Məktəbli formasının istehsalı qadağan olundu

Məktəbli formasının istehsalı qadağan olundu

Azərbaycan Respublikası Standartlaşdırma, Metrologiya və Patent üzrə Dövlət Komitəsi yanında Texniki Tənzimləmə və Standartlaşdırma üzrə Dövlət Nəzarəti Xidməti tərəfindən Binəqədi rayonu, Baksol 1 ünvanında fəaliyyət göstərən Babayeva Səkinə Rəşid qızının rəhbərlik etdiyi "Bakı Tekstil Fabriki" MMC-də dövlət nəzarəti həyata keçirilib. Komitədən SİA-ya verilən məlumata görə, araşdırma zamanı müəyyən olunub ki, müəssisə qanunvericiliyə uyğun olaraq məcburi sertifikatlaşdırılmalı olan, lakin sertifikatlaşdırılmamış məhsullar istehsal edir. Ölçü vasitələrinin işlədilməsi qaydaları pozulur, ölçmə vasitələri heç biri müqayisəli dövlət yoxlamasından keçirilməyib, eyni zamanda normativ sənədi olmadığı halda qeyri-qanuni olaraq "məktəbli forması" istehsal (realizə) olunur. Həmçinin müəssisənin istehsal olunan məhsulun keyfiyyət və təhlükəsizlik göstəricilərinin təyin edilməsi üçün laboratoriyası və ya akkreditasiya olunmuş hər hansı bir laboratoriya ilə müqaviləsinin olmadığı da müəyyən edilib.

Aşkar olunmuş bu və digər nöqsanlara görə, Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin tələblərinə əsasən 4000 manatdan 5000 manatadək miqdarda cərimə edilməsi nəzərdə tutulan inzibati xəta haqqında protokol tərtib edilib. Həmçinin "Bakı Tekstil Fabriki" MMC-də "məktəbli formasının" istehsalı, satılması və realizə olunmasını qadağan edən tələbnamə verilib.

Bütün xəbərlər Facebook səhifəmizdə