Azərbaycan Respublikasının nümayəndə heyəti BMT-nin Qaçqınlar üzrə Ali Komissarlığının İcraiyyə Komitəsinin 63-cü sessiyasında iştirak edib
BMT-nin Qaçqınlar üzrə Ali Komissarlığının (QAK) İcraiyyə Komitəsinin 63-cü sessiyası Cenevrədə öz işinə başlayıb. Dövlət Miqrasiya Xidmətindən SİA-ya verilən məlumata görə, sessiyada Azərbaycan Respublikasının Dövlət Miqrasiya Xidmətini Xidmət rəisi, III dərəcəli dövlət miqrasiya xidməti müşaviri Firudin Nəbiyevin rəhbərlik etdiyi nümayəndə heyəti təmsil edir. BMT-nin qaçqınlar üzrə ali komissarı Antonio Quterreş sessiyanı açaraq gündəlikdəki məsələlərdən danışıb, ötən sessiyadan sonra görülmüş işlər və qarşıda duran vəzifələr haqqında çıxış edib.
Tədbirdə Azərbaycan Respublikasının nümayəndə heyətinin rəhbəri, baş nazirin müavini Əli Həsənov, Azərbaycan Respublikası Dövlət Miqrasiya Xidmətinin rəisi, III dərəcəli dövlət miqrasiya xidməti müşaviri Firudin Nəbiyev, Azərbaycan Respublikası Nazirlər Kabinetinin şöbə müdiri Qurban Sadıqov və digər şəxslər iştirak ediblər.
Sessiyada baş nazirin müavini Əli Həsənov geniş məruzə ilə çıxış edərək bildirib ki, respublikamız müstəqilliyinin ilk illərindən qonşu Ermənistanın yürütdüyü xarici işğal və etnik təmizləmə siyasəti nəticəsində ərazilərimizin 20 faizinin işğalı və 1 milyon qaçqın və məcburi köçkün problemi ilə üzləşib. İyirmi ildən çox keçməsinə baxmayaraq, azərbaycanlıların öz doğma torpaqlarına və evlərinə qayıdışı məsələsi hələ də həll olunmayıb.
Qeyd edilib ki, azərbaycanlı qaçqın və məcburi köçkünlərin öz torpaqlarına qayıtmalarının zəruriliyi BMT Təhlükəsizlik Şurasının 4 qətnaməsində və bir sıra beynəlxalq təşkilatların sənədlərində vurğulanıb və beynəlxalq birliyin bu tələbinin yerinə yetirilməsi onların hüquqlarının hərtərəfli təminatı üçün olduqcа vacibdir. Baş nazirin müavini çıxışının sonunda vurğulayıb ki, Azərbaycan Hökuməti BMT QAK və digər beynəlxalq təşkilatlarla birgə məcburi köçkünlərin öz torpaqlarına qayıtması üçün "Böyük qayıdış" proqramı hazırlayır və məcburi köçkünlərin öz evlərinə könüllü şəkildə, təhlükəsiz şəraitdə və ləyaqətlə qayıtması üçün əlindən gələni etməyə hazırdır.
Qeyd edək ki, üzv dövlətlərin, müşahidəçi qismində İcraiyyə Komitəsinin üzvü olmayan ölkələrin nümayəndələrinin, BMT agentliklərinin və nüfuzlu beynəlxalq təşkilatların, o cümlədən qeyri-hökumət təşkilatların təmsilçilərinin iştirak etdiyi sessiya 5 oktyabr 2012-ci il tarixədək öz işini davam etdirəcək.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB