Nazirliyin "E-hökumət" portalı istifadəçiləri artıb

Ötən ay "Elektron hökumət" portalı istifadəçilərinin 62,8 faizi Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin e-xidmətlərinə müraciət edənlər olub. Nazirlikdən SİA-ya verilən xəbərə görə, cari ilin mart ayında əhali Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin "Elektron hökumət" portalı üzərindən təqdim etdiyi e-xidmətlərdən 524 935 dəfə faydalanıb.

Ötən ay "Əmək müqaviləsi bildirişlərinin qeydiyyata alınması və bu barədə işəgötürənə məlumatın verilməsi" (152 585 dəfə istifadə), "Əmək müqaviləsi bildirişləri barədə məlumatların işçilər tərəfindən əldə edilməsi" (19 797 dəfə istifadə), "İş yerinə dair arayış" (15 348 dəfə istifadə) e-xidmətləri ilə yanaşı, nazirliyin digər e-xidmətlərindən istifadədə də aktivlik müşahidə olunub. Belə ki, vətəndaşlar cari ilin fevralın 15-dən təqdim edilən və ünvanlı dövlət sosial yardımının alınması üçün elektron qaydada müraciət etməyə imkan verən "Ünvanlı sosial yardımla bağlı müraciətin edilməsi" e-xidmətindən ötən ay 90 071 dəfə yararlanıb.

Həmçinin "Əmək qabiliyyətinin müvəqqəti itirilməsinə görə müavinətlə bağlı haqq-hesab cədvəlinin təqdim edilməsi", "Məcburi dövlət sosial sığorta vəsaitlərinin onlayn ödənilməsi", "Sığortaolunanın onlayn uçota alınması", "Uşağın üç yaşı tamam olanadək ona qulluq etməyə görə müavinətlə bağlı haqq-hesab cədvəlinin təqdim edilməsi", "Pensiya kalkulyatoru" və s. e-xidmətlər əhali arasında populyar olmaları ilə seçilirlər.

"E-hökumət" portalına müraciətlərin Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin e-xidmətləri üzrə çəkisi artmaqda davam edir. Yalnız onu qeyd etmək kifayətdir ki, cari ilin mart ayında "E-hökumət" portalı istifadəçilərinin 62,8 faizi Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin e-xidmətlərinə müraciət edənlərdən ibarət olub.

Bütün xəbərlər Facebook səhifəmizdə