“Tələbələrarası II Hüquq Olimpiadası” başlayır

“Tələbələrarası II Hüquq Olimpiadası” başlayır

Azərbaycan Tələbə Gənclər Təşkilatları İttifaqının (ATGTİ) "Hüquq" işçi qrupu, Gənclər və İdman Nazirliyi, Azərbaycan Respublikası İnsan Hüquqları üzrə Müvəkkilinin (Ombudsman aparatının) dəstəyi ilə Ümummilli lider Heydər Əliyevin 90 illiyinə həsr olunmuş "Tələbələrarası II Hüquq Olimpiadası"na start verir. ATGTİ-dən SİA-ya verilən məlumata görə, olimpiadanın əsas məqsədi tələbələrin hüquq sahəsinə maraqlarının artırılması, eyni zamanda, onları bu istiqamətdə stimullaşdıraraq, aktiv vətəndaş mövqeyinin gücləndirilməsindən ibarətdir.

İki mərhələdən (yarımfinal, final) ibarət olacaq "Tələbələrarası II Hüquq Olimpiadası"nda iştirak etmək istəyənlər, ATGTİ-nin saytında (http://atgti.az/offer/20130416013947913.html) elektron qeydiyyatdan (müraciət) keçə bilərlər. Xatırladırıq ki, 5 may tarixi olimpiadada iştirak üçün son müraciət (qeydiyyat) tarixidir. Olimpiadanın birinci mərhələsinin keçirilmə tarixi və yeri iştirak üçün müraciət etmiş şəxslərə bildiriləcək.

Qeyd edək ki, Olimpiadaya yalnız gənc hüquqşünaslar yox, ixtisasından asılı olmayaraq ölkəmizin ali və ya orta ixtisas təhsil müəssisələrində təhsil alan hər bir tələbə müraciət edə bilər. "Tələbələrarası II Hüquq Olimpiadası"nın qalibləri iPad, netbuk, noutbuk və digər qiymətli hədiyyələrlə, diplomlarla təltif olunacaqlar.

Keçən il ATGTİ-nin "Hüquq" işçi qrupu tərəfindən ilk dəfə keçirilmiş "Tələbələrarası I Hüquq Olimpiadası"nın qalibi Milli Aviasiya Akademiyasının (MAA) tələbəsi Soltan Əhmədzadə olub.

Bütün xəbərlər Facebook səhifəmizdə