Ekspert: “Azərbaycanda televiziyalar cəmiyyətin arxasınca sürünməklə pul qazanırlar, çünki bu zaman peşəkarlığa ehtiyac olmur” - MÜSAHİBƏ (Layihə)
Son vaxtlar Azərbaycan teleməkanında yaşanan problemlərlə bağlı məsələlər cəmiyyətin diqqət mərkəzindədir. Söhbət telekanalların fəaliyyət istiqamətlərindən, iş prinsiplərindən və cəmiyyətin tələblərinin ödənməsində yaranan problemlərdən gedir.
Telekanalların proqram siyasəti cəmiyyətin heç də bütün təbəqələri tərəfindən birmənalı qarşılanmır. Bu problemlərin səbəbi, nəticəsi və ondan çıxış yolunu göstərməyə olan ehtiyacı nəzərə alaraq Azərbaycanda nüfuzlu media ekspertlərindən olan Zeynal Məmmədliyə müraciət etdik.
- Zeynal müəllim, son illər Azərbaycan teleradio məkanında yer alan şirkətlər yalnız maddi maraqlar üzərində formalaşmış prinsiplərlə fəaliyyət göstərirlər. Söhbət şou-biznes proqramlarından, "sabun operaları"ndan, bayağı reklam spotlarından gedir. Sizcə, bu zorakı proqram siyasəti nədən irəli gəlir?
- Bu məsələyə bir neçə prizmadan baxmaq olar. Buna ən ciddi əsas yaradan amil hər hansı bir media qurumunun cəzalandırma mexanizminin olmamasıdır. Xarici ölkələrdə media menecerləri var və onların bu cür hərəkətlərinin- deyək ki, zorakı proqram siyasətinin, öz zövqünü seyrçilərə güclə aşılamasının qarşısını bazar alır. Yəni bazar bu cür media qurumlarını cəzalandırır.
- Bu cəza nədən ibarət ola bilər ki?..
- Bazarın elə təhlilləri var ki, bunlar bütövlükdə ictimai rəyə təsir edə bilir. Seyrçi cəmiyyətləri, televiziya tənqidçiləri, universitet professorları, media monitorinqi ilə məşğul olan müstəqil təşkilatlar və s. qurumlar olur ki onlar da mediada gedən tendensiyaları diqqətlə izləyirlər. Bunlar çox müxtəlif tənqid qruplarıdır və onlar tərəfindən seyrçilərin mənafeyi müdafiə olunur.
Məsələyə media azadlığı prinsipləri, çağdaş cəmiyyətin tələbləri baxımından yanaşılır və media menecerlərinə təsir göstərilir. Bu təsiri reklam verənlər mütləq nəzərə alır. Nəyə görə? Reklam verənlər düşünür ki, ictimai rəydə bu cür kampaniyanın başlaması sonra üzə çıxaracaq ki, bu verilişlərə kimdir reklam yatıran və ya sponsorluq edən.
Baxmayaraq ki, həmin verilişlərin reytinq göstəriciləri, seyrçi auditoriyası yüksək ola bilər, amma reklam verənlər, olası tənqidin şiddətindən, ictimai rəydə dəyişiklik yaradacağından qorxduqları üçün adlarının mənfi proseslərdə hallanmasını istəmirlər. Ona görə də, bu cür mübahisələrə səbəb olmuş proqramlardan pullarını geri çəkirlər.
Əlbəttə, əgər verilişlərdə ictimai əxlaqla bağlı pozuntular danılmazdırsa, yaxud ən azı bundan şübhələnirlərsə. Teleradio şirkətləri də reklam verənlərin ödədiyi vəsaitdən məhrum olduqları üçün məcbur olurlar ki, bu cür tənqidi fikirlərlə razılaşsınlar.
- Bu ictimai cəzalandırma formalarıdır, amma bəzi cəmiyyətlərdə bu presedent yoxdur, o zaman hökumətin hansısa formada müdaxilə və ya təzyiqi ola bilərmi?
- Hər hansı bir ölkənin hakimiyyəti seçkilər yolu ilə formalaşır. Hakimiyyətdə olanlar da axı yenə seçilmək istəyirlər və ona görə də bu cür məsələlərdə çox həssas olurlar. Burada söz və media azadlığını pozmurlar, yəni kobud müdaxilə etmirlər, amma digər tərəfdən də, həm hökumət qurumları, həm də ictimai qurumlar qanunları və ictimai əxlaqı pozan media orqanlarının "atalarını yandırırlar". Əsasən də dövlət və ictimai media qurumlarının ki, büdcə pullarını hara xərcləyirsiniz. Çünki orda qanunlar işləyir.
İnkişaf etmiş ölkələrdə dövlət televiziyası və ya ictimai televiziya heç cür reklama hesablanmış proqram siyasəti yürüdə bilməz. Belə media qurumları ilk növbədə cəmiyyət əxlaqı üçün önəmli olan verilişləri önə çəkməlidir, üstəlik, onları elə keyfiyyətli hazırlamalıdır ki, özəl televiziya və radiolarla rəqabət apara bilsin, onların auditoriyasını cəlb edə bilsin.
Bunu edə bilmirlərsə,- əgər bunun səbəbi yaradıcı imkanların azlığı yox, maddi çatışmazlıqdırsa,- o zaman başlayırlar o pulu hökumətdən tələb etməyə. İctimai tələblər də hökuməti və ya parlamenti bu məsələni müzakirə etməyə və tələbi təmin etməyə vadar edir.
- Bəs özəl elektron media qurumlarına necə və ya hansı formalarda təsir göstərmək imkanları var və bunun üçün model kimi götürülə biləcək mexanizm varmı?
- Çox sadə. Hökümət reklam verənlərə və sponsorlara deyir ki, əgər siz cəmiyyətimiz, ölkəmiz üçün faydalı olan şeylərin mediada təbliğinə çalışsanız, o zaman sizə vergi güzəştləri olunacaq. İctimai institutlar da bu cür reklam verənlərin ictimai rəydə müsbət imicinin formalaşmasına kömək edə bilər. Bilirsiniz, inkişaf etmiş cəmiyyətlərdə ictimai reytinq hər şeydən öndə gəlir və bütün hallarda bu, həm də biznes fəaliyyəti üçün geniş imkanlar yaradır. Bu yolla həm hökumət qurumları, həm də qeyri-hökumət təşkilatları ciddi təsir göstərə bilirlər.
Şirkətlər və sahibkarlar da bunu nəzərə alırlar, çünki əks təqdirdə ictimai rəydə belə bir fikir yarana bilər ki, onlar ancaq gəlir güdürlər. Cəmiyyət onları baykot edə bilər və bu da həmin reklam verənlərin iflasına gətirib çıxara bilər.
Çox təəssüf ki, bizim telerado məkanında bu imkanlar yox kimi görünür və media menecerlərinə təsir imkanları sıfıra bərabərdir. Bir fikir budur ki, bazarda inhisar var, bazar idarə olunur, ikinci bir fikir də budur ki, bu bazarda əgər sərbəstlik elementləri varsa, bu o qədər deyil ki, televiziya və radioları maraqlandırsın.
Belə durumda, bunlar da başlayırlar "sms dilənçiliyinə". Özünüz baxın, ATV-də iki müğənnini çıxarırlar efirə və adi məişət hadisəni şişirdib seyrçiləri qızışdırırlar, nəticədə bir dəfəyə yarım milyon sms göndərilir. Bu, yarım milyon dollar deməkdir...
- Siz hesab edirsiniz ki, şou-biznesin qızışdırılması burada maraqlı olan tərəflərin sırf biznes maraqlarından irəli gəlir? Güman etmək olarmı ki, hansısa üçüncü qüvvə cəmiyyətə fərqli dəyərləri aşılamaq üçün belə "sabun operaları"na maliyyə buraxırlar?
- Təbii, belə bir fikrə də gəlmək olar. Amma onsuz da bizim mentalitetimizdə ümumbəşəri elementlər çoxdur. Özəl əxlaqla bağlı tələblər bütün dünyada eynidir. İctimai əxlaqa gəldikdə isə, məsələ fərqlidir. Biri qulağı sırğalı kişiyə yaxşı baxacaq, digəri pis. Söhbət qulağı sırğalıdan getmir, onun arxasında dayanan pozucu, yaxud qurucu elementdən gedir.
O proqramları ki biz görürük, bunların əsas məqsədi asan yolla pul qazanmaqdır. Elmi-kütləvi, sosial-mədəni verilişlərin hazırlanmasına pul xərcləmək, peşəkarlar cəlb etmək lazım gəlir. Şoular və seriallar isə çox asan pul qazanmaq yoludur. Adi məişət məsələsini şişirdirsən, seyrçiləri qızışdırırsan və sms-lə qazanırsan.
- Əgər cəmiyyətin özü də belə "tələyə düşürsə", boş və mənasız şeylər üçün pulundan və ondan da qiymətli vaxtından keçirsə, onda demək olar ki, televiziya menecerləri camaatın damarını tutublar...
- Hazırda cəmiyyətimizin böyük çoxluğu belədir- nə istədiyini bilmir, mədəni səviyyəsi, təhsil səviyyəsi aşağıdır. Yalnız kəmiyyətin əsas götürüldüyü cəmiyyətin səviyyəsi aşağı olur. Və bu televiziyalar da cəmiyyətin arxasınca getməklə pul qazana bilirlər. Bilirsiniz ki, bu kontestdə medianın iki tipi var- biri cəmiyyəti öz arxasınca apara bilir, o birisi isə, cəmiyyətin arxasınca gedir.
Əslində, media arabanın həm önünə qoşulmalıdır, həm də onu arxadan itələməlidir. Çox təəssüf ki, bizim media cəmiyyətin arxasınca sürünmək yolunu seçib. Çünki cəmiyyətin arxasınca gedəndə peşəkarlığa ehtiyac olmur.
Yəni, insanların çox adi, zövqsüz və bioloji maraqlarından irəli gələn məsələlər qabardılır. Kiminsə yataq otağında nə baş verir və s. bu kimi hallar. Əgər adamlar tərbiyə ilə, etik normalarla, qanunlarla özünü sərhədləmək istəmirsə, o zaman başqasının yataq otağına baxmaq onünçün maraqlıdır.
- Bizim media qurumlarının, xüsusilə də televiziyaların peşəkarları işə cəlb etməkdə maraqlı olmamasının səbəbləri nədən meydana gəlir?
- Bunun bir çox səbəbləri var. Sonuncudan başlayaq. Peşəkarlar öz əməyinə uyğun əməkhaqqı istəyir. Bu zaman televiziya menecerləri düşünür ki, biz buna bu qədər əməkhaqqı verincə, verilişlərin "lazım olanını" saxlayarıq- onları istənilən adam hazırlaya bilər- kimsə şıltaqlıq eləsə, çıxarıb yerinə başqasını qoyarıq, o qədər yalvaranlar var ki.
Yəni, bizim televiziyalarda elə peşəkar mühit yaradılmayıb, idarəetmə elə qurulmayıb, elə peşəkar məhsul hazırlanmır ki, peşəkarlar da cəlb olunsun. Amma bu sonuncu səbəblərdəndir, baxmayaraq ki, üzdə görünür. Daha ciddi səbəb isə medianın öz birbaşa funksiyasını yerinə yetirməsindəki maneələrdir. Medianın əsas vəzifəsi həyatda baş verənləri bütün dolğunluğu ilə, bütün müxtəlifliyi ilə çatdırmaqdır. Burada artıq siyasi plüralizm məsələsi meydana çıxır. Bu tələb ödənmədiyi üçün onlar da düşünürlər ki, "əşşi filan şeyi deyəcəyəm başım ağrıyacaq, ondansa elə mövzulara toxunum ki, mənə problem yaranmasın".
Bax bu cür mətləbsiz və bayağı şouların, serialların, səviyyəsiz proqramların yağışdan sonrakı göbələk kimi çoxalmasının əsas səbəbi söz və mətbuat azadlığı probleminin görünən və görünməyən tərəfləridir. Ən ciddi səbəb budur.
- Televiziya və radioların peşəkar ola bilməməsi onların cəmiyyətdə reytinqini aşağı salır. Belə seçimsizlik şəraitində- yəni, yaxşının olmadığı şəraitdə, pislərin ən yaxşısını seçmək məcburiyyəti cəmiyyətin psixoloji durumuna necə təsir edə bilər?
- Bu da həmin problemlərlə birbaşa bağlıdır. Məsələn, bizdə məhkəmə öz borcunu yerinə yetirsə, deyək ki, həm icra hakimiyyətindən, həm parlament hakimiyyətindən, həm ictimai qüvvələrdən, həm koorparativ, iqtisadi maraqlardan, vətəndaş mübahisələrindən uzaqda və ucada dursa, məsələləri tam müstəqil və obyektiv həll etsə müəyyən normalar yarana bilər. Məhkəmə dedikdə, mən təkcə real məhkəmələri nəzərdə tutmuram, hətta, bizim peşə məhkəmələrini deyirəm- məsələn, Mətbuat Şurası tipli qurumları. Bizim teleməkanda məhsulu kim qiymətləndirir? Hansısa reytinq qurumları. Bunlar verilişlərin reytinqlərini hazırlayır və verir reklam verənlərə, onlar da bunun əsasında iş görürlər...
- Bəs, Milli Tele-Radio Şurası teleməkandakı mövcud vəziyyətə hansı prinsiplərlə yanaşmalıdır?
- Tele-Radio Şurası bu məsələlərə qarışa bilməz. Şura ancaq lisenziya verir və yalnız qanun pozuntuları olarsa müdaxilə edə bilər. Başqa heç nəyə qarışa bilməz. Bizim Tele-Radio Şurası hərdən monitorinqlər aparır ki, bəs filankəs peşəkardır, filankəs peşəkar deyil. Bu, əgər qurumun öz təşəbbüsü ilə olursa, çox yanlış yoldur. O baxımdan ki, Şuranın bu fəaliyyəti televiziyaların işinə müdaxilə kimi görünə bilər. Baxmayaraq ki, qanun buna birbaşa da olmasa, dolayısı ilə imkan verir. Məsələn, deyəndə ki, verilişlər peşəkar hazırlanmalıdır. İnkişaf etmiş ölkələrin təcrübəsindən götürdükdə, Şura bu məsələyə o vaxt qarışmalıdır ki, ora bununla bağlı çoxsaylı yazılı müraciətlər var, yəni çox ciddi ictimai şəxslərdən və qurumlardan, o cümlədən seyrçi qruplarından. O zaman Şura bu şikayətləri yoxlamaq üçün monitorinq aparıb nəticə çıxara bilər. Bizdə varmı bu?
- Belə çıxır ki, təkcə ictimai təşkilatların təzyiqilə məsələni həll etmək olmaz. Bu prosesə daha ciddi qüvvənin- hökumətin təsir göstərməsinə ehtiyacın olduğunu da əlavə etmək olarmı?
- Hökumətdən burada çox şey asılıdır. Dövlətdən demirəm, hökumətdən. Dövlətin, hakimiyyətin o biri qolundan- parlamentdən də çox şey asılıdır. Nəticə etibarı ilə pozuntular olanda, şikayətlərlə bağlı məsələni məhkəmə necə həll edir? Məsələn, deyək ki, bir QHT digər QHT-ni, yaxud, hansısa hökümət qurumunu məhkəməyə verirsə ki, niyə qrant filan təşkilata verildi, o zaman məhkəmə o məsələni ciddi analiz etməlidir. Amma çox təəssüf ki, bizə buna aid nümunə gətirə bilmərik...
- O zaman siz hesab edirsiniz ki, ciddi qanun pozuntuları istisna olmaqla digər neqativ hallara qarşı ictimai institutlar daha çox reaksiya verməlidir?
- Tamamilə doğrudur. İctimai institutlar, üçüncü sektor. Bunlar ictimai özünüi darəetmənin əsasıdır. Bu qurumlar hökumətin görəcəyi bir çox işi bölüşməlidir ki, hökümət daha önəmli məsələlərə çox diqqət ayıra bilsin.
- Xeyli vaxtdır ki, bizim televiziyalar arasında "hamıdan gözəl mənəm" prinsipi ilə lüzumsuz mübarizə gedir- söhbət "ən baxımlı kanal", "birinci kanal" və bu kimi eqoizm nümunələrinin nümayişindən gedir. Azərbaycanda hansısa televiziyanı nisbətən peşəkarlığa meylli və ya hansısa sahədə lider hesab etmək olarmı?
-Mən belə bir bölgü aparmaq istəməzdim. Bu suala belə cavab verərdim- bu televiziyaların hər birində nədəsə faydalı olan ayrılıqda götürülmüş bir proqram və ya peşəkarlığa can atan yaradıcı qrup ola bilər. Amma bizim televiziyaların heç birində aparıcı tendensiya peşəkarlığa, söz və mətbuat azadlığının möhkəmlənməsinə, genişlənməsinə yönəlməyib. Bax ən böyük problem də məhz budur! Televiziya menecerləri təkcə bu günü yox, həm də sabahı, təkcə özlərini yox, həm də seyrçini düşünməlidirlər. Əgər onlar indi belə etməsələr, onda zaman və cəmiyyət özü onları buna məcbur edəcək. Bir qədər tez və ya bir qədər gec- bu, mütləq baş verəcək, çünki başqa yol yoxdur.
Yazı Prezident yanında KİV-in inkişafına Dövlət Dəstəyi Fondunun maliyyələşdirdiyi "Azərbaycan Respublikasında söz və mətbuat azadlığına dair ictimai maariflənmənin təmin edilməsi sahəsində KİV-in rolunun artırılması" layihəsi çərçivəsində hazırlanıb.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB