Son vaxtlar 91 saylı Mənzil İstismar sahəsinin ərazisində yerləşən Şıxlinski 50 binanın 4-cü blokunda yaşayanlar liftdən əziyyət çəkirlər. Liftimiz günlərlə dayanır, işləmir. Yuxarı mərtəbədə yaşayanlar isə əziyyət çəkə-çəkə dırmaşırlar evlərinə. Dərdimizi deməyə bir adam tapılmır. Sakinlər tez-tez liftdə qalır, bu səbəbdən FHN-in aidiyyatı qurumlarını da narahat etməli oluruq. Maraqlı sual yaranır, bu hal nə vaxtadək davam edəcək, əgər FHN-ə zəng edəcəyiksə, onda Lift idarəsinin rəisi və bir xeyli işçisi kimə lazımdır? Sakinlər liftə minməmişdən qabaq kəlmeyi-şəhadətini oxuyur. Əksər hallarda Lift idarəsinin əməkdaşları şikayətimizi qulaqardına vururlar.
Yaxşı olar ki, Xətai rayonu Lift idarəsinin müdiri əraziyə çıxıb vətəndaşların şikayətini dinləsinlər. FHN, təcili yardım, qaz, işıq, su idarələrinin qaynar xəttinin telefon nömrələri sakinlərdə var. Bəs lift idarəsinin qaynar xətti niyə yoxdur?
Bizim binada liftə baxanlar yaşlı qadınlardır. Mexanik Şərafəddindən başqa Lift idarəsindən kimsəni tanımırıq. O da xəstələnsə liftlərə kim nəzarət edəcək? Yaxşı olar ki, Lift İdarəsinin mərkəzləşmiş qaynar xətti olsun.
Gəlin düzünü danışaq, bir sakin kimi mən Mənzil Kommunal Təsərrüfat Birliyinin işçilərinin xalqla maraqlandığını görməmişəm. Vəzifə o deyil ki, kabinetdə oturub heç bir iş görməsinlər. İnanırıq ki, bizim şikayətimizə Xətai Rayon İcra Hakimiyyətinin başçısı və yaxud Mənzil Təsərrüfat Birliyinin rəisi tərəfindən baxılacaq və lazımi ölçü götürüləcək.
Məmmədhəsən Məmmədov
Bütün xəbərlər Facebook səhifəmizdə