Əyyub Şırlanlı: “Şuşa AXC-Müsavat cütlüyünün uğursuz siyasətinin qurbanı oldu” - MÜSAHİBƏ (Səs Tv)

8 May 1992-ci il - Azərbaycanın alınmaz qalasının, mədəniyyət ocağının işğal olunduğu gün. Sabah həmin günün 20-ci ildönümüdür. Artıq 20 ildir ki, bizim olan torpaqlardan ürək ağrısı ilə bəhs edirik. Lakin Şuşanın işğalındakı o dərin faktlar, bu gün cavabını tapmış bir sıra suallar hələ də çoxları tərəfindən müzakirə olunur. Düşmənin arxalandığı qüvvələrmi güclü idi? Mübarizə əzmimizmi zəif idi? Daxili çəkişmələrmi Şuşanı qurban etdi? Bütün bu sualların cavabını Azərbaycan Yazıçılar Birliyinin üzvü , "Qızıl Qələm" mükafatı laureatı, Şuşa rayon təhsil şöbəsinin əməkdaşı Əyyub Şırlanlı Səs Tv-yə müsahibəsi zamanı cavablandırıb. "Gündəm" rubrikasının qonağı olan şair-publisist eyni zamanda Şuşanın işğalının 20-ci ildönümü ilə bağlı dövlət başçısı İlham Əliyevin imzaladığı sərəncama da münasibət bildirib.


- Əyyub müəllim, ilk olaraq Şuşanın işğalının 20-ci ildönümü ilə bağlı dövlət başçısı İlham Əliyevin imzaladığı sərəncamı necə qiymətləndirirsiniz?

- Ölkə prezidentinin 9 aprel 2012-ci il tarixli sərəncamı çox böyük əhəmiyyət kəsb edir. Təsadüfi olmayan bu sərəncam Şuşa şəhərinin hər zaman, hər dəqiqə gündəmdə olduğunun və unudulmadığının göstəricisidir. Ölkə prezidenti bu addımla təkcə şuşalılara və ya azərbaycanlılara deyil, eyni zamanda bütün dünyaya bir çox şeyi bəyan etdi. Yəni işğal altında olan Şuşa nə gözdən kənardır, nə könüldən iraq. Bu sərəncamla dövlət başçısı Şuşanın və bütün Dağlıq Qarabağ torpaqlarının geri qaytarılmasındakı qətiyyətimizi bir daha bütün dünyaya sübut etdi. Heç kəsə sirr deyil ki, Şuşa Azərbaycan xalqının tarixi, mədəniyyəti, mənəviyyatıdır. Xalqımızın yaddaşında bir ömür alınmaz qala kimi yaşayan Şuşa haqqında verilən bu sərəncam, birmənalı surətdə yüksək qiymətləndirilir.


- Şuşanın işğal tarixinə nəzər salaq. Sizcə, Şuşa döyüş əzminin zəifliyinin, yoxsa düşmənin arxalandığı qüvvələr hesabına qazandığı gücün qurbanı oldu?

- İlk olaraq qeyd edim ki, bu həqiqət bütün dünyaya məlumdur ki, Şuşa şəhərinin işğalında düşmənin arxalandığı qüvvələr olub. Təkcə Şuşanın deyil, işğal olunan bütün ərazilərimizdəki qanlar ermənilərin arxasında duran güclər hesabına tökülüb. Şuşa şəhərinin təkcə Xankəndində cəmləşmiş bir neçə erməninin hesabına işğal edilə bilməyəcəyi hamımıza məlumdur. Şuşa şəhərinin işğalında Fransa, Amerika, İran, Rusiya kimi bir sıra dövlətlər ermənilərə yardım ediblər. Həmin dövlətlərin hərbiçiləri müəyyən plan üzrə hərəkət edərək Şuşanı köməksiz vaxtında hücuma məruz qoydular və niyyətlərini çirkinliklə həyata keçirdilər. Lakin təbii ki, təkcə səbəb bu deyildi. Bu şəhər böyük bir vətənpərvərlik hissi ilə qorunurdu. Şuşalıların ümidinə qalsa, Şuşa işğal oluna bilməzdi. Kənardan Şuşaya yardım adı ilə gələn qüvvələrin heç bir şey edə bilməməsi və konkret addımlar ata bilməməsi işğal faktının köklü səbəblərindən oldu. Şuşa ziddiyyətli hakimiyyət hərislərinin, Qarabağ haqda dərindən düşünməyən qüvvələrin qurbanı oldu. Bəzi qüvvələr arasında dəhşətli çəkişmələr, qərəzli niyyətlər, hakimiyyət hərisliyi uğrunda mübarizə gedirdi. Yəni, həmin qüvvələr Şuşanı qorumaq üçün deyil, sadəcə vəzifə üçün dondan-dona girirdilər. Bütün bunlar da təbii ki, düşmənin qol-qanadını açıb yollarına işıq tuturdu. Bu gün Şuşa haray içərisindədir. Həm şuşalıların ürəyindəki yara, həm də Şuşanın bir obraz kimi gözlərindəki kədər bir gün mütləq öz yerini tapacaq. Bir gün haqq yerini tutacaq və şuşalılar öz torpaqlarına böyük bir fəxr hissi ilə geri dönəcəklər.


- Şuşanın işğalında həm düşmənə güc verən xarici qüvvələri, həm də daxili çəkişmələri günahkar bildiniz. Sizcə, Xalq Cəbhəsinin hakimiyyət iddialarından yaranan qeyri-müəyyənlik bu işğalda nə dərəcədə rol oynadı?

- 1988-1992-ci illərdə ölkədə özbaşınalıq tamam baş alıb getmişdi. Nə kimin rəhbər olduğu, nə də kimin doğru fikir səsləndirdiyi heç kəsə məlum deyildi. Səmimi etiraf etmək lazımdır ki, o dövrdə hamısının ürəyindən hakimiyyətə gəlmək arzusu keçirdi. Nə Şuşa, nə də Qarabağın taleyi Xalq Cəbhəsi nümayəndələrinin heç biri üçün əhəmiyyətli olmayıb. Onlar Qarabağı vətənpərvərlik hissləri ilə düşünsəydilər bu gün biz belə bir işğalın ildönümündən danışmazdıq. Şuşa onların hakimiyyət hərisliklərinə qurban getdi. Bu gün müxtəlif iddialarla çıxış etməklə onlar yalnız özləri kimilərinin fikirlərini cəlb edə, inandıra bilərlər. Mən və mənim kimi Şuşanın işğalını ürək ağrısı ilə izləyənlər yaxşı bilirik ki, Şuşa həmin hakimiyyət uğrunda mübarizə aparan qüvvələrin uğursuz siyasətlərinin qurbanı olub.

Bütün xəbərlər Facebook səhifəmizdə