Bakının müxtəlif ərazilərində maşınların ən çox saxlanıldığı yerlərdə müvəqqəti avtomobil duracaqları yaradılır. SİA-nın xəbərinə görə, Dövlət Yol Polisi və Bakı Şəhər İcra Hakimiyyətinin Xüsusi Təyinatlı Avtonəqliyyat İdarəsinin birgə işi nəticəsində müəyyən olunan küçələrin sağ və sol hissələrində avtomobillər üçün bircərgəli dayanacaqlar təşkil olunur.
Bakı Şəhər İcra Hakimiyyətinin Xüsusi Təyinatlı Avtonəqliyyat İdarəsinin rəisi Həsən Abdullayev açıqlamasında bildirib ki, ödəniş etmək üçün dayanacaqlarda xüsusi bankomatlar quraşdırılıb: "Bu sistem şəhərdə tıxacların qarşısının alınmasına xidmət edəcək. Buna görə də Bakıda tıxac və qanunsuz park etmək probleminin aradan qaldırılması məqsədilə 7 terminal - "Park-manat" artıq quraşdırılıb. İlin sonuna kimi Bakıya daha 1000 terminal quraşdırılacaq, bununla da paytaxtda tıxac problemi aradan qaldırılacaq".
Onun sözlərinə görə, insanlar müəyyən olunan yerlərdə maşın saxlayarkən mütləq dəqiqəni müəyyənləşdirməli və buna uyğun olaraq ödəniş etməlidir: "Müvəqqəti duracaqlar videomüşahidə altında olduğundan, sürücü avtomobili 30 dəqiqədən artıq saxlasa, əlavə olaraq 5 dəqiqə də gözləniləcək. Əgər yenə də ödəmə edilməsə, avtomobilin sahibi avtomatik olaraq İnzibati Xətalar Məcəlləsinin 151.1-ci maddəsinə əsasən, cərimə olunacaq və ona bu barədə yol polisi tərəfindən bildiriş göndəriləcək".
H. Abdullayev həmçinin qeyd edib ki, avtomobili müvəqqəti duracaqda 4 saatdan artıq saxlamaq mümkün olmayacaq: "Bu müddət maksimum 4 saat müəyyən edilib. Çünki artıq həmin "Park-manat"da ödəmə etmək mümkün olmayacaq. Bundan sonra sürücü avtomobili həmin duracaqdan götürməlidir. Ən yaxşı halda o, avtomobili başqa müvəqqəti duracaqda və ya parkinqlərdə saxlaya bilə".
"Müvəqqəti duracaqda avtomobili saxlamaq üçün güzəştli qiymətlər yalnız yaxınlıqda yaşayan sakinlər üçün tətbiq ediləcək" – deyən İdarə rəisi əlavə edib ki, onlar üçün aylıq ödəmə 15 manat müəyyən edilib: "Lakin bu güzəşt də bir mənzil üçün bir avtomobilə şamil ediləcək. Elə insanlar var ki, üç-beş avtomobili var. Əgər onlar da avtomobili müvəqqəti duracaqda saxlasalar, onda bunun heç bir xeyri olmayacaq və vəziyyət yenə əvvəlki kimi olacaq".
"Bakıda müvəqqəti duracaqlarda avtomobillərin saxlanmasına görə ödənişlər üçün 3 zona müəyyən ediləcək. Şəhərin mərkəzindən kənara getdikcə qiymətlər aşağı olacaq. Şəhərin mərkəzi hissəsində avtomobilləri park etmək üçün ödənişli qarajlar çoxdur. Lakin kənarlarda belə qarajlar yoxdur. Təbii ki, əhalinin rahatlığı üçün orada da nizam-intizam yaratmaq lazımdır. Amma orada qiymətlər daha ucuz olacaq" – deyə, o, məsələ ilə bağlı fikirlərinə əlavə edib.
H. Abdullayev onu da bildirib ki, "Park-manat"ların hamısı dövlət xətti ilə gətirilib quraşdırılacaq və yığılan pullar Bakı Şəhər İcra Hakimiyyətinin büdcəsinə köçürüləcək: "Müvəqqəti dayanacaqlar və parkinqlər əlillər üçün pulsuz olacaq. Bu güzəşt yalnız I qrup əlillərə şamil ediləcək. Yəni bu, məhz iş qabiliyyətini itirmiş əlillərə şamil olunacaq. Sürücülərin əlil olub-olmadığı nəzarətçilər tərəfindən müşahidə olunacaq. Sürücü I qrup əlildirsə, qeydiyyata alınacaq ki, cərimələnməsin. Eyni zamanda yaxınlıqda yaşayan əlillər üçün də dayanacaq kartları pulsuz olacaq. Bu güzəştlərin II və III qrup əlillərə şamil olunması nəzərdə tutulmur. Çünki bu kateqoriyaya aid əlillərin iş qabiliyyəti var".
Qeyd edək ki, parkomatda yarım saatın qiyməti 50 qəpik, bir saatın qiyməti isə 1 manatdır.





Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB