Süni intellekt insanlara daha çox fayda verir, yoxsa zərər? - SORĞU

Texnologiyanın sürətlə inkişaf etdiyi dövrdə süni intellekt həyatımızın demək olar ki, hər sahəsinə daxil olub. Artıq bir çox insan gündəlik işlərini asanlaşdırmaq, vaxtına qənaət etmək və yeni biliklər əldə etmək üçün bu alətdən istifadə edir. Kimisi dərslərində köməkçi kimi yanaşır, kimisi iş prosesini daha səmərəli görmək üçün istifadə edir, digərləri isə sadəcə maraqlandığı suallara cavab tapmaq üçün müraciət edir. Amma sual yaranır: süni intellekt həqiqətən insanların işini asanlaşdırır, yoxsa müəyyən hallarda onları daha da çətin vəziyyətə salır? Maraqlıdır, insanlar əsasən hansı məqsədlərlə süni intellektə müraciət edir və onun təsiri ilə qərarlarını dəyişdirirlərmi? SİA bu mövzu ilə bağlı şəhər sakinləri arasında sorğu edib.

Şəhər sakini Səid Nəbiyev: "Süni intellekt mənim gündəlik həyatımı kifayət qədər asanlaşdırır. Ən çox dərslə bağlı suallar üçün istifadə edirəm. Çünki bəzən axtardığım məlumatı internetdə tapmaq vaxt aparır, amma burada qısa və aydın cavab alıram. Qərarlarımı dəyişdirdiyi olur, xüsusilə hansısa mövzuya başqa tərəfdən baxanda. Çox vaxt məsləhətçi kimi yanaşıram. Amma yenə də tam etibar etmirəm, öz araşdırmamı aparıram. Daha çox yeni biliklər, ideyalar, layihələrlə bağlı suallar verirəm. Mənə maraqlı olan sahələrdə istiqamət göstərməsi kömək edir. Açığı düşünürəm ki, gələcəkdə süni intellekt daha da inkişaf edəcək və biz onsuz keçinə bilməyəcəyik".

Şəhər sakini Nəzrin Məmmədzadə: "Süni intellekt həm öyrənmək, həm də əylənmək vasitəsidir. Çox vaxt dərslə bağlı mövzulara müraciət edirəm. Əlavə olaraq, maraqlı mövzular haqqında məlumat alıram. Qərarlarımı bəzən dəyişir, xüsusilə də gözləmədiyim cavablar verəndə. Məncə ən böyük üstünlüyü rahatlıqdır. Çünki vaxt itkisi olmur, hər şeyi bir yerdən öyrənə bilirəm. Amma hər şeydə ona güvənmək olmaz. Mən daha çox mövzuların izahını, yazı nümunələrini və məsləhətləri soruşuram. Həm də yeni şeylər öyrənmək üçün yaxşı vasitədir. Ümumilikdə, işləri çox asanlaşdırır".

Şəhər sakini Elcan Kəlbiyev: ""Chatgpt" həm maraqlı, həm də faydalı bir vasitədir. Çox vaxt gündəlik suallarımı vermək üçün istifadə edirəm. Məsələn, hansısa mövzuda nəsə yazmaq, ya da yeni ideyalar tapmaq istəyəndə kömək edir. Qərarlarımı bəzən dəyişir, çünki elə bir yanaşma göstərir ki, əvvəllər ağlıma gəlməyib. Bununla belə, tamamilə güvənmirəm, çünki səhv etmə ehtimalı var. Mənə ən çox vaxt qənaəti baxımından fayda verir. Uzun-uzadı axtarış etməkdənsə, qısa vaxtda cavab almaq rahatdır. Bəzən zarafatla da sual verirəm, maraqlı cavabları xoşuma gəlir. Düşünürəm ki, düzgün istifadə olunarsa, çox şey qazandırar".

Şəhər sakini Bəxtiyar Xəlilli: "Son illərdə süni intellekt insanların işlərini həm asanlaşdıra, həm də müəyyən hallarda çətinləşdirə bilər. Mən özüm çox istifadə etmirəm, amma ətrafımdakıların danışdıqlarından görürəm ki, öyrənmək və məlumat tapmaq üçün böyük imkan yaradır. Düzdür, hər şeyə etibar etmək olmaz, bəzən səhv və ya qeyri-dəqiq cavablar da olur. Ona görə də mənim qərarlarımı dəyişmir. Amma gənclər üçün yaxşı vasitədir, çünki vaxt itirmədən cavab tapırlar. Çətinlik tərəfi isə insanları hazır cavablara öyrəşdirməsidir. İnsan özü fikirləşməyə həvəssiz qalır. Mən daha çox öz təcrübəmə güvənirəm. Yəni, mənim üçün süni intellekt o qədər də vacib deyil".

Şəhər sakini Lalə Məmmədova: "Gündəlik həyatımda aktiv istifadə etdiyim bir şeydir. Ən çox təhsil, maraqlı faktlar və ya şəxsi inkişafla bağlı suallar verirəm. Mənim üçün faydası ondadır ki, mövzuları daha sadə və aydın şəkildə izah edir. Bəzən verdiyi cavablar məni düşündürür və qərarımı dəyişdirir. Xüsusilə də yeni yanaşmalar öyrənmək çox maraqlıdır. Amma hər cavabını da qəbul etmirəm, çünki səhv ola bilər. Daha çox özümü inkişaf etdirmək və vaxt qazanmaq üçün istifadə edirəm. Çətin tərəfi isə insanı hazır cavablara öyrəşdirməsidir. Düşünürəm ki, balanslı istifadə etsək, çox kömək edər.

Şəhər sakini Məryəm İbrahimova: "Əsasən təhsil və işlə bağlı mövzularda istifadə edirəm. Çox vaxt esse, layihə və ya təqdimat hazırlayanda köməkçi olur. Mənim qərarlarımı müəyyən qədər dəyişdirdiyi olub, çünki yeni fikirlər öyrədir. Amma tamamilə onun dediklərinə bağlı qalmıram. Bəzən səhv cavablar verdiyini də görmüşəm. Daha çox dəqiq və yaradıcı suallar verməyə çalışıram. Məncə ən böyük üstünlüyü vaxta qənaət etməkdir. Çətinlik isə ondan ibarətdir ki, insan çox asan yola öyrəşir və özü düşünmək istəmir. Yenə də ümumilikdə faydalı vasitə hesab edirəm".

Müəllif: Günel Fərzəliyeva

Bütün xəbərlər Facebook səhifəmizdə