Vaqif Əsədov: “Sürücülər yollarda aparılan təmir işləri ilə əlaqədar alternativ yollardan istifadə etsinlər”

Vaqif Əsədov: “Sürücülər yollarda aparılan təmir işləri ilə əlaqədar alternativ yollardan istifadə etsinlər”

Paytaxtda aparılan əsaslı təmir-tikinti işləri ilə əlaqədar metronun "Koroğlu" stansiyasının yaxınlığındakı körpünün üzəri ilə Qara Qarayev prospekti istiqamətində bağlanılmış yol artıq təxirəsalınmaz tədbirlər nəticəsində açılaraq sürücülərin ixtiyarına verilib. Bu barədə SİA-ya Bakı şəhər Baş Polis İdarəsi Dövlət Yol Polisi İdarəsinin İctimai qurumlarla əlaqə bölməsinin rəisi, polis polkovnik-leytenantı Vaqif Əsədov məlumat verib.

V. Əsədovun sözlərinə görə, hazırda yolda əsaslı təmir-tikinti işlərinin aparılması ilə əlaqədar Qara Qarayev prospekti ilə Əli Vəliyev küçəsinin kəsişməsindən prospektin metronun "Qara Qarayev" stansiyasınadək olan hissəsi avtomobillərin hərəkəti üçün məhdudlaşdırılıb:"Hərəkət üçün gediş-gəliş yolun sol tərəfi ilə müəyyənləşdirilib. Ümumiyyətlə, paytaxtın Nizami rayonu ərazisində, xüsusilə yolların Qara Qarayev prospekti ilə kəsişən yerlərində yenidənqurma işləri aparılır. Bu səbəbdən də bu ərazi üzrə hərəkət edən avtomobil sürücülərindən xahiş edilir ki, diqqətli olsunlar. Aparılan işlərlə əlaqədar olaraq sürücülər bu yollardan keçərkən sürət həddini şəraitə uyğun seçsinlər, təmkinli olsunlar və yol qəza hadisələrinin törənməməsi üçün alternativ yollardan istifadə etsinlər. Paytaxtın həmçinin Həsən Əliyev küçəsinin (keçmiş İnqilab küçəsi) Koroğlu Rəhimov küçəsi ilə kəsişməsindən Atatürk prospekti ilə kəsişməsindəki tunelədək olan hissədə yeni asfalt örtüyünün çəkilməsi ilə bağlı avtomobillərin hərəkətinə fasilələrlə məhdudiyyət qoyulub. Ona görə də sıxlığın yaranmaması üçün sürücülərə alternativ yollardan istifadə etmələri tövsiyə olunur".

Bütün xəbərlər Facebook səhifəmizdə