"Hər bir insan ətrafında tanıdığı uşağa öz övladı kimi yanaşmalıdır" - MÜNASİBƏT BİLDİRİLDİ
"1 İyun – Uşaqların Beynəlxalq Müdafiəsi Günü dünyada uşaqların hüquqlarının qorunması, onların sağlam və xoşbəxt böyüməsi, təhsilə və sosial rifaha çıxış imkanlarının artırılması baxımından mühüm əhəmiyyətə malikdir. Bu əlamətdar gün münasibətilə Azərbaycanda həyata keçirilən uşaq yönümlü dövlət siyasətinə nəzər salmaq yerinə düşər". Bu sözləri SİA-ya açıqlamasında Milli Məclisin Ailə, qadın və uşaq məsələləri komitəsinin sədr müavini, deputat Jalə Əliyeva deyib.
Jalə Əliyeva sözlərinə belə davam edib: "Uşaqlar cəmiyyətin və dövlətin gələcəyidir. Onlar gələcəyin qurucuları, inkişafın daşıyıcıları və sabahın liderləridir. Məhz bu səbəbdən də Azərbaycanda uşaqlara xüsusi diqqət və qayğı göstərilir. Dövlət tərəfindən həyata keçirilən sosial siyasətin əsas prioritetlərindən biri uşaqların rifahının təmin edilməsidir. Bu sahədə ölkə rəhbərliyi, xüsusilə Prezident İlham Əliyev tərəfindən göstərilən diqqət və qayğı ilə yanaşı, Heydər Əliyev Fondunun bu istiqamətdə gördüyü işlər xüsusilə qeyd olunmalıdır. Fondun prezidenti Mehriban xanım Əliyeva, vitse-prezident Leyla xanım Əliyeva və fondun fəal üzvlərindən Arzu xanım Əliyeva tərəfindən həyata keçirilən çoxsaylı layihələr ölkədə uşaqların hərtərəfli inkişafına töhfə verir.
Yeni məktəblərin, bağçaların, uşaq evlərinin, internat müəssisələrinin, ixtisaslaşmış xəstəxanaların tikilməsi və ya əsaslı şəkildə yenidən qurulması bir daha sübut edir ki, uşaqlara təkcə sosial təminat yox, həm də sevgi və mənəvi dəstək göstərilir. Bu isə uşaqların sağlam, təhlükəsiz və xoşbəxt böyüməsi üçün əlverişli şərait yaradır. Tez-tez xatırlatdığımız bir həqiqət var: “Bir uşaq ağlayarsa, bütün bəşəriyyət ağlayar. Bir uşaq gülərsə, bütün bəşəriyyət gülər”. Bu fikir uşaqlara münasibətdə dövlətin və cəmiyyətin məsuliyyətini ifadə edir. Azərbaycanda həyata keçirilən siyasətin əsas qayəsi – hər bir uşağın üzündə sevinc görməkdir. Onların üzündə kədər və göz yaşı görməmək üçün dövlət bütün imkanlarını səfərbər edir. Bununla yanaşı, uşaqlara münasibətdə yalnız dövlətin deyil, cəmiyyətin hər bir fərdinin məsuliyyəti var. Valideyn olmayan hər bir insan da ətrafında tanıdığı hər bir uşağa öz övladı kimi yanaşmalıdır. Bu cür doğmalıq hissi və humanist yanaşma cəmiyyətin sağlam inkişafı və bütövlüyü üçün əsas şərtlərdən biridir. Nəticə etibarilə, uşaqların müdafiəsi və inkişafı yalnız dövlət siyasəti ilə deyil, bütün cəmiyyətin birgə səyləri ilə mümkün ola bilər. Gələcəyimizə investisiya, ən böyük dəyər uşaqlara göstərilən diqqət və qayğıdır".
Ayşən Vəli
Bütün xəbərlər Facebook səhifəmizdə