Əfqanıstan dövlət qulluqçuları üçün təlim keçirilir

Əfqanıstan dövlət qulluqçuları üçün təlim keçirilir

Bu gün Prezident yanında Dövlət Qulluğu Məsələləri üzrə Komissiya BMT İnkişaf Proqramı (UNDP) ilə birgə həyata keçirdiyi layihə çərçivəsində Əfqanıstan İslam Respublikasının Müstəqil İnzibati İslahatlar və Dövlət Qulluğu Komissiyasının 13 nəfərdən ibarət nümayəndə heyəti növbəti dəfə ölkəmizə rəsmi səfərə gəlib. SİA-nın məlumatına görə, səfərin əsas məqsədi dövlət qulluğuna qəbul, bu sahədə elektron xidmətlərin göstərilməsi, insan resurslarının idarə edilməsi ilə bağlı Azərbaycanın təcrübəsi ilə tanış olmaqdır. Qeyd olunan sahələr üzrə Komissiyanın əməkdaşları tərəfindən 1-3 may tarixlərdə əfqan dövlət qulluqçularına təlim keçiriləcək.

Bununla bağlı bu gün tədbir keçirilib. Tədbiri giriş sözü ilə çıxış edən Prezident yanında Dövlət Qulluğu Məsələləri üzrə Komissiyanın sədri Bəhram Xəlilov Azərbaycanda dövlət qulluğuna qəbulla bağlı keçirilən işlahatlar barədə məlumat verib və dövlət qulluğu sahəsində Əfqanıstan İslam Respublikasının müvafiq qurumu ilə əməkdaşlığı inkişaf etdirməyə hazır olduğunu bildirib.

Tədbirdə çıxış edən Birləşmiş Millətlər Təşkilatının Azərbaycan Respublikasındakı rezident əlaqələndiricisinin müavini Nato Alxazişvili Azərbaycanla təmsil etdiyi təşkilatla Komissiya arasındakı uğurlu əməkdaşlığa görə Komissiya sədrinə minnətdarlığını bildirib və dövlətin inkişafı üçün güclü dövlət qulluğu sisteminin mövcudluğunun zəruriliyini qeyd edib.

Sonra söz Əfqanıstanın nümayəndə heyətinin üzvünə verilib. Nümayəndə heyətinin təmsilçisi çıxışı zamanı qarşılıqlı səfərlərin əlaqələrin daha da dərinləşməsinə xidmət edəcəyinə əmin olduğunu vurğulayıb.

Komissiyanın əməkdaşları tərəfindən Əfqanıstan nümayəndə heyətinə mayın 1-də "Azərbaycanda dövlət qulluğu sistemi və inzibati idarəetmə", "DQMK-nı fəaliyyəti: Dövlət qulluğunda mövcud vəziyyət və perspektivlər", "Dövlət qulluğuna e-qəbul", "Komissiyanın beynəlxalq əlaqələri", "Dövlət qulluğuna dair qanunvericilik" mövzularında təqdimatlar edilib.

Təqdimatların sonunda mövzular ətrafında müzakirələr aparılıb.

Daha sonra nümayəndə heyəti Dövlət Qulluğu Məsələləri üzrə Komissiyanın Komissiyanın dövlət qulluğuna qəbulla bağlı test imtahanlarının keçirildiyi test mərkəzi ilə də tanış olublar.

Təlimin növbəti günlərində "İnsan resurslarının idarə edilməsi", "Müsahibələrin keçirilməsi texnologiyaları" "Etik davranış qaydaları: anlayışı və mahiyyəti", "Səlahiyyətlərin bölgüsü-idarəetmə aləti kimi", "Qəbulla bağlı tələbləri necə müəyyənləşdirməli", "Vaxtın idarə edilməsi" mövzularında təqdimatlar ediləcək.

Bütün xəbərlər Facebook səhifəmizdə