Qənirə Paşayeva: "Sərt mübarizəyə səsləyirik"

Qənirə Paşayeva: "Sərt mübarizəyə səsləyirik"

"Dövlət səviyyəsində başqa millətlərə və dinlərə qarşı dözümsüzlüyün, nifrətin necə böyük ağır faciələrə, soyqırımlara səbəb olduğunu bilirik. Ermənistanın torpaqlarımızı işğalı zamanı yaşamış bir xalq, dövlət olaraq dünyanın harasında və kimlərə qarşı törədilməsindən asılı olmayaraq hər kəsi bu cür hallara qarşı sərt mübarizəyə səsləyirik". SİA-nın xəbərinə görə, bu fikirləri "Dövlət və Din: Dəyişən dünyada tolerantlığın genişləndirilməsi" I Beynəlxalq Bakı Forumunda iştirak edən millət vəkili Qənirə Paşayeva "Tolerantlıq və ifadə azadlığı" mövzusundakı geniş məruzə ilə çıxışı zamanı səsləndirib. Millət vəkili Q. Paşayeva çıxışında bildirib ki, Avropa məkanında və ümumiyyətlə dünyada dözümsüzlüyün və ksenofobiyanın artması, tolerantlığın azalması ciddi narahatlıq doğurur: "Biz bunun səbəblərini ciddi təhlil etməli və onlara qarşı sərt mübarizə aparmalıyıq. Doğrudur, bu istiqamətdə din xadimlərinin, dini icmaların üzərinə çox böyük yük düşür. Amma siyasətçilərin, medianın, qeyri-hökumət təşkilatlarının da üzərinə böyük yük düşür".

Qənirə Paşayeva bildirib ki, mədəniyyətlərarası və sivilizasiyalararası dialoq indi dünyada ən aktual mövzulardan biridir: "Dünyanın müxtəlif ölkələrində bu problemə həsr olunmuş çoxlu sayda konfranslar, forumlar keçirilir. Ancaq bu mövzu tez-tez gündəmə gətirilsə də, əfsuslar olsun ki, mövcud vəziyyətə onun təsiri olduqca azdır. Biz elə bir dövrdə yaşayırıq ki, hətta insanların ən müqəddəs, ən ülvi hissləri ilə oynamaq istəyənlərin sayı artır. Məhəmməd Peyğəmbəri təhqir edən filmin çəkilərək nümayiş edilməsi, ifadə azadlığı adı altında Peyğəmbərimizin karikaturalarının çəkilməsi, Quranın yandırılması kimi hadisələr 1,5 milyarda yaxın müsəlmanların ülvi hisslərinə bir hörmətsizlikdir və hansı dinin mənsubu olmasından asılı olmayaraq hər kəs insanlığın və dünyanın gələcəyi naminə bu kimi hallara qarşı öz etirazını bildirməlidir".

Bütün xəbərlər Facebook səhifəmizdə