Günəş şüaları altında satılan qida məhsulları hansı təhlükələrə yol açır? - MÜNASİBƏT BİLDİRİLDİ

"Qida məhsullarının təhlükəsizliyi onların tərkibindən yanaşı, saxlanma şəraitindən də birbaşa asılıdır. Xüsusilə yay mövsümünün gəlməsi ilə bu məsələ daha da aktual xarakter alır". Bu sözləri SİA-ya açıqlamasında sağlam qidalanma mütəxəssisi Məhsəti Hüseynova deyib.

Məhsəti Hüseynova sözlərinə belə davam edib: "Müxtəlif növ qida məhsulları – istər süd məhsulları, souslar, şirələr və ya yarımfabrikatlar – fərqli temperatur rejimləri və saxlanma standartları tələb edir.

Qida məhsullarının xüsusilə plastik qablarda saxlanması zamanı müəyyən təhlükələr ortaya çıxır. Belə ki, plastik materialların tərkibində olan bisfenol A (BPA) maddəsi yüksək temperaturun təsiri altında qidaya və ya suya keçə bilər. Bu maddə insan orqanizmində hormonal balansın pozulmasına, uzunmüddətli təsirdə isə xərçəng riskinin artmasına səbəb ola bilər.

Qeyd olunmalıdır ki, plastik qablarda saxlanılan qidaların birbaşa günəş şüalarına məruz qalması bu prosesi daha da sürətləndirir. Təəssüf ki, bəzi satış məntəqələrində bu məhsullar, üzərində göstərilmiş saxlama temperatur rejiminə zidd olaraq, açıq havada və ya istidə saxlanılır.

Müasir qida sənayesində istifadə olunan emulqatorlar, stabilizatorlar, aromatizatorlar və konservantlar da müəyyən risklər daşıyır. Bu maddələr müəyyən hallarda, xüsusilə günəş işığında və yüksək temperaturda uzun müddət qaldıqda, məhsulun kimyəvi tərkibində dəyişikliklərə səbəb ola bilər. Nəticə etibarilə, belə məhsulların qəbulu insan orqanizmində:

• Həzm sisteminin pozulmasına,

• Maddələr mübadiləsinin zəifləməsinə,

• Qida zəhərlənmələrinə səbəb ola bilər.

İstehlakçılar üçün əsas tövsiyə odur ki, qida məhsulu alarkən onun:

• Etiketində göstərilən saxlanma rejiminə uyğun şəkildə qorunub saxlandığından əmin olsunlar;

• Birbaşa günəş şüası altında saxlanılmadığına diqqət yetirsinlər;

• Saxlanma müddəti və qablaşdırmanın bütövlüyünü yoxlasınlar.

Qida təhlükəsizliyi təkcə istehsalçının deyil, həm də istehlakçının məsuliyyətidir. Bu baxımdan, diqqətli və məlumatlı seçimlər etmək hem fərdi sağlamlığın qorunmasına, həm də ümumi ictimai sağlamlığın möhkəmləndirilməsinə xidmət edir!".

Ayşən Vəli

Bütün xəbərlər Facebook səhifəmizdə