Əli Həsənov: “Dövlət vətəndaş cəmiyyəti ilə bağlı təşəbbüsləri birmənalı olaraq dəstəkləyir”

Əli Həsənov: “Dövlət vətəndaş cəmiyyəti ilə bağlı təşəbbüsləri birmənalı olaraq dəstəkləyir”

Azərbaycan dövləti birmənalı olaraq vətəndaş cəmiyyəti ilə bağlı təşəbbüsləri dəstəkləyir. SİA-nın məlumatına görə, bu fikirləri Prezident Administrasiyasının İctimai-siyasi məsələlər şöbəsinin müdiri Əli Həsənov QHT-lərə Dövlət Dəstəyi Şurasının yaradılmasının 5 illiyi münasibətilə keçirilən mərasimdə söyləyib.

Ə.Həsənov bildirib ki, Azərbaycan Prezidenti yanında QHT-lərə Dövlət Dəstəyi Şurasından qrant almış heç bir QHT Azərbaycan hakimiyyətindən sifariş aldığını deyə bilməz".

O qeyd edib ki, QHT-lər öz potensiallarından Azərbaycanın maraqlarının xaricdə qorunması və təmin olunması istiqamətində istifadə edirlər: "Şura bu yaxınlarda xaricdəki qeyri-hökumət təşkilatlarının layihələrinin maliyyələşdirilməsi ilə bağlı müsabiqə elan edəcək və bu, çox mühüm hadisədir. Bəs vətəndaş təşəbbüslərinin nəzərə alınması necə olur? Bizi vətəndaş hüquqlarının pozulmasında ittiham edənlərin də nəzərinə bunu da çatdırmalıyıq. Bizi tənqid edən müəyyən QHT-lər, islamafobiyaya tutulmuş QHT-lər var. Onlar bəlli dövlətlərin, güclərin maraqlarını yerinə yetirərək müəyyən dövlətlərə qarşı təbliğat aparırlar".

Ə.Həsənov əlavə edib ki, Azərbaycanda 1995-ci ildən bu günə qədər yaranan ictimai institutlar, siyasi partiyaların da dövlət tərəfindən dəstəklənməsini nəzərə alsaq, Azərbaycan dövlətinin, onun rəhbəri Prezident İlham Əliyevin yürütdüyü daxili siyasətin məğzini anlamış olarıq: "Azərbaycanda dövlət təşəbbüsləri ilə bərabər, vətəndaş təşəbbüsləri də dövlət tərəfindən dəstəklənir. Biz nəinki vətəndaş təşəbbüslərinə meydan veririk, eyni zamanda, o təşəbbüslərin reallaşması üçün dövlət büdcəsindən maliyyə vəsaiti ayrılır".

PA rəsmisi qeyd edib ki, vətəndaş təşəbbüsləri sistemləşdirilərək həm Azərbaycanın daxili, həm də xarici siyasətində bir milli resurs kimi istifadə olunur: "QHT-lərin imkanlarından dövlət maraqlarının xarici ölkələrdə təmin olunması, qorunması və reallaşdırılması istiqamətində istifadə edirik. QHT-lərin potensiallardan Dağlıq Qarabağ münaqişəsinin tənzimlənməsində istifadə edirik. Bu gün bütün mərkəzi icra hakimiyyəti orqanlarının idarəçiliyində QHT-lərdən, ictimai şuralardan istifadə olunur, bütün qanun və qərarların qəbul olunmasında mütləq şəkildə ictimaiyyətin rəyi nəzərə alınır. Bəs vətəndaş cəmiyyəti institutunun quruluşu necə olur? Bunu Azərbaycanı "insan hüquqlarının pozulması" ilə ittiham edən təşkilatların nəzərinə çatdırırıq. Dünyada QHT-lərin maliyyələşməsində xeyli subyektiv mülahizələr, məqamlar öz əksini tapır. Bizi tənqid edən, islamofobiya xəstəliyinə tutulmuş QHT-lər, hüquq müdafiə təşkilatları var ki, bu gün bəlli dövlətlərin, qüvvələrin sifarişlərini yerinə yetirir. Onlardan fərqli olaraq, bu gün Azərbaycanda dövlətdən maliyyə yardımı alan heç bir QHT-yə dövlət tərəfindən sifariş verilmir".

Bütün xəbərlər Facebook səhifəmizdə