Millət vəkili “Türk Dünyasına üstün xidmət” mükafatına layiq görülüb
Azərbaycan-Türkiyə Dostluq Qrupunun üzvü, millət vəkili Qənirə Paşayevaya "Türk dünyasına üstün xidmət "ödülü Türkiyənin Nevşəhər bölgəsində keçirilən tədbirdə təqdim olunub. SİA-nın məlumatına görə, tədbirdə çıxış edən Qənirə Paşayeva qeyd edib ki, Azərbaycan və Türkiyə bir millət iki dövlətdir: "Türkiyə nə qədər güclənsə, bu Azərbaycanın və bütün türk dünyasının gücü, Azərbaycan nə qədər güclənsə, bu Türkiyənin və bütün türk dünyasının gücüdür". Mükafatı təqdim edənlərə təşəkkürünü bildirən millət vəkili türk dünyasının gücünü onun birliyində gördüyünü vurğulayıb.
Azərbaycanın tarixi və Dağlıq Qarabağ barədə məlumat verən Qənirə Paşayeva torpaqlarımızın 20%-nin Ermənistan tərəfindən işğal edildiyini deyib: "20 il əvvəl Azərbaycan torpaqlarının 20%-i Ermənistan tərəfindən işğal olunub. İşğal nəticəsində 1 milyondan çox soydaşımız öz torpaqlarından didərgin düşüb. Onlar hələ də vətən həsrəti ilə yaşayırlar".
Qənirə Paşayeva çıxışı zamanı müəllifi olduğu "Qənirə Paşayeva ilə addım-addım Türk dünyası" kitabından da bəhs edib. O qeyd edib ki, kitabda Türkiyənin 6 bölgəsi haqqında da yazı yer alıb: "Artıq "Qənirə Paşayeva ilə addım-addım Türk dünyası" kitabının ikinci hissəsini hazırlamağı planlaşdırıram. Bu hissədə mütləq Nevşəhər haqqında yazı yer alacaq".
O, çıxışının sonunda bu gözəl tədbirin təşkilatçılarına öz təşəkkürünü bildirib və türk olması ilə qürur duyduğunu deyib.
Qeyd edək ki, millət vəkili Nevşəhərdə olduğu müddətdə Nevşəhər Bələdiyyəsinə şəhərin küçələrindən birinə Qarabağın, digərinə isə Yavuz Bülənt Bakilərin adının verilməsini təklif edib. Bu təklifi məmnuniyyətlə qəbul edən Bələdiyyə başçısı Hasan Üreven millət vəkilinə Nevşəhərin fəxri vətəndaşı statusu veriləcəyini bildirib.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB