Məişət zorakılığını gizlədən şəxs nə zaman məsuliyyət daşıyır? - MÜNASİBƏT BİLDİRİLDİ

"Məişət zorakılığı dedikdə - yaxın qohumluq münasibətlərindən, birgə və ya əvvəllər birgə yaşamaqlarından sui-istifadə etməklə şəxslərin ( ərin, arvadın, valideynlərin və s.) birinin digərinə qəsdən fiziki və ya mənəvi zərər vurması başa düşülür". Bu sözləri SİA-ya açıqlamasında vəkil Turan Abdullazadə deyib.

O bildirib ki, məişət zorakılığı barədə şikayətdə törədilmiş və ya hazırlanan cinayətlər haqqında məlumatlar olduqda həmin şikayətlərə cinayət-prosessual qanunvericiliklə müəyyən edilmiş qaydada baxılır: "Cinayət Məcəlləsində birbaşa olaraq göstərilməsə də, məişət zorakılığı ilə bağlı cinayət əməlini və həmin əməllə bağlı cəzanı nəzərdə tutan maddələr mövcuddur. Yəni siz, müvafiq olaraq Cinayət Məcəlləsinin 126-cı (qəsdən sağlamlığa ağır zərər vurma), 127-ci (qəsdən sağlamlığa az ağır zərər vurma), 128-ci (qəsdən sağlamlığa yüngül zərər vurma), 133-cü (işgəncə) maddələri ilə cinayət işinin başlanılması barədə Daxili İşlər Nazirliyinin hadisənin törədildiyi yerin ərazisi üzrə polis bölməsinə ərizə ilə müraciət edə bilərsiniz.

Əgər əməldə cinayət tərkibi yoxdursa, lakin inzibati xəta tərkibi varsa bu zaman məişət zorakılığı törətmiş şəxs inzibati qaydada məsuliyyətə cəlb oluna bilər. İnzibati Xətalar Məcəlləsinin 157-ci maddəsinə əsasən, döymə və sair zorakı hərəkətlərlə qəsdən fiziki ağrı yetirməyə görə - üç yüz manatdan beş yüz manatadək məbləğdə cərimə edilir və ya işin hallarına görə, xətanı törədənin şəxsiyyəti nəzərə alınmaqla, iki ayadək müddətə inzibati həbs tətbiq olunur. Bu maddədə nəzərdə tutulmuş əməl sağlamlığa ağır, az ağır və ya yüngül zərər vurmaqla törədildikdə, Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin müvafiq maddələrinə əsasən cinayət məsuliyyətinə səbəb olur. Məişət zorakılığı barədə şikayətdə cinayət tərkibinin əlamətləri olmadıqda həmin şikayətə müvafiq icra hakimiyyəti orqanları tərəfindən baxılır. Məişət zorakılığı barədə şikayətdə cinayət tərkibinin əlamətləri olmadıqda şikayətlərə baxılma qaydası müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilir. Məişət zorakılığı barədə şikayətdə cinayət tərkibinin əlamətləri olmadıqda həmin şikayət yalnız zərər çəkmiş şəxsin və ya onun qanuni nümayəndəsinin razılığı olduqda araşdırılır. Müvafiq icra hakimiyyəti orqanı müraciət edilən vaxtdan 24 saat keçənədək zorakılığı törədən şəxsə xəbərdarlıq edir və dərhal zərər çəkmiş şəxsə 30 gün müddətinədək qısamüddətli mühafizə orderi verir. Məişət zorakılığı ilə bağlı hərəkətlər törətmiş şəxsin qısamüddətli mühafizə orderinin tələblərinə əməl etməməsi uzunmüddətli mühafizə orderinin verilməsi üçün əsas ola bilər.Məişət zorakılığı ilə bağlı hərəkətləri törətmiş şəxs verilmiş xəbərdarlığa əməl etmədikdə, zərər çəkmiş şəxs və ya müvafiq icra hakimiyyəti orqanı uzunmüddətli mühafizə orderinin verilməsi üçün məhkəməyə müraciət etmək hüququna malikdir. Uzunmüddətli mühafizə orderi 30 gündən 180 gün müddətinə verilir. Uzunmüddətli mühafizə orderinin verilməsi barədə məhkəmə qərarının çıxarılması qanunvericiliklə müəyyən edilmiş qaydada həyata keçirilir. Məişət zorakılığının qarşısının alınması sahəsində hüquqi tədbirlərdən ən təsirlisi məişət zorakılığı ilə bağlı cinayət təqibinin həyata keçirilməsi və məişət zorakılığı törətmiş şəxslərin məsuliyyətə cəlb edilməsidir. Məişət zorakılığı barədə şikayətdə cinayət tərkibinin əlamətləri olmadıqda, həmin şikayətə məişət zorakılığından zərər çəkmiş şəxsin (bundan sonra - zərər çəkmiş şəxs) yaşadığı (olduğu) yerin icra hakimiyyəti orqanı tərəfindən baxılır. Məişət zorakılığı barədə şikayətdə cinayət tərkibinin əlamətləri olmadıqda, həmin şikayət yalnız zərər çəkmiş şəxsin və ya onun qanuni nümayəndəsinin razılığı olduqda araşdırılır. Məişət zorakılığı ilə bağlı şikayətin araşdırılması nəticəsində cinayət işinin başlanılması üçün əsaslar müəyyən edilmədiyi halda, cinayət təqibini həyata keçirən orqan həmin şikayəti zərər çəkmiş şəxsin yaşadığı (olduğu) yerin icra hakimiyyəti orqanına göndərir. Məişət zorakılığı ilə bağlı şikayətə 5 (beş) gün müddətində baxılır və müvafiq qərar qəbul edilir. Həmin müddətdə ilkin araşdırma aparılmalı, məişət zorakılığı faktının mövcudluğu aşkar edildikdə, zərər çəkmiş şəxsin təhlükəsizliyinin təmin edilməsi üçün zəruri tədbirlər görülməli və məişət zorakılığı halının aradan qaldırılması ilə bağlı gələcək fəaliyyət müəyyən edilməlidir. Araşdırma aparmaq üçün əlavə materiallar tələb etmək və ya əlavə xüsusatları öyrənmək lazım gəldiyi hallarda, bu müəyyən edilmiş müddət 5 (beş) gündən çox olmayaraq uzadıla bilər. Məişət zorakılığı ilə bağlı daxil olmuş məlumatda göstərilən halların müəyyən edilməsi məqsədi ilə tərəflər ayrılıqda dinlənilir və müvafiq hallarda dərhal hadisə yerində araşdırma aparılır. Məişət zorakılığı barədə şikayətlərə baxılmasının nəticələrindən asılı olaraq, aşağıdakı qərarlardan biri qəbul olunur: məişət zorakılığı ilə bağlı hərəkətlər törətmiş şəxsə cinayət və inzibati məsuliyyət izah edilməklə, məişət zorakılığının təkrarlanmaması barədə xəbərdarlıq edilməsi və zərər çəkmiş şəxsə qısamüddətli mühafizə orderinin verilməsi; məişət zorakılığı ilə bağlı hərəkətlər törətmiş şəxsin valideynlik hüququndan məhrum edilməsi və ya valideynlik hüquqlarının məhdudlaşdırılması ilə bağlı məhkəməyə müraciət edilməsi; əməllərində cinayət tərkibi və ya inzibati xəta olan şəxsin cinayət və ya inzibati məsuliyyətə cəlb edilməsi barədə səlahiyyətli dövlət orqanlarına müraciət edilməsi; zərər çəkmiş şəxsə uzunmüddətli mühafizə orderinin verilməsi ilə əlaqədar məhkəməyə müraciət edilməsi; zərər çəkmiş şəxsin yardım mərkəzində sığınacaqla təmin edilməsi.

Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 158.1-ci maddəsinə əsasən, məişət zəminində iqtisadi xarakterli qanunsuz məhdudiyyətlərin tətbiqinə, yəni şəxs tərəfindən digər şəxsin onun mülkiyyətində, sərəncamında və ya istifadəsində olan əmlakdan, gəlirlərdən məhrum edilməsinə, iqtisadi asılılıq yaradılmasına, belə asılılığın saxlanılmasına və ya ondan sui-istifadə edilməsinə yönəlmiş hərəkətlərə görə- yüz manatdan üç yüz manatadək məbləğdə cərimə edilir".

"Məişət zəminində psixi zorakılığa, yəni şəxs tərəfindən digər şəxsə qəsdən psixi təzyiq göstərilməsinə və ya dözülməz psixi şərait yaradılmasına yönəlmiş hərəkətlərə görə- üç yüz manatdan beş yüz manatadək məbləğdə cərimə edilir.

“Məişət zorakılığının qarşısının alınması haqqında” Azərbaycan Respublikasının Qanunu ilə müəyyən edilmiş hallarda və müddətdə məişət zorakılığını törətmiş şəxsə məişət zorakılığının təkrarlanmaması barədə yazılı xəbərdarlığın edilməməsi və ya zərər çəkmiş şəxsə qısamüddətli mühafizə orderinin verilməməsinə görə – vəzifəli şəxslər üç yüz manatdan beş yüz manatadək məbləğdə cərimə edilir.

Qanunvericilikdə yalnız ağır və ya xüsusilə ağır cinayətin hazırlanmasını və ya törədilməsini bilərək həmin cinayət barəsində xəbər verməmə cinayət məsuliyyətinə səbəb olur: - min beş yüz manatdan iki min beş yüz manatadək miqdarda cərimə və ya iki ilədək müddətə islah işləri və ya iki ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır" - deyə o, əlavə edib.

Müəllif: Söylü Ağazadə

Bütün xəbərlər Facebook səhifəmizdə