ESU-nun Bakı iclasının yekun qətnaməsi qəbul edilib

ESU-nun Bakı iclasının yekun qətnaməsi qəbul edilib

30 noyabr – 6 dekabr tarixlərində Gənclər və İdman Nazirlyinin dəstəyi ilə Azərbaycan Tələbə Gənclər Təşkilatları İttifaqı (ATGTİ) və Azərbaycan Tələbələr Birliyi (ATB) Bakıda Avropa Tələbələr Birliyinin (ESU) İdarə Heyətinin 67-ci iclasını keçiriblər. SİA-nın məlumatına görə, bundan öncəki hər bir iclasda olduğu kimi, ESU-nun Bakı iclasında da yekun qətnamə qəbul edilib. ATGTİ və ATB-nin birgə fəaliyyəti nəticəsində "Bakı qətnaməsi"ndə "Silahlı münaqişələr zəminində məktəb və universitetlərin dağıdılması və ya onlardan hərbi obyektlər kimi istifadə edilməsi" mövzusu öz əksini tapıb.

25 ilə yaxın vaxt ərzində Ermənistan Respublikasının Azərbaycana qarşı yürütdüyü işğalçılıq siyasəti nəticəsində Azərbaycanın işğala məruz qalmış 20% ərazisində mövcud olan məktəblərin, kolleclər və digər təhsil müəsissələrinin dağıdılması, onların binalarından hərbi məqsədlər üçün istifadə edilməsi ESU tərəfindən qətiyyətlə pislənilib. Qətnamədə hüquqları pozulmuş qaçqın və məcburi köçkünlər arasında olan məktəbli və tələbələrin təhsil hüquqlarının bərpa edilməsinin zəruriyyəti bir daha vurğulanıb.

Qeyd edirik ki, "Bakı qətnaməsi" ESU tarixində nadir olan yekdilliklə (29 iştirakçı ölkə tərəfindən) qəbul edilib.

Bütün xəbərlər Facebook səhifəmizdə