"Belə faciələr yalnız lideri olmayan millətin başına gələ bilərdi" FOTOLAR

"Xalqımıza qarşı Sovet-rus İmperiyasının rəhbərləri Qorbaçov, Bakatin, Yazov və digər vəzifə sahibləri tərəfindən 1990-cı ildə Bakı şəhərində törədilmiş 20 Yanvar qətliamı mənim tələbəlik illərimə təsadüf edirdi". Bunu SİA-ya açıqlamasında Bakı Şəhər Prokurorluğunun əməkdaşı, 20 Yanvar faciəsinin canlı şahidi Məmməd Əliyev deyib.

M.Əliyev qətliam ərəfəsində baş verən hadisələrdən danışıb: "25 yaşım var idi. Yataqxanada qalırdıq. Təhsil aldığım universitetdə sapı özümüzdən olan baltalar biz vətənpərvər və o dövrün olduqca aktiv olan biz gənclərini, tələbələrini akt zallarına toplayıb erməni vandalizminə, sovet hakimiyyətinin Azərbaycana, azərbaycanlılara biganə yanaşmasına etiraz etmək üçün təşkil olunan aksiyalara qatılmamağa, azadlıq fikirlərimizdən bizi daşındırmağa cəhd edirdilər. Keçmiş Oktyabr Rayon Partiya Komitəsi tərəfindən (indiki Yasamal) ali məktəbdən qovulacağımız barədə təhdidlər alırdıq, bizi hədələyirdilər, hüquq-mühafizə orqanları tərəfindən mütəmadi sorğu suallara tutulurduq. Amma bu cəhdlər əbəs idi, bizi yolumuzdan döndərən bir səbəb belə yox idi. Ermənilərin Qarabağda başladıqları mitinqlər Vətənimizin bu dilbər guşəsini Azərbaycandan qoparmağa hesablanmışdı. Biz gənclər, Vətənini sevən insanlar bunu anlayırdıq, amma o vaxt hakimiyyətdə olan səriştəsiz, Moskvanın əmri ilə oturub-duran, xalqını düşünmək belə istəməyən yaltaq rəhbərlər bunu görmək istəmirdilər. Xalqın başında liderinin olmaması 20 Yanvar qətliamının baş verməsinə səbəb oldu. Bəli, belə faciələr yalnız lideri olmayan millətin başına gələ bilərdi. Mən SSRİ-nin Daxili Qoşunlarında iki il hərbi xidmətdə olmuşam. Anlayırdım ki, işıqsaçan güllələr nə deməkdir. Qətlyam baş verən o qanlı gecə küçələrdə dəhşət yaşanırdı. İşıqsaçan güllələr Bakı səmasında sanki yağışı xatırladırdı, şəhər güllələrin ağuşunda idi! Nə baş verdiyini anlaya bilmirdik. Məlum oldu ki, SSRİ-nin Dövlət Təhlükəsizlik Komitəsi (KQB) tərəfindən xalqımıza qarşı hazırlanmış "UDAR" əməliyyatı keçirilir. Dəhçətli bir gecə yaşadıq. Səhəri gün Şeyx Həzrətlərinin Azadlıq meydanında xalqa müraciətindən sonra sovet ordusu tərəfindən vəhşicəsinə qətlə yetirilmiş xalqımızın qəhrəman oğul və qızları - şəhidlərimiz dəfn olunmaq üçün "Azadlıq" meydanından ardıcıl olara indi şəhidlərin dəfn olunduğu məkana aparıldılar. Şəhidlərimizin qəbirlərini qazan, onları dəfn edən yüzlərlə insanın içində mən də var idim. Göz yaşlarımı saxlaya bilmirdim. Allah şəhidlərimizə rəhmət eləsin!!!".

Bütün xəbərlər Facebook səhifəmizdə