Prezident alimlərə Müraciət etdi

Prezident alimlərə Müraciət etdi

AMEA-da keçirilən Azərbaycan Alimlərinin I Qurultayında Azərbaycan Respublikasının Prezident Adminstrasiyasının Humanitar siyasət məsələləri şöbəsinin müdiri Fatma Abdullazadə tərəfindən ölkə prezidenti, cənab İlham Əliyevin Azərbaycan alimlərinin I Qurultayına müraciəti səsləndirilib. Müraciətdə Azərbaycanın çoxəsrlik elmi tarixə malik olduğu vurğulanıb:

"Sivilizasiyaların qovşağında yerləşən qədim mədəniyyət mərkəzi Azərbaycanda elmin çoxəsrlik tarixi və ənənələri var. Azərbaycan alimləri dünya mədəniyyətinə bəxş etdiyi elmi nailiyyətlərində özünəməxsus rol oynayıblar. Mədəniyyətlərarası dialoqun qurulmasında, varislik ənənəsinin qorunaraq saxlanmasında mütəfəkkir alimlərin misilsiz töhfələri var: "Elmimizin tarixində 20-ci əsr taleyüklü hadisələrlə zəngin olub. Milli Elmlər Akademiyasının, universitetlərin və digər elmi qurumların təşkili Azərbaycan elminin dünya elm məkanına inteqrasiyasına əlverişli zəmin yaradıb. Müasir cəmiyyət quruculuğunu təmin edən əsas amil kimi bu gün də müstəqil Azərbaycanın dövlət siyasətinin prioritet sahələrindəndir. Qurultayınız ölkəmizdə sosial-iqtisadi, mədəni-mənəvi tərəqqi istiqamətində quruculuq işlərinin müvəffəqiyyətlə aparıldığı dövrə təsadüf edir. İnanıram ki, bu ilk məclisiniz qloballaşma dövrünün yeni-yeni çağırışlarına cavablar axtaracaq və milli-elmi potensialımızın ölkənin dinamik yüksəlişi naminə yeni innovativ prinsiplər əsasında sərhədlər qurulması naminə mühüm addım təşkil edəcək. İqtisadiyyatımızın davamlı inkişafı, biliklərə əsaslanan cəmiyyətin formalaşdırılması və insan kapitalına investisiyaların qoyuluşu yaxın perspektiv üçün başlıca strateji məsələlərimizdən biridir. Bütün bunlar yüksək ixtisaslı insan resursları, yeni elmi yanaşmalar və çevik innovasiya fəallığı tələb edərək Azərbaycan elmi qarşısında tamamilə yeni vəzifələr irəli sürür. Əminəm ki, ilk qurultayınızda bununla əlaqədar səmərəli fikir mübadiləsi və müzakirələr aparılacaq, respublikamızın gələcəyi baxımından böyük əhəmiyyətə malik fəaliyyət proqramı qəbul olunacaq".

Bütün xəbərlər Facebook səhifəmizdə