaşı, həm də iqtisadi bir bazardır. SİA-ya açıqlamasında o, bildirib ki, sərgidə iştirak Azərbaycanın yaxın gələcəkdə silah bazarında yerini möhkəmlətməsi üçün ilkin addımlarıdır.

 

Sərgidə silah istehsalında həm güclü, həm orta, həm də zəif dövlətlərin olduğunu bildirən hərbi ekspert qeyd edib ki, silah ixracı imkanlarının artması Azərbaycana bu sahədən gələn gəlirlər ilə daha müasir və keyfiyyətli silahların istehsalına imkan verəcək: "Biz hər şeydən əvvəl bazara çıxardığımız silahların keyfiyyətinə cavabdeh olmalıyıq. Buna nail olduğumuz halda, əldə olunan gəlirlər ilə daha güclü müdafiə sənayesini yaratmaq olar. Azərbaycan lazım olan silah-sursatı idxaı edir. Sözügedən sərgi həmçinin, lazım olan silahları seçmək baxımından da əhəmiyyətlidir. Bu baxımdan sərgini iqtisadi əməliyyatların yerinə yetirildiyi məkan adlandırmaq olar".

 

Azərbaycanın sərgidə 71 adda müdafiə təyinatlı məhsulla təmsil edildiyini diqqətə çatdıran A.İsazadə bildirib ki, ölkənin önəmli silah ixracatçısı olmasını yaxın gələcəkdə gözləmir: "Önəmli silah ixracatçısı olmaq üçün ilk növbədə ağır silahların istehsalı vacibdir. Bunun üçün isə ağır sənaye, maşınqayırma, cihazqayırma sahələri inkişaf etdirilməlidir".

 

Azərbaycanın Türkiyə və Pakistanla hərbi əməkdaşlığına da toxunan ekspert qeyd edib ki, hərbi əməkdaşlıq üçün hansı ölkənin olması o qədər də əhəmiyyətli deyil. A.İsazadə vurğulayıb ki, birgə hərbi əməkdaşlıq xarici ölkələrin hərbi təcrübəsinin öyrənilməsi baxımından da əhəmiyyət kəsb edir: "Azərbaycan bir çox ölkələrlə, həmçinin Türkiyə, Pakistan və Rusiya ilə hərbi əməkdaşlıq edir. Təbii ki, hər bir ölkə ilə hansısa silah növünə görə. Hal-hazırda Azərbaycan ordusunun əlindəki silahların əsasını Rusiya müdafiə sənayesinin məhsulları təşkil edir. Yaxın gələcəkdə də bu vəziyyətin dəyişəcəyini gözləmək olmaz. Çünki, Rusiya silah sənayesi də durmadan inkişaf edir və daha yeni silahlar meydana çıxır".

Bütün xəbərlər Facebook səhifəmizdə