28 May – Respublika Günü Budapeştin mərkəzində yerləşən "İnterContinental" otelində qeyd edilib. Azərbaycanın Macarıstandakı səfirliyi tərəfindən təşkil olunmuş tədbirdə Diasporla İş üzrə Dövlət Komitəsinin əməkdaşları, Macar-Azərbaycan Dostluq Cəmiyyəti, Azərbaycan-Macarıstan Gənclər Birliyinin təmsilçiləri, həmçinin bu ölkənin dövlət və hökumət rəsmiləri, Macarıstan parlamentinin deputatları və siyasi partiyaların təmsilçiləri, KİV nümayəndələri, iş adamları, diplomatik korpusun nümayəndələri və Azərbaycan diasporunun üzvləri iştirak ediblər.
Diasporla İş üzrə Dövlət Komitəsindən bildiriblər ki, Azərbaycanın və Macarıstanın dövlət himnlərinin səsləndirilməsi ilə başlayan tədbirdə ölkəmizin Macarıstandakı səfiri Vilayət Quliyev çıxış edərək, 96 il bundan əvvəl müsəlman Şərqində ilk demokratik respublika olan Azərbaycan Xalq Cümhuriyyətinin tarixindən söhbət açıb. Vilayət Quliyev dörd il sonra Cümhuriyyətin yüz illiyinin qeyd olunacağını xatırladaraq, Azərbaycan xalqının bu yüz ildə çox böyük sarsıntılar keçirdiyini, faciələrlə üzləşdiyini diqqətə çatdırıb.
Səfir cəmi iki il mövcud olmuş müstəqil Azərbaycan Xalq Cümhuriyyətinin 70 il ərzində keçmiş Sovet İttifaqının respublikalarından biri kimi öz iqtisadi potensialının və dövlətçilik institutlarının yalnız kiçik bir qismini qoruya bildiyini deyib. Əlavə edib ki, 1991-ci ildə yenidən müstəqilliyinə qovuşan ölkəmizin artıq 23 ildir dünyanın siyasi xəritəsində suveren dövlət kimi öz yerini tutur.
Torpaqlarımızın 20 faizinin Ermənistanın işğalı altında olduğunu xatırladan diplomat bu müvəqqəti itkinin Azərbaycan xalqını gələcəyə nikbin nəzərlərlə baxmaqdan çəkindirmədiyini, iqtisadi və intellektual potensialı kifayət qədər yüksək olan ölkəmizin zəngin enerji ehtiyatlarına, son dərəcə əlverişli geosiyasi mövqeyə malik olduğunu diqqətə çatdırıb.
Mərasim iştirakçıları tədbir çərçivəsində ölkəmizin hərtərəfli inkişafını və nailiyyətlərini əks etdirən müxtəlif nəşrlərdən ibarət hazırlanmış sərgini maraqla qarşılayıblar. Ölkəmizin tarixi, mədəniyyəti, iqtisadiyyatı və ədəbiyyatına dair macar və ingilis dillərində çap edilmiş 40-a yaxın adda kitab və ingilis dilində nəşr olunan "İrs-Heritage" jurnalının yeni nömrələri sərgi iştirakçılara paylanılıb.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB