Xəbər verildiyi kimi ötən gün yerli vaxtla 22:40-da Zaqatala stansiyasından 16 km cənubda - Zaqatala ərazisində zəlzələ qeydə alınıb. Episentri Zaqatala rayonu olan zəlzələ 28 saniyə davam edib. Zəlzələnin davam etmə müddəti 28 saniyə olub. Açıqlanan möəlumatalara görə, hadisə nəticəsində bəzi evlərə ziyan dəyib, 31 nəfər xəstəxanalara müraciət edib, bir nəfər isə insult keçirərək ölüb.
SİA zəlzələnin təfərrüatları, hadisə yerində görülən işlər, yeraltı təkanın törətdiyi fəsadlarla bağlı atılacaq addımları nəzərinizə çatdırır:
Baş verən hadisə ilə bağlı açıqlama verən Zaqatala rayon fövqəladə hallar komissiyasından bildirilib ki, hazırda rayona dəyən ziyan müəyyənləşdirilir.
“İnsanlar arasında ciddi xəsarət alma və ölüm halları yoxdur. Təsərrüfat tikililərinə, həyətyanı torpaq sahələrinin divar hasarlarına ziyan dəyib, evlərdə çatlar əmələ gəlib. Rayonun daha çox Əliabad, Gözbarax, Yuxarı Tala, Yeni Suvagil, Lahıc kəndlərində evlərdə çatlar yaranıb. Hazırda müraciətlər qeydə alınır. Episentr olan ərazidə yaşayış olsa da, o kəndlərdən hələlik bizə müraciət daxil olmayıb. Hazırda Zaqatala rayon Fövqəladə Hallar Komissiyası ərazidə işləyir. Zaqatala rayon İcra Hakimiyyəti də gücləndirilmiş iş rejiminə keçib. İlkin baxışda təhlükə yoxdur. Tikililərin qəzalılıq səviyyəsini Fövqəladə Hallar Komissiyasının komissiyaları müəyyən edəcək”, - deyə məlumatda vurğulanıb.
İnsan tələfatı ilə bağlı açıqlama yayan Səhiyyə Nazirliyi məlumatında bildirib ki, Zaqatala rayonu ərazisində baş vermiş təqribən 6 bal gücündə zəlzələ nəticəsində insan tələfatı qeydə alınmayıb: "Səhiyyə Nazirliyi bildirir ki, zəlzələdən sonra insanlar arasında yaranan stress və isteriya səbəbindən Qax və Zaqatala Mərkəzi Rayon xəstəxanalarının Təcili Yardım şöbələrinə ümumilikdə 31 müraciət daxil olub".
“Zaqatala rayonu Göyəm kənd sakini 63 yaşlı Soltan Qandaxov isə zəlzələ zamanı həyəcanlanaraq stress keçirib. Qan təzyiqi yüksələn S.Qandaxov insult keçirərək vəfat edib. S.Qandaxov əvvəllər də Zaqatala rayon kardioloji dispanser qeydiyyatında olub. Qax şəhər sakini 13 yaşlı Gülər Durmuşzadə isə zəlzələ anında qaçmaq istəyərkən yıxılıb və ayağı burxulub. Qax Mərkəzi Rayon Xəstəxanasına yerləşdirilən G.Durmuşzadəyə lazımi tibbi yardım göstərilib”, - deyə məlumatda qeyd olunur.
Rayonda fəaliyyət göstərən ümumtəhsil məktəblərinin vəziyyəti ilə bağlı məlumat yayan Təhsil Nazirliyi açıqlamasında qeyd edib ki, iyunun 5-də axşam saatlarında Zaqatala rayonunda baş vermiş zələlə nəticəsində heç bir ümumi təhsil müəssisəsinə ziyan dəyməyib: “Aşağı Tala kənd 3 və 5 nömrəli tam orta, Bəhmətli kənd tam orta və Əliabad qəsəbə 1, 2, 3 və 4 nömrəli tam orta məktəblərin divarlarında xırda çatlar yaranıb. Baş vermiş təbii fəlakət tədris prosesinə mane olmayıb, bütün məktəblərdə dərslər davam etdirilir. Şagirdlər təlimatlandırılıb, zəlzələ təkrarlanarsa, nə etməli olduqları barədə məlumatlandırılıblar”.
AMEA nəzdində Respublika Seysmoloji Xidmət Mərkəzinin verdiyi açıqlamada Episentri Zaqatalada olan zəlzələdən sonra ərazidə 90-a yaxın avterşok qeydə alındığı, ərazidə dünən baş verən zəlzələ kimi güclü təkanlar gözlənilmədiyi bildirilir. Məlumata görə, ərazidə əhalinin hiss edəcəyi xırda təkanlar qeydə alına bilər.
Qeyd edək ki, Fövqəladə hallar naziri, general-polkovnik Kəmaləddin Heydərov Zaqatala rayonunda ötən gün baş verən zəlzələ nəticəsində zərər çəkən ərazilərə baxış keçirib.
FHN-in digər rəhbər şəxsləri Zaqatala rayon İcra Hakimiyyətinin rəhbərliyi ilə birgə Əliabad qəsəbəsində vəziyyətlə tanış olublar.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB