Qadınlar boşandıqlarını SMS vasitəsilə öyrənəcəklər

Qadınlar boşandıqlarını SMS vasitəsilə öyrənəcəklər

Səudiyyə Ərəbistanında Vəliəhd, Şahzadə Məhəmməd ibn Salmanın başçılığı ilə başladılmış reformlar çərçivəsində, ərləri tərəfindən boşanmış qadınlara mobil telefon mesajları göndəriləcək. SİA-nın Səudiyyə Ərəbistanı mətbuatına istinadən verdiyi məlumata görə, yanvarın 6-sı qüvvəyə minmiş proqram vasitəsi ilə, kişilərin birtərəfli olaraq evliliklərini bitirə bildiyi ölkədə, qadınlar məhkəmə qərarı elan olunan kimi, boşandıqlarını öyrənə biləcəklər. Daha öncə, ərləri tərəfindən boşanan qadınlara hər hansısa məlumat verilmirdi.

Yayılmış informasiyaya əsasən, yeni proqramın əsas məqsədlərindən biri də, qadınların aliment haqlarının qorunması və onların bank hesablarının keçmiş ərləri tərəfindən istifadəsini əngəlləməkdir.

Qeyd olunur ki, Səudiyyə Ərəbistanında, bir çox qadın ərləri tərəfindən boşandıqlarını xeyli vaxt sonra öyrənirlər.

Səudiyyə Ərəbistanında qadınlar nələri edə bilməz?

Keçən il, Səudiyyə Ərəbistanında, qadınların avtomobil idarə etməsiylə bağlı qadağa ləğv olunmuşdu. Artıq ölkədə, qadınlar futbol matçları izləyə və əvvəllər, sadəcə kişilərin çalışdığı bəzi sahələrdə işləyə bilirlər.

Lakin Səudiyyə Ərəbistanlı qadınlar, hələ də onları müşayiət edən şəxslər ( daha çox, ər, ata, qardaş və ya oğul) olmadığı təqdirdə, passport müraciətləri edə, əcnəbi ölkələrə gedə, özləri üçün bank hesabları aça, müəyyən işləri qura və həbsxanalardan çıxa bilmirlər.

Mirçingiz Ağazadə

Bütün xəbərlər Facebook səhifəmizdə