Dağlıq Qarabağa qanunsuz səfərlər suverenliyimizə hörmətsizlikdir

Elman Abdullayev: "Azərbaycanın işğal olunmuş torpaqlarına qanunsuz səfərlər dövlətimizin suverenliyinə və ərazi bütövlüyünə hörmətsizlikdir".

Bunu cümə axşamı jurnalistlərə Xarici İşlər Nazirliyinin mətbuat katibi Elman Abdullayev deyib. XİN sözçüsü bildirib ki, bu məsələ daim dövlətin diqqətindədir: "Biz buna hər zaman reaksiya verib öz etirazımızı bildiririk. Dünya ictimaiyyəti Azərbaycanın prinsipial mövqeyini başa düşür. Biz belə səfərlərə kəskin reaksiya verib qəti mövqeyimizi ortaya qoyuruq".

E.Abdullayevin sözlərinə görə, Azərbaycan bununla bağlı kəskin mövqeyini bundan sonra da davam etdirəcək: "Azərbaycanın ərazi bütövlüyünə və suverenliyinə hörmət olunmalıdır. Bu məsələ ilə bağlı Azərbaycan xaricdəki səfirliklərinə müvafiq təlimatları verib".

Qeyd edək ki, Ermənistan tərəfindən işğal olunmuş Azərbaycan torpaqlarına ayrı-ayrı dövlətlərin rəsmi şəxsləri, KİV nümayəndələri icazəsiz səfərlər edirlər.

Bütün xəbərlər Facebook səhifəmizdə