“Turizm haqqında" yeni qanun layihəsi ilkin müzakirəyə çıxarılıb

Milli Məclisin Əmək və sosial siyasət komitəsinin bu gün keçirilən iclasında "Turizm haqqında" Azərbaycan Respublikasının qanun layihəsi ilkin müzakirəyə çıxarılıb. SİA-nın xəbərinə görə, iclasda çıxış edən komitə sədri Hadı Rəcəbli bildirib ki, 2003-cü ildən bu günə kimi Prezident İlham Əliyev tərəfindən imzalanan sərəncam və fərmanlarından 103-ü məhz turizmlə bağlıdır.

1999-cu ildə Milli Məclis tərəfindən "Turizm haqqında" qanununun qəbul edildiyini xatırladan komitə sədri söyləyib ki, 17 maddədən ibarət olan qanun günün tələblərinə cavab vermir: "17 il bundan qabaq qəbul olunan qanun layihəsi daha çox deklorativ xarakter daşıyır. Hazırda əlimizdə Qazaxıstanın, Belarusiyanın, Rusiyanın və digər ölkələrinin turizmlə bağlı qanunları var. Bu qanunlar 124-128 maddə arasında dəyişir".

H. Rəcəbli qeyd edib ki, yeni qanun layihəsinin hazırlanması ilə əlaqədar İşçi Qrupu yaradılıb: "Layihə Milli Məclisin spikeri Oqtay Əsədovun dəstəyi ilə, İşçi Qrupu tərəfindən işlənib. Mədəniyyət və Turizm Nazirliyinin əməkdaşları layihənin hazırlanmasında fəal iştirak edib. İlkin müzakirələrlə bağlı çoxlu materiallar toplamışıq. Rusiyada məktəb turizminin yaradılması ilə əlaqədar 100-ə yaxın sənəd tapmışıq. Azərbaycanda da məktəb turizmi təşkil edilməlidir. Bu gün bununla bağlı danışanda deyirlər ki, bizim məktəblərdə məktəb turizmi olmasın, çünki bunun üçün də əlavə pul yığılacaq. Axı nəyə görə pul yığılmalıdır?".

H. Rəcəbli Mədəniyyət və Turizm Nazirliyinin gördüyü işlərdən söz açıb. O deyib ki, daxili turizmlə bağlı böyük işlər görülüb: "Türkiyə Rusiya bazarından geri çəkildikdən sonra bu sahədə boşluqlar yaranıb. Bu boşluqları doldurmaq üçün nazirlik tərəfindən mühüm işlər görülür. Oradakı turistlərin 10 faizini Azərbaycana cəlb edə bilsək, nəyəsə nail ola bilərik. Qeyri-neft sektorunun əsas istiqamətləri turizmlə bağlıdır. 2001-ci ildə Azərbaycanda 80-dən çox mehmanxana vardı, lakin indi onların sayı 400-ü keçib. Bu gün ölkəmizdə turizm üçün 223 muzey, 29 teatr, 6300 tarixi abidə, 27 qoruq var. Eyni zamanda çatışmayan məsələlər də var. Ölkəmizdə yolların tikilməsinə baxmayaraq, bəzi bölgələrə hələ də yol yoxdur. Otrellərin var lakin qiymətləri bahadır. Ekoloji yerlərimizin sayı çoxdur, lakin təşkilatı məsələlər bağlı problemlər mövcuddur. Görüləcək işlərimiz görülənlərdən qat-qat çoxdur. Bu baxımdan düşünürəm ki, yeni hazırlanan layihə geniş şəkildə müzakirə edilməli, çatışmazlıqlar aradan qaldırılmalıdır. Əsas məqsəd layihənin gündəmə gəlməsidir. Layihənin 30-a yaxın müddəası azaldılıb. Layihənin yaz sessiyası dövründə tam hazır edilməsi nəzərdə tutulur".

Müzakirələr zamanı çıxış edən millət vəkilləri yeni layihəni yüksək qiymətləndiriblər.

Bütün xəbərlər Facebook səhifəmizdə