Malik Abbasov: “Təəssüf hissi heçirirəm ki, gəncliyim indiki dövrə təsadüf etmədi” FOTOLAR

İdmanla məşğul olmaq, idmançı adını daşımaq böyük şərəfdir. Bu, hər dövrdə belə olub. Müasir dövrümüzdə idman daha da kütləvi hal alıb, idmanla məşğul olanların sayı, qazanılan nailiyyətlər daha da çoxalıb. Lakin bir həqiqət danilmazdır ki, oğlanların idmana olan həvəsi daha çoxdur. Məktəb illərində idman dərslərinə məhəbbəti olan oğlan uşaqlarını, sinif və məktəb yoldaşlarımızı hamımız yaxşı xatırlayırıq. Elə müsahibim də belə idmançılardan biri - Malik Abbasovdur.

O, 1976-cı ildə Şərur rayonunun Dəmirçi kəndində dünyaya gəlib. İlk dəfə 1986-cı ildə sərbəst güləşlə məşğul olub. Qohumlarının güləşlə məşğul olması Malikin idmana olan marağını artırıb. SSRİ idman ustası Lətif Əliyevin başçılığı ilə 3 il güləşlə məşğul olub. "İdmanı çox sevsəm də 1988-ci ildən idmana fasilə verməli oldum. Çünki o illər torpaqlarımız erməni işğalçılarının təcavüzünə məruz qalmışdı. Kəndimiz sərhəddən bir neçə km aralıda yerləşirdi. Bütün əhali səfərbərlik halında idi. Təbii ki, belə gərgin mühitdə heç kim idman zalına getmirdi. Hamı torpağının, elinin hayında idi. Belə bir şəraitdə idmanla məşğul olmaq mümkün deyildi. Bildiyiniz kimi 1990-cı ildə yaşadığımız qanlı yanvar hadisəsi, daha sonralar Qarabağın işğal olunması hamı kimi mənə də öz təsirini etmişdi. O illəri hamımız ürək ağrısı ilə xatırlayırıq", - deyir idmançı.

Hərbi xidmətini başa vurduqdan sonra, 1994-cü ildə Bakıya gələn Mailk təzədən idmanla məşğul olmağa başlayır. Məşqçi Teymur Teymurovdan kunq-fu sando və uşunun sirlərini öyrənən idmançı 2008-ci ilə qədər bu idman növləri ilə məşğul olur. Çıxış etdiyi turnirlərdə mükafatalayiq yerlər tutur. "Bizim uşaqlıq illərimiz çətin dövrə təsadüf edir. O vaxt idmana, idmançıya bu qədər diqqət, qayğı yox idi. Ulu öndər Heydər Əliyevin hakimiyyətə gəlməsi ilə hər şey dəyişdi. Bu dahi şəxsiyyət bütün sahələrə olduğu kimi idmana da böyük diqqət ilə yanaşdı. Qısa müddətdən sonra idman sürətli inkişaf mərhələsinə qədəm qoydu. Təəssüf hissi heçirirəm ki, gəncliyim indiki dövrə təsadüf etmədi. İndi idmanla məşğul olan gənclər çox şanslıdırlar. Çünki sabit siyasi dövrdə və günü-gündən inkişaf edən, abad, müasir ölkədə yaşayırlar. Ölkə rəhbərimiz, Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev ulu öndər Heydər Əliyevin siyasətini uğurla davam etdirir. Ölkəmiz dünyada idman ölkəsi kimi tanınır. İdmançılarımız yerli və beynəlxalq yarışlarda bayrağımızı yüksəklərə qaldırır, himnimizi səsləndirirlər. Dövlət başçımız idmana, idmançılara xüsusi diqqətlə yanaşır, onların qayğıları ilə maraqlanır. İdmançıları özünün yaxın dostu adlandıran prezidentimizi xalqımız və bütün idmançılarımız çox sevir. Uğurlu siyasətin nəticəsidir ki, Azərbaycan əcnəbi dövlətlər arasında böyük nüfuz qazanıb ", - deyir Malik.

"Zənnimcə, idmançı gücünü harda və necə gəldi göstərməməlidir. Yaxşı idmançı ədaləti, düzgünlüyü sevən, vətəninə layiqli əsgər olandır"

Karetenin diğər növləri ilə də məşğul olan idmançı bu idman növünün çətin və maraqlı olduğunu söyləyir. Qeyd edək ki, o, 2011-ci ildə karete idman növü üzrə keçirilən beynəlxalq yarışlarda +91 kq çəki dərəcəsində Avropa çempionu adına layiq görülüb. Odessa, Verona, Berqoma şəhərlərində keçirilən dünya çempionatında mükafata layiq yerlər tutub. Ailədə 6 övlad olduqlarını deyən idmançı diğər iki qardaşının da idmana böyük həvəs göstərdiklərini deyir. "Ailəmizdə idmana maraq göstərənlər az deyil. Qardaşlarım idmanı çox sevirlər. Bacım oğlu Vüqar Məhərrəmov isə kikboksinqlə məşğul olur. O nailiyyət qazananda mən hamıdan çox sevinirəm. İstəyirəm ki, Vüqar gələcəkdə heşəkar idmançı olsun. Ətrafımda idmançı dostlarım da çoxdur. Onu da deyim ki, onlar sağlam ruha sahib olan insanlardır. Zənnimcə, idmançı gücünü harda və necə gəldi göstərməməlidir. Yaxşı idmançı ədaləti, düzgünlüyü sevən, vətəninə layiqli əsgər olandır ", - deyir o.

"Çalışıram ki, ürək qırmayım. Çünki bu, islamda böyük günah hesab olunur"

İllərdir ibadət etdiyini deyən idmançı şükürlü insan olduğunu bildirir. "Həyatımızda baş verən bütün hadisələr Allahın yazdığı yazıdır. İnsan savab da, günah da işlədə bilir. Günahsız insan yoxdur. Lakin səhvlərdən nəticə çıxartmaq və insanların qəlbini qırmamaq lazımdır. Çalışıram ki, ürək qırmayım. Çünki bu, islamda böyük günah hesab olunur. Kiməsə qarşı kobudluq edəndə sonra çox ezab çəkirəm. Namaz xasiyyətimdə bir çox xüsusiyyətləri dəyişib. Ümumiyyətlə, ibadət edən insan hər zaman Allahdan çəkinir. Ətrafımda olan insanlarda sadəliyi, səmimiliyi qiymətləndirirəm", - söyləyir idmançı.

Qeyd edək ki, Malikin ən çox sevdiyi məşğuliyyətlərdən biri də təbiətin qoynunda olmaqdır. Bununla yanaşı o musiqi dinləməyi, dostlarıyla görüşməyi sevir. Dini və idmanla bağlı olan filmlərə baxır. Əhatəsində dindar insanların olduğundan böyük məmnunluq duyur. Balaca qızı Zəhranın da gələcəkdə ibadət etməsini arzulayır .

Jalə

Bütün xəbərlər Facebook səhifəmizdə

loading...