Azərbaycan Ombudsmanı Vilnüsdə keçiriləcək beynəlxalq konfransda iştirak edəcək
13-14 iyul 2011-ci il tarixlərində Litva Respublikasının paytaxtı Vilnüs şəhərində ATƏT-in Demokratik Təsisatlar və İnsan Hüquqları Bürosunun və bu qurumun Litvadakı nümayəndəliyinin təşkilatçılığı ilə ATƏT məkanında Milli İnsan Hüquqları Təsisatları (MİHT) üçün beynəlxalq konfrans keçiriləcəkdir.
Ombudsman Aparatından SİA-ya verilən xəbərə görə, mötəbər tədbirə bir sıra ölkələrin ombudsmanları, milli insan hüquqları təsisatlarının nümayəndələri, insan hüquqları sahəsində tanınmış mütəxəssislər, nüfuzlu beynəlxalq ekspertlər, vətəndaş cəmiyyətinin nümayəndələri qatılacaqlar.
Azərbaycan Respublikasının İnsan Hüquqları üzrə Müvəkkili Elmira Süleymanova bu beynəlxalq toplantıya dəvət olunub.
Konfransın açılış mərasimində Litva Respublikası Xarici İşlər nazirinin müavini, ATƏT-in Demokratik Təsisatlar və İnsan Hüquqları Bürosunun rəhbəri, BMT Milli İnsan Hüquqları Təsisatlarının Beynəlxalq Əlaqələndirmə Komitəsinin( BƏK) sədri və b. iştirak edəcəklər.
Beynəlxalq konfransda "MİHT və onların parlamentlərlə əlaqəsi: mandat, tabeçilik və resurslar", "MİHT-nin icra hakimiyyəti ilə əlaqələri: qarşılıqlı məsuliyyət, gözləntilər və nəticələr", "MİHT və vətəndaş cəmiyyəti: səmərəli əməkdaşlıq insan hüquqlarının uğurlu müdafiəsi və təşviqinin əsası kimi", "MİHT və ədliyyə idarəçiliyi: əlçatanlıq və qarşılıqlı əlaqələr" mövzularında dörd sessiya keçiriləcəkdir.
Qeyd olunmalıdır ki, ATƏT-in Demokratik Təsisatlar və İnsan Hüquqları Bürosunun 14-15 aprel 2011-ci il tarixlərində Vyanada təşkil olunmuş Əlavə İnsan Ölçüsü üzrə görüşündə, habelə 17-19 may 2011-ci il tarixlərində BMT-nin İnsan Hüquqları üzrə Ali Komissarlığının Cenevrədə keçirdiyi İnsan hüquqlarının müdafiəsi üzrə milli institutların fəaliyyətinə həsr edilmiş 24-cü sessiyasında gündəliyə çıxarılmış mövzuların müzakirəsi Vilnüs konfransında davam etdiriləcəkdir.
Bu tədbirdə insan hüquqlarının təmini və müdafiəsinin müxtəlif aspektləri müzakirə ediləcək, iştirakçılar ayrı-ayrı qruplarda fikir və təcrübə mübadiləsi aparacaqlar.
Azərbaycan Ombudsmanı Elmira Süleymanovanın adıçəkilən beynəlxalq konfransda çıxışı gözlənilir.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB