Azərbaycan sufiliyinin geneologiyası təqdim olunub

Oğuz şəhərində Azərbaycan Respublikasının Dini Qurumlarla İş üzrə Dövlət Komitəsi və İslam Konfransı Gənclər Forumu Avrasiya Regional Mərkəzinin təşkilatçılığı ilə respublikanın Şimal-Qərb bölgəsində fəaliyyət göstərən dini icma sədrləri, imam və axundlar, fəal dindar və ilahiyyatçılar üçün "Dövlət-din münasibətləri və maarifləndirmə işi" mövzusunda iki günlük seminar-treninq davam edir. Komitədən SİA-ya verilən məlumata görə, tədbir çərçivəsində artıq bir neçə maraqlı məruzələr dinlənilib. Bakı İslam Universitetinin Zaqatala şöbəsinin müəllimi Əhməd Niyazov seminar iştirakçılarına Azərbaycan sufiliyinin yaranması, tarixi və geneologiyası haqqında söz açıb, bu cərəyanın ümumilikdə Qafqaz regionunun mənəvi inkişafındakı rolunu vurğulayıb, onun formalaşmasında İmam Cəfər Sadiqin (ə) müstəsna xidmətlərini qeyd edib. O, Şimali Qafqazda müdriklik hərəkatı haqqında maraqlı faktları da toplaşanların diqqətinə çatdırıb. Ə.Niyazov bildirib ki, tarixin bütün mərhələlərində Azərbaycan din sahəsində yaranan tələbatını daxili resurslar müqabilində nəinki tamamilə təmin edib, hətta digər ölkələrdə ictimai fikirin və dini ənənələrin formalaşmasına, təsisatların qurulmasına töhfələr verib. Eyni zamanda məruzəçi təəssüflə qeyd edib ki, bütün bunlara baxmayaraq, hazırda əks proseslər müşahidə edilir: "Şimali Qafqazda baş qaldıran və vüsət alan radikallıq Azərbaycana sirayət edir, İslamın saflığına və aliliyinə zərbə vuran, ləkə salan bu ideyaların daşıyıcıları məmləkətimizdə söz sahiblərinə çevrilirlər". Ə.Niyazov bu kimi tendensiyaların qarşısının alınmasının zəruriliyini xüsusi ilə vurğulayıb. İslam Konfransı Gənclər Forumu Avrasiya Regional Mərkəzinin rəhbəri Elçin Əsgərovun çıxışı da məhz bu kontekstdə qurulmuşdu. Məruzəçi Azərbaycan xalqının islam mədəniyyətinə töhfələrindən geniş söz açıb. O qeyd edib ki, Azərbaycan tarixən yalnız ölkə hüdudlarından kənarda yaranan elmi nailiyyətlərin istifadəçisi olmayıb, özü böyük şəxsiyyətlər, alimlər yetişdirib: "Bunlara nümunə olaraq ilk rəsədxana müəllifi, elmin bir çox sahələri üzrə alim, elxanilər sülaləsinin islama gəlməsinə təsir etmiş Nəsrəddin Tusi, Aristotelin nəzəriyyəsini inkişaf etdirmiş Bəhmənyar, vəhdətül-vücud ideyasının müəllifi Miyanəci, Şimali Qafqaza və Anadolunun bir hissəsinə yayılmış sufilik cərəyanlarının əsaslarını qoymuş böyük şeyxlər və başqalarını göstərmək olar". E.Əsgərov həmçinin 20-ci əsrin əvvəlində, Azərbaycan Demokratik Respublika dövründə məzhəblərarası yaxınlaşmada ölkənin ziyalı və din xadimlərinin oynadıqları əvəzsiz roldan söz açıb. Mərkəzin rəhbəri təəssüflə bildirib ki, sovet imperiyasının 70 illik hakimiyyəti müddətində ənənələrin qırılması müşahidə olunub. Nəticədə xaricdə formalaşan cərəyanlar bura Azərbaycan ənənələrinə zidd ənənələri gətirməyə çalışırlar.

"Azərbaycan dindarı qarşısında duran vəzifə öz dini ənənələrini öyrənmək və bərpa etmək, zərərli xarici təsirləri rədd etməkdən ibarətdir" - deyə, Elçin Əsgərov bu sözlərlə fikirini tamamlayıb.

Bütün xəbərlər Facebook səhifəmizdə

loading...