Azərbaycan Respublikasının İnsan Hüquqları üzrə Müvəkkili Aparatında BMT-nin Universal Dövri İcmal (UDİ) prosesi çərçivəsində QHT, vətəndaş cəmiyyəti üzvləri və media tərəfindən "Azərbaycanda insan hüquqlarının icrasının ümumi vəziyyətinə dair alternativ hesabatın"ın hazırlanmasına həsr edilən iki günlük təlim keçirilib. SİA-nın xəbərinə görə, QHT nümayəndələrinin qatıldığı tədbir BMT-nin İnsan Hüquqları üzrə Ali Komissarlığının Bakı ofisi, Vətəndaşların Əmək Hüquqlarının Müdafiəsi Liqası və Ümidli Gələcək Gənclər Təşkilatı ilə birgə təşkil olunub.
Ombudsman Elmira Süleymanova tədbiri açaraq bildirib ki, insan hüquqları sahəsində yaranan yeni institut və mexanizmlər sırasında BMT-nin İnsan Hüquqları Şurası (İHŞ) tərəfindən həyata keçirilən Universal Dövri İcmal mühüm əhəmiyyət kəsb edir. Azərbaycanın BMT qarşısında öz üzərinə götürdüyü öhdəliklərdən biri də Universal Dövri İcmal mexanizmi ilə bağlıdır.
BMT-nin İnsan Hüquqları üzrə Ali Komissarlığının Bakı ofisinin rəhbəri Kamran Bağırov bu yeni mexanizmin üzv dövlətlərin insan hüquqları sahəsində öhdəliklərinin yerinə yetirilməsi vəziyyətini aşkarlamağa imkan verdiyini, UDİ prosesinin yalnız bir hesabatla bitmədiyini, bunun davamlı bir proses olduğunu qeyd edib. O, Azərbaycan dövlətinin istər UDİ çərçivəsində, istərsə də BMT-nin saziş qurumlarının tövsiyələrinin icrası istiqamətində kompleks tədbirlər həyata keçirdiyini, müvafiq dövlət proqramlarının, milli fəaliyyət planlarının qəbul edildiyini söyləyib.
Tədbirdə qeyd olunub ki, gələn il Azərbaycan hökuməti Universal Dövri İcmal üzrə tövsiyyələrin icrası vəziyyətinə dair məruzə ilə BMT-nin İnsan Hüquqları Şurasında çıxış edəcək. Müvəkkil də öz növbəsində bununla bağlı əlavə hesabatını BMT-yə təqdim etmək niyyətindədir.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB