“Gəncliyimiz gələcəyimizdir” FOTOLAR

“Gəncliyimiz gələcəyimizdir” FOTOLAR

Xətai rayon İcra Hakimiyyəti və Bakı şəhər Gənclər və İdman İdarəsinin birgə təşkilatçılığı ilə "Gəncliyimiz gələcəyimizdir" mövzusunda toplantı keçirilib. SİA-nın xəbərinə görə, toplantıda Bakı şəhər Gənclər və İdman Baş İdarəsinin rəisi Raqif Abbasov, Xətai Rayon İcra Hakimiyyəti başçısının müavinləri Zaməddin Əkbərov və Jalə Abdıyeva, Yeni Azərbaycan Partiyası (YAP) Xətai Rayon Təşkilatının sədr müavini Yeganə Qurbanova, rayon İcra Hakimiyyəti və Gənclər və İdman İdarəsinin əməkdaşları, gənclər iştirak ediblər.

Tədbirdə çıxış edənlər dövlət gənclər və idman siyasəti və bu sahədə görülən işlər, əldə olunqn uğurlardan danışıblar. Qeyd ediblər ki, dövlət gənclər siyasəti həmişə müstəqil Azərbaycanın memarı Ulu Öndər Heydər Əliyevin diqqət mərkəzində olub, bu gün də bu diqqət və qayğı cənab Prezident İlham Əliyev tərəfindən davam etdirilir. Dövlət başçısının gənclər siyasətinin müəyyənləşdirilməsi, gənclərin təhsili, ailə, məişət, məşğulluq məsələləri, mənzil şəraitinin yaxşılaşdırılması və digər məsələlərlə bağlı imzaladığı bir sıra sərəncamlar, dövlət proqramlarının hazırlanması üçün işçi qruplarının yaradılması gəncliyin rifahına hesablanan dövlət qayğısının bariz sübutudur.

Dövlət gənclər siyasəti, ölkənin gələcəyini etibar edəcəyi nəslin hazırlanması bu gün də Prezident İlham Əliyevin, Respublikanın birinci xanımı, Heydər Əliyev Fondunun Prezidenti Mehriban xanım Əliyevanın böyük önəm verdiyi sahədir. Heydər Əliyev Fondunun vitse prezidenti Leyla Əliyevanın da gənclərimiz üçün gördüyü işlər danılmazdır.

Azərbaycanda gəncliyə dövlət qayğısı sabaha və uğurlara hesablanan bir siyasətdir, bu siyasət sağlam və intellektual nəslin formalaşmasına xidmət edir. Bütün bunlar isə Azərbaycan gəncliyinin sabahına daha böyük inamla baxmağa əsas verir.

Vurğulanıb ki, Xətai rayonu gəncləri də həmişə onlara olan dövlət qayğısının sayəsində yeni-yeni uğurlara imza atır. Belə ki, hər il olduğu kimi 2015-2016-cı tədris ilində də rayon məktəblərinin məzunları ali məktəblərə qəbul üzrə yüksək nailiyyətlər göstərib. Üç nəfər məzunumuz qızıl medala, 8 tələbəmiz Prezident təqaüdünə layiq görülüb. 41 nəfər 650 baldan yuxarı nəticə göstərərək tələbə adını qazanmış məzunlar rayon İcra Hakimiyyəti tərəfindən rəğbətləndirilib, onlara fəxri fərman və qiymətli hədiyyələr verilib.

Çıxış edənlər həmçinin ölkə Prezidenti İlham Əliyevin müvafiq sərəncamı və Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin rəyi əsasında bu ilin 26 sentyabr tarixində konstitusiyaya ediləcək əlavə və dəyişikliklərlə bağlı ümumxalq səsverməsinin (referendum) keçiriləcəyini və konstitusiyaya ediləcək əlavə və dəyişiklərlə bağlı referendumun keçirilməsi təşəbbüsünün dövlət başçısının rəhbərliyi ilə həyata keçirilən uğurlu siyasətin məntiqi nəticəsi olduğunu xüsusi olaraq vurğulayıblar.

Bütün xəbərlər Facebook səhifəmizdə