Bu gün xalqımız əmin-amanlıq şəraitində Qurban bayramını qeyd edir
Xeyirxahlığın, bərabərliyin və fədakarlığın simvoluna çevrilən Qurban bayramını xalqımız tolerant mühitdə, multikultural dəyərlərə önəm verildiyi bir dövlətdə qeyd edir. Mənsubiyyətindən, irqindən asılı olmayaraq, bütün insanların sərbət fəaliyyət göstərdiyi Azərbaycanda xalqımız islam dünyasının ən müqəddəs bayramlarından sayılan Qurban bayramını təmtəraqla keçirir. Bu gün ölkəmizdə 2000-dən artıq məscid, 13 kilsə, 7 sinaqoq və digər ibadət yerləri fəaliyyətdədirsə, demək, bu, artıq Azərbaycanda tolerant mühitin mövcudluğunu tam əsaslandırır. Ölkədə olan müxtəlif qurumlar hər bir millətə - ruslara, molokanlara, yəhudilərə, tatlara, saxurlara, udilərə sərbəst yaşama və dinc həyat tərzi sürməsi üçün geniş imkanların yaradıldığından xəbər vermiş olur. Əbəs deyil ki, dünyanın ən qədim məscidlərindən olan Şamaxı məscidi bizim məkanada hələ 743-cü ildə tikilib. Şəkidə olan Qafqaz Albaniyası kilsəsi tarixin daş abidəsinə çevrilib. Əgər dünyaya sülh mesajı ilə özünü təqdim edən Azərbaycanda qeyd etdiyimiz mühit olmasaydı, yəqin ki, Azərbaycan imici dünyada özünü doğrultmazdı. Bu, bizim ölkəmizdə mövcud olan ənənələrin, müsbət proseslərin nəticəsidir və onların yeni bir mərhələyə qalxmasına təkan verir. Bəli, Azərbaycan xalqı belə bir mühitlə ən əziz bayramlarından birini - qurban bayramını qeyd edir. Bu bayram münasibətilə, hər il olduğu kimi, Azərbaycan Prezidenti İlham Əliyev Azərbaycan xalqına təbrik məktubu ünvanlayıb. Təbrik məktubunda Cənab Prezident Qurban bayramı münasibətilə xalqımızı və Azərbaycanın hüdudlarından kənarda yaşayan bütün soydaşlarımızı təbrik edib. Təbrik məktubunda qeyd olunur ki, Qurban mərasimi Uca Yaradana məhəbbət və itaət, yüksək mənəvi-əxlaqi dəyərlərə hörmət, hər bir bəşər övladına mərhəmət və dözümlülük təlqin edən islam dininin insanlar üçün hidayət yolu seçilməsi ilə əlamətdardır: "Bu mübarək bayram bütün dünya müsəlmanlarının mənəvi-ruhi birliyini, əməli-saleh insanların Tanrı sevgisini və haqq-ədalət naminə hər cür fədakarlığa hazır olmalarını təcəssüm etdirir".
Mütərəqqi islami dəyərlərə bağlılığı ilə seçilən Azərbaycan xalqının əsrlər boyu, hətta ən mürəkkəb dövrlərdə Qurban bayramını özünün əziz günlərindən biri kimi qoruyub-saxladığını məktubda qeyd edən Cənab Prezident hazırda minlərlə həmvətənimizin də aralarında olduğu milyonlarla müsəlman müqəddəs Həcc ziyarətində möhtəşəm həmrəylik nümayiş etdirərək, Uca Yaradana şükranlarını bildirdiyini vurğulayır: "Bayram günləri müsəlmanlarımız Allah və din yolunda öz müqəddəs borcunu yerinə yetirir, qurbanlar kəsilir, imkansızlara və ehtiyacı olanlara yardımlar edilir, şəhidlərimizin nurlu xatirəsi ehtiramla yad olunur. Məmnuniyyət hissi ilə qeyd etmək istəyirəm ki, hər belə bayram cəmiyyətimizdə xeyirxahlığın, birlik və bərabərliyin, Vətənə və milli dövlətçiliyə sədaqətin təntənəsinə çevrilir".
Məlumdur ki, Azərbaycan müstəqillik əldə etdikdən sonra Milli Məclisin qəbul etdiyi 1992-ci il 27 oktyabr tarixli "Azərbaycan Respublikasının bayramları haqqında" Qanununa əsasən, Qurban bayramı ölkəmizdə də dövlət səviyyəsində bayram edilir. Hər il ölkəmizdə dövlət səviyyəsində ümumxalq bayramı kimi qeyd olunan Qurban bayramı xeyirxahlıq və mərhəmət duyğularının təcəssümü olmaqla yanaşı, bərabərlik və dözümlülük ovqatını da insanlarda gücləndirir.
Üç səmavi dinin - yəhudilik, xristianlıq və islamın hər üçündə müxtəlif formada qurbanlıq mövcuddur. Lakin islamda bu ayin xüsusi mahiyyət və əhəmiyyət kəsb edir. Onun əsasında Allaha sonsuz sevgi, Onun qüdrətinə dərin inam və iman işığı durur. İslam dinində Qurban bayramı böyük bayram adlanır. Bayram günü məscidlərdə xüsusi bayram namazı qılınır, dəvə, mal-qara, davar qurban kəsilir, vəfat etmiş əziz adamların xatirəsini yad etmək əlaməti olaraq, evlərdə və qəbiristanlıqlarda dua oxunur və ehsan verilir.
Mənbələrdə göstərilir ki, insanları halallığa, paklığa səsləyən Qurban bayramının çox maraqlı tarixi və şərtləri var. Qurban bayramı müsəlman ruhaniləri tərəfindən İbrahim peyğəmbərin (Ə) öz oğlu İsmayılı Allahın şərəfinə qurban kəsmək niyyətini bildirən hadisə ilə əlaqələndirilir. Odur ki, din tarixində dərin iz salmış bu hadisə Allaha inamın, dərin etiqadın nümunəsidir. Bu hadisənin başqa bir fəlsəfi-əxlaqi mənası da ondan ibarətdir ki, islam dinində insanın Allah yolunda qurban kəsilməsi qəbul olunmur. Çünki insan Allahın yaratdığı ən şərəfli və ən üstün məxluqudur. Allah özünün yaratdığını öz yolunda qurban kəsilməsini qəbul etmir. Bu bayramın əsas mahiyyəti Allah yolunda kəsilmiş heyvanın ətini Allahın imkansız bəndələri ilə bölüşmək, onları sevindirmək və sevincinə şərik olmaqdır. Beləliklə, bu bayramın və ayinin də əsasında, xeyirxahlıq, paklıq və Allaha inam və sevgi durur.
İsmayıl Qurbanında kəsilən heyvanlarda bir sıra şərtlər vacib sayılır. Qurbanlıq kimi seçilən heyvan qoç, iribuynuzlu dana, yaxud da dəvə olmalıdır. Nəsil artımında, dişi heyvanların müstəsna rolu olduğuna görə, qurbanlıq heyvanın erkək olması daha üstün tutulur. Qurbanlıq qoçun yaşına gəlincə, bu, ən azı, altı aylıq heyvan olmalıdır. Lakin dana, yaxud dəvənin bir yaşı tamam olsa, daha yaxşıdır. İsmayıl Qurbanında kəsilən heyvanın sağlam olması da vacib şərtdir. Əzalarında hər hansı nöqsanı olan, buynuzunun, yaxud qulağının biri olmayan, axtalanmış heyvanın qurban kəsilməsi islamda məsləhət görülmür.
Qurban kəsiləndə belə deyilməlidir: "Rəbbin üçün namaz qıl və qurban kəs!", "De ki: "Mənim namazım da, kəsdiyim qurban da, həyatım və ölümüm də aləmlərin Rəbbi - Allah üçündür".
Qurban bayramında hər bir imkanlı müsəlman qurban kəsib, onun ətini imkansızlara və kasıblara paylamalıdır. Quranda yazılıb: "Allaha nə ət, nə onun qanı çatmır, ancaq sizin dindarlığınız çatır". Qurban bayramı mənəvi-əxlaqi dəyərlərimizi özündə təcəssüm etdirərək, insanları hallalığa, paklığa və birliyə səsləyir. Bu günlər ölkəmizin hər yerində Allahın adına qurbanlar kəsilir, dövlətimizin firavanlığı və tərəqqisi üçün dualar edilir və şəhidlərimizin ölməz xatirəsi ehtiramla yad olunur. Humanizm, xeyirxahlıq və bərabərlik rəmzi olan Qurban bayramı cəmiyyətimizdə milli-mənəvi həmrəyliyi və dözümlülüyü daha da gücləndirir, insanlar arasında şəfqət və mərhəmət duyğularının təntənəsini nümayiş etdirir.
Kəsdiyiniz qurbanlar qəbul olsun! Qurban Bayramınız mübarək.
Nəzakət ƏLƏDDİNQIZI
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB