"Qırmızı rəng sevgi və emosional yaxınlığın simvoludur" - PSİXOLOQ DANIŞDI

"Qırmızı rəng enerji, güc və iradənin rəngi hesab olunur. Bu rəng gündəlik həyatda müxtəlif formalarda qarşımıza çıxır. Qırmızı rəng insan psixologiyasında güc, qərarlılıq və ambisiya ilə assosiasiya olunur. Reklam və vizual kommunikasiya sahəsində də bu rəngə tez-tez rast gəlinir, çünki insan gözü qırmızı rəngə daha həssasdır. Bu səbəbdən, diqqət cəlb etmək və müəyyən mesajları vurğulamaq məqsədilə, xüsusilə “endirim” və “təklif” kimi sözlərdə qırmızı rəngdən istifadə edilir". Bu sözləri SİA-ya açıqlamasında psixoloq Gülnar Orucova deyib.

Onun sözlərinə görə, qırmızı həmçinin simvolik və bioloji mənalar daşıyır: "Təbii elementlərdə, məsələn, qırmızı güllərdə və qızılgüllərdə bu rəng həm gözəllik, həm də ehtiras kimi dəyərlərlə əlaqələndirilir. Qırmızı geyim seçimi isə tez-tez fərdin özünə inamını və daxili gücünü ifadə edir. Beləliklə, bu rəngi daşımaq hər kəs üçün asan deyil, bu müəyyən mənada güclü iradənin və özünüifadənin göstəricisidir.

Qırmızı rəng həmçinin nikbinlik və pozitiv emosiyaların da simvoludur. Bu baxımdan, qırmızı həm fərdi psixoloji vəziyyətin, həm də ictimai mesajların ifadəsində mühüm rol oynayır.

Qırmızı rəng insanlarda ünsiyyətə açıqlıq və diqqət cəlb etmə xüsusiyyəti ilə seçilir. Məhz bu səbəbdən, dünyanın ən məşhur brendləri və şirkətləri dizayn və reklam materiallarında tez-tez qırmızı rəngdən istifadə edirlər. Çünki vizual sistem baxımından insan gözü qırmızı rəngə daha həssasdır və bu rəng sürətli şəkildə diqqəti cəlb etmə qabiliyyətinə malikdir.

Qırmızı rəng eyni zamanda sevgi və emosional yaxınlığın da simvoludur. Məsələn, insanlar romantik münasibətlərdə bir-birlərinə tez-tez qırmızı çiçəklər, xüsusilə qızılgüllər hədiyyə edirlər. Bu çiçəklər yalnız sevginin deyil, həm də ehtirasın simvolu hesab olunur. Bütün bu semantik yüklər qırmızı rəngi həm sosial, həm də psixoloji baxımdan güclü bir simvola çevirir.

Qırmızı rəngi daşımaq da hər kəs üçün asan deyil, bu rəng adətən özünəinamlı, emosional cəhətdən güclü və diqqət mərkəzində olmağı bacaran insanlar tərəfindən seçilir. Beləliklə, qırmızı rəng təkcə vizual diqqətə deyil, həm də fərdi psixoloji xüsusiyyətlərə işarə edir".

Psixoloq qeyd edir ki, qırmızı rəng insan psixologiyasında və fiziologiyasında mühüm təsirə malikdir. Tədqiqatlar göstərir ki, bu rəng emosional vəziyyətə, xüsusilə də əhval-ruhiyyəyə müsbət təsir göstərir: "Qırmızı rənglə təmasda olan zaman insanların əhvalının kəskin şəkildə aşağı olması nadir hallarda müşahidə olunur. Bu rəng insanda dinamizm, enerji və emosional aktivlik hissini gücləndirir. Qırmızı həmçinin "hərəkətə keç", "hiss et" və "reaksiya ver" tipli psixoloji mesajlar ötürür.

Qırmızı rəngə qarşı insanların tez reaksiya verməsi onun vizual və emosional təsirinin güclü olması ilə bağlıdır. Digər rənglərlə müqayisədə, qırmızı daha tez diqqəti cəlb edir və daha yüksək emosional reaksiya doğurur. Məsələn, bir çox qadınların qırmızı rəngə xüsusi marağı müşahidə edilir, onlar bu rəngi geyimlərində, avtomobil seçimlərində və digər vizual elementlərdə tez-tez istifadə edirlər. Bu, qadınların qırmızı rənglə əlaqəli emosional və estetik həssaslığını əks etdirir.

Bundan əlavə, qırmızı rəngin bədəndə fizioloji təsirləri də vardır. Məlumdur ki, qırmızı rəngə məruz qalmaq bəzən ürək döyüntüsünün artmasına, qan təzyiqinin yüksəlməsinə və ümumilikdə bədənin “hazır vəziyyət” reaksiyasına səbəb ola bilər. Bu səbəbdən qırmızı rəng həm psixoloji, həm də fizioloji aspektdən stimullaşdırıcı təsirə malikdir"- deyə psixoloq əlavə edib.

Müəllif: Xeyrənsə Piriyeva

Bütün xəbərlər Facebook səhifəmizdə