İyunun 17-də Azərbaycan Respublikasının müdafiə naziri, general-polkovnik Zakir Həsənov NATO Parlament Assambleyasının prezidenti Hu Beylin ilə görüşmüşdür. Müdafiə Nazirliyinin mətbuat xidmətindən bildirmişlər ki, nazir qonağa bölgədəki hərbi-siyasi vəziyyət barədə ətraflı məlumat vermiş, həmçinin Ermənistanın işğalçılıq siyasətinin davam etməsi, bunun nəticəsində sülh prosesinin yubanması və danışıqların qəsdən uzadılmasının regiondakı şəraitə mənfi təsir göstərməsini bir daha xatırlatmışdır.
Müdafiə naziri son zamanlar cəbhə bölgəsində atəşkəs rejiminin erməni silahlı bölmələri tərəfindən pozulması hallarının artmasını xüsusi qeyd etmişdir.
Bakıda keçirilən NATO Parlament Assambleyasının "Rose-Roth" seminarında iştirak edən Hu Beylin onu maraqlandıran məsələlər barədə ətraflı məlumatlandırıldığı üçün müdafiə nazirinə təşəkkürünü bildirmişdir. O, regionda sülhün bərqərar olması üçün səylərin artırılmasının vacibliyini vurğulamışdır.
Görüşdə regional məsələlər, Azərbaycan-NATO ikitərəfli əməkdaşlığının hazırkı vəziyyəti və perspektivləri ilə bağlı ətraflı fikir mübadiləsi aparılmışdır.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB