Təkcə müsəlman dünyasında deyil, güclü hərbi-siyasi təşkilat olan NATO-da da xüsusi yeri ilə seçilən Türkiyə Silahlı Qüvvələri böyük bir inkişaf yolu keçib. Mustafa Kamal Atatürkün Osmanlının qalıqları üzərindən qurduğu ordu Cümhuriyyəti ötən əsrin bir çox təhlükələrindən xilas etdi. Dünyəvi dəyərlərin və dövlətçiliyin qoruyucusu kimi çıxış etməklə regionun əsas hökmranlarından birinə çevrilən Türkiyə Silahlı Qüvvələri yüksək təşkilatçılığa, dəqiq tabeçilk prinsiplərinə və modern tenika-tenoloji resurslara malikdir.
Şimali Atlantik Alyansda ABŞ-dan sonra ikinci yeri tutan qardaş ordu kontingentinin sayı 720 mindən artıqdır. Son illərin beynəlxalq əməliyyatlarında-Kosovo və Əfqanıstanda yaxından sülhyaratma missiyasına qoşulmaqla geniş miqyasda təhlükələri dəf etmək bacarığı onlara əlavə üstünlüklər qazandırdı. İndi Türkiyədə hərbi sənayenin inkişafı təkcə daxili tələbatı deyil, həm də xarici partnyorlara müxtəlif məhsulların satışını da xeyli stimullaşdırıb. Bu amil yeni hərbi təyyarə və vertolyotlar, ağır texnika və silahların, həmçinin radiolektron cihaz və raketlərin geniş çeşiddə istehsalına təkan verib.
İstər imperiya keçmişi, istərsə də "kamalizm" ənənələri Türkiyəni mühüm arealda bir çox dövlətlərin maraqları ilə üz-üzə qoyub. Yaxın Şərqdən gələn təhlükələrə, ərəb dünyasındakı hökmranlığa can atmasına baxmayaraq, ənənəvi rəqibləri olan Rusiya və İran dövlətləri arasında ən mühüm çəkindirmə və balansı təmin edən qüvvə məhz ordudur.
Son vaxtlar NATO-nun Avropa hava hücumundan müdafiə sistemlərini burada qurması və müasir raket qurğularını Suriya sərhədlərinə gətirməsi sübut edir ki, strateji planda Türkiyə ABŞ-ın siyasi-hərbi müttəfiqi olaraq qalmaqda davam edəcək və soyuq müharibə illərindəki əhəmiyyətini qaytaracaq.
Türkiyə və Azərbaycan arasında hərbi əlaqələrin gücləndirilməsi Cənubi Qafqazda təhlükəsizliyin təminatında mühüm rol oynayır.Ötən illər ərzində Gürcüstanın ətrafında yaranan vəziyyəti də bura əlavə etsək, faktiki olaraq Qərbin maraqlarının xeyli dərəcədə sıxışdırıldığının şahidi olarıq. Bu fonda Rusiya Türkiyə ilə tarixən 30 dəfə hərbi toqquşmalarını unutmadan qardaş ölkənin addımlarını yaxından izləməkdə və Qafqazda hərbi çəkisini artırmaqdadır.
İki il öncə cənab İlham Əliyevin uzunmüddətli cəhdlərindən və Türkiyə ilə iqtisadi-siyasi maraqları birləşdirmək bacarığından irəli gələrək hərbi müttəfiqlik istiqamətində mühüm addımlar atıldı. Strateji Tərəfdaşlıq Şurasının yaranması və onun 2-ci toplantısında imzalanan sənədlər vahid dövlət formulunun əhəmiyyətli müstəvisi sayıla bilər.
Türkiyə Azərbaycanın hərbi quruculuğu işinə ötən əsrin əvvəllərində, daha sonra SSRİ-nin dağlması ilə müstəqillik illərində və indi cəlb olunmaqdadır. Bəlli olduğu kimi, 15 türk generalından ibarət böyük bir heyət sabahdan başlayaraq müxtəlif dövlət strukturları və Ali Baş Komandanla danışıqlar aparacaqlar. İstər təhsil, istərsə də silahlı birləşmələrin formalaşmasındakı belə əməkdaşlıq sovet hərbi sistemini transformasiya edən və NATO-nun müxtəlif öhdəlikləri qarşısında olan ölkəmizin təhlükəsizlik maraqlarının xeyrinə işləyəcək. Belə əlaqələrin gələcək hədəflərini nəzərə alaraq Türkiyə Silahlı Qüvvələrinin yüksək heyətinin Azərbaycan ordu sistemində müəyyən yer tutması çox faydalı olardı.
Türkiyə generalı Azərbaycanın hərbi quruculuğuna təkcə müqavilə tələbləri ilə məsləhət, təlim, proqram və taktiki hazırlıq yardımı deyil, eyni zamanda müşavir statusu ilə qoşulmuş olsa, bu Azərbaycanın müdafiə sistemi ilə qardaş ölkənin qabaqcıl modelləri arasındakı unifikasiyanı təmin edər, birgə əməliyyatlara və hərbi birləşmələrin yaradılmasına yol açardı.
Söhbət təkcə hərbi müşavir vəzifəsinin təsis olunması ilə nominal bir funksiyanın icad olunmasından deyil, həmçinin bütün növ qoşun birləşmələrində idarəçiliyə təsir edən səlahiyyətlərin müəyyənləşməsindən gedir. Bu müstəqilliyini itirmək, hərbi taleyini başqalarına tapşırmaq, regiondakı aparıcı qüvvələri provakasiya etmək kimi qiymətləndiriləcəksə, onu yalnız Azərbaycanın qüvvətlənməsindən və müdafiə qabiliyyətini artırmasından qorxan dairələr kultivasiya edəcək.
Hərhalda Rusiyanın Ermənistandakı hərbi bazalarını yerləşdirməsinə bənzər və onların təhlükəsizlik sistemini üzərinə götürməsinə oxşar addımlar ataraq regional hərbi balansı pozmuruq. Halbuki indi əsas risqlər və sürətlə silahlanma yarışı, eləcə də müəyyən formatlı hərbi alyanslar məhz işğal səbəbindən, eləcə də şimal qonşumuzun məxfi kodla şifrələdiyi "cənub cinahı"ndakı gərginliyi artıran addımlarından irəli gəlir. Digər tərəfdən, 11-ci qızıl Ordudan fərqli olaraq, bu millətin tarixi təfəkküründə Qafqaz İslam Ordusunun və Nuru Paşanın xilaskar obrazı var.
Bu regionda İsveçrə dövləti kimi neyrtallıq statusu ilə təhlükəsizliyini təmin etmək mümkün deyil. Ona görə də daimi sülh peşəkar ordunun tətiyi altındadır. Bunu türk generallarının salamlanması marşı kimi də qəbul edə bilərsiniz!
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB